Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:03

-

Naxçıvanda Dövlət Ehtiyat Fondundakı əkin torpaqları fermerlərə nəzərdə tutulandan baha qiymətə icarəyə verilir. Bu haqda AzadlıqRadiosuna bir qrup fermer məlumat verib. Fermerlərin bildirdiyinə görə, həmin qiyməti ödəməyənlər subsidiya və digər güzəştlərdən məhrum olunurlar.

Babək rayon sakini Məhəmməd Məmmədov bildirir ki, öz torpaqları əkinə yararsız olduğundan ötən payız fonddan 10 hektar torpaq götürüb. Babək sakini deyir ki, həmin sahə Naxçıvanın Dövlət Xəritəçəkmə Komitəsi və Kənd Təsərrüfatı Nazirliyində onun adına qeydiyyata salınıb. Məhəmməd Məmmədov deyir ki, torpağın icarə haqqını ödəmək istəyəndə, Babək rayon icra hakimiyyətində ondan dəyərindən bir neçə dəfə artıq pul istəyiblər. Babək sakini deyir ki, qanunsuz tələb olunan pulu ödəməkdən imtina etdiyinə görə, indi ona çatacaq subsidiyanı ala bilməyib:

«PREZİDENT ÇIXIŞINDA DEMİŞDİ Kİ...»

Bu il mənə çatacaq subsidiyanı və gübrəni icra hakimiyyətindəki məmurlar yedi...

«Prezident öz çıxışında demişdi ki, məmurlar dövlətin fermerlərə ayırdığı subsidiyanı mənimsəyirlər. Deyirdi ki, belə hal aşkarlansa həmin məmurları cəzalandıracaq. Mən demişəm onların adını. Həmin məmurlar Naxçıvanda oturub. Onların adını bir-bir yazmışam prezidentə. Niyə tədbir görmürlər? Bu il mənə çatacaq subsidiyanı və gübrəni icra hakimiyyətindəki məmurlar yedi. Deyirlər ki, hektar başına 80 manat ver, həm subsidiyanı, həm də gübrəni verək. Ən yaxşı, 1-ci tərəcəli torpağın icarə qiyməti hektara 20 manatdır. Mən götürdüyüm torpaq isə 3-cü dərəcəli, yəni daha ucuzdur. Qanuni sənəd, qəbz istəyirəm, vermirlər. Bir neçə dəfə aidiyyatı orqanlara şikayət etmişəm, faydası olmayıb. Başlı-başınalıqdı. Deyirlər ki, hara istəyirsən şikayət elə. Korrupsiya baş alıb gedir. Bu necə dövlətdir yaşayırıq?»

​Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən digər sakin isə torpaqların sadə fermərlərə baha icarəyə verilməsini səbəblərini bu cür izah edir:

«​TORPAQLARI ƏLİMİZDƏN ALMAQ İSTƏYİRLƏR»​

«​Əhaliyə paylanan torpaqların əksəriyyəti susuz, yararsızdır. Buna görə də heç kim əkmir. Əlac qalır fondda olan sulu torpaqlardan istifadə etməyə. Bu torpaqlar əkinə yararlı olduğundan yuxarı vəzifədə adamı olanlar götürüb əkirlər. Onlar buna görə fonda pul ödəmirlər, əksinə subsidiyalarını da vaxtında alırlar. Biz kasıblardan isə hektara 80 manat istəyirlər. Bunu verməyəndə güzəşti də vermirlər. Bu cür əkmək də sərf eləmir. 8 hektar yer əkmişəm, buna görə məndən 640 manat pul alıblar. Mən nə qazanacağam ki, həm bu pulu çıxarım, həm də ailəmi dolandırım. Belə olsa, gələn ildən əkməyəcəm. Elə, bu qaydanı tətbiq etməkdə məqsəd odur ki, heç kim əkməsin, bütün torpaqları özləri əksin. Onsuz da harada yararlı torpaq var, məmurlar qucaqlayıb. İstəyirlər ki, yerdə qalanını da bizim əlimizdən bu yolla alsınlar».

İLHAM ƏLİYEV: «​SUBSİDİYALAR ÜNVANINA ÇATMIR...»​

Babək rayon icra başçısının müavini Abbas Əliyev fermerlərin iddiası ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırmaq istəmədi.

Arxiv fotosu

Arxiv fotosu

Naxçıvan Muxtar Respublika Kənd Təsərrüfatı Nazirliyindən isə fermerlərin səsləndirdiyi bütün iddiaların yalan olduğunu bildirdilər. Nazirlikdən bildirdilər ki, Naxçıvanda istər torpaqların icarəyə verilməsi, istərsə də subsidiya və digər güzəştlər qanuna uyğun tənzimlənir.

Bir müddət öncə prezident İlham Əliyev fermerlərə subsidiyaların verilməsində şəffaflığın pozulduğunu bildirmişdi. O qeyd etmişdi ki, subsidiyalar ya ünvanına çatmır, ya da kimsə onları mənimsəyir. Preziden fermerlərə müraciət edərək bildirmişdi ki, bu cür halların qarşısını almaq üçün müvafiq qurumlarla əməkdaşlıq etsinlər.

Əkinçiliklə məşğul olan fermerlər hər hektar üçün 80 manat subsidiya, 80 kilo isə güzəştli gübrə nəzərdə tutulur.

XS
SM
MD
LG