Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:04

«Azərbaycanda müstəqil medianı dəstəkləyin»


Emin Milli
Emin Milli

-

Son repressiya dalğası Əliyevin siyasi gələcəyinə inamının getdikcə azaldığını göstərir, onun iqtisadi gücünün təməli də sarsılmaqdadır; Cənab Əliyevin atasının hakimiyyəti dövründə sürdürülən Rusiya ilə Amerika arasındakı balans siyasətindən sonra ölkə antiqərb yolunu qəbul edib və repressiyanı artırıb – 21 avqust Qərb mediasının icmalı.

«Dünyanın ən repressiv rejimlərindən olan Azərbaycan hökumətini tənqid etdiyimə görə iki dəfə həbsdə yatandan sonra Almaniyada yaşamağa başlamışam. Ancaq Azərbaycan hökuməti məni susdurmaq və qorxutmaq cəhdlərindən əl çəkmir. Bu yaxınlarda Berlində qəhvə içərkən öyrəndim ki, 23 qohumum məndən imtina edib və prezident İlham Əliyevə bu barədə məktub ünvanlayıb. Onlar məni Azərbaycana xəyanətdə ittiham edir, Əliyevə, onun daxili və xarici siyasətinə tam dəstək bildirirdilər».

ABŞ-ın «The Washington Post» qəzeti Meydan TV-nin icraçı direktoru Emin Millinin məqaləsini dərc edib. Müəllif daha sonra əmisi oğlunun, həmin məktubdan öncə qaynının həbs olunduğunu, özünün isə hökumətdən ölüm təhdid aldığını qeyd edir.

«Azərbaycan hökuməti niyə məni və ailəmi hədəfə alır? Çünki bir fəal olaraq Azərbaycanla bağlı həqiqəti söyləyən, Berlində mənzillənən müstəqil media orqanının- Meydan TV-nin əsasını qoymuşam. Ancaq tək deyiləm. Azərbaycanda həbsxanada çürüyən 100-dək siyasi məhbus var».

«Beynəlxalq media tez-tez Azərbaycana guya ictimai dəstəkdən dəm vurur. Əslində isə Əliyev xaricdə imicini cilalamaq üçün ölkənin neft sərvətindən yararlanır. Əliyev dekabrda Twitter-də yazıb ki, «Azərbaycan dünyada düşünülmüş islahatların uğurlu modeli kimi tanınır». Ancaq bu iddia hökumətin müxalifətçilərə, yazarlara və dissidentlərə qarşı azğın təzyiq kampaniyasına daban-dabana ziddir».

Müəllif ölkədə müxalifət jurnalistlərinin həbsə atıldığını, onların həbsdə döyüldüyünü, seçkilərin saxtalaşdırıldığını qeyd edir. Bir tərəfdən də azalan neft resursları mafiya-üslublu hökumətə əlavə təzyiq yaradır.

«On ildən çox bir müddət ərzində neftin yüksək qiymətləri Əliyev hakimiyyətini narazılıqdan qoruyub və bu status-kvonun saxlanması üçün əlverişli şərtlər yaradıb. Əliyev iqtisadi azadlıqlara imkan verməyib, sərvətin paylanmasının sonda siyasi rəqabətə yol açacağından qorxub».

«Son repressiya dalğası Əliyevin siyasi gələcəyinə inamının getdikcə azaldığını göstərir, onun iqtisadi gücünün təməli də sarsılmaqdadır. Azərbaycan hökuməti tədrici keçidin qarşısını almaq məqsədilə vətəndaş cəmiyyətini məhv edib. Hakimiyyət uğrunda yarışmaq gücündə olan liberal qruplar dağıdılıb».

Müəllif təzyiqlərə baxmayaraq, bəzi dissidentlərin işləməyə davam etdiyini, hətta kiçik müstəqil medianın belə mühüm transformasiya rolu oynaya biləcəyini yazır:

«Müstəqil medianı parçalamaqla, ona hücum etməklə Əliyev ölkənin gələcəyini və uzunmüddətli sabitliyini dağıdır. Bu səbəbdən Azərbaycanda və daha geniş anlamda postsovet məkanında müstəqil mediaya dəstək regionda avtoritarizmin artmasını əngəlləmək yolunda beynəlxalq ictimaiyyətin əsas prioritetlərindən biri olmalıdır».

Leyla və Arif Yunuslar
Leyla və Arif Yunuslar

AZƏRBAYCAN SSRİ DÖVRÜNƏ QAYIDIR

«İki tanınmış dissidentə qarşı hökm sovet keçmişini yada salır», bunu «The Economist» dərgisində oxuyuruq. Yazıda Leyla və Arif Yunuslara qurulan «məhkəmə şousu»ndan, baş verənlərin sovet dövrüylə oxşarlıq təşkil etməsindən bəhs olunur:

«Xanım Yunusun həbsxanadan məktubları Stalin dövründə yazıla bilərdi. «Ayağımdan sürüyərək məni heç bir izahat olmadan təkadamlıq kameraya saldılar. Arif deyir ki, ona da həbsinin ilk günlərində hücum ediblər», -Leyla Yunus yazırdı».

«Siyasi məhbus məsələsi avtoritar prezident İlham Əliyevin idarə etdiyi bugünkü Azərbaycan üçün yeni deyil. Ancaq Yunusların məsələsi özəlliklə sarsıdıcıdır. Onlar sovet dissident hərəkatının veteranları, ölkənin ən tanınmış insan haqları fəallarıdır. 1980-ci illərin əvvəllərində «samizdat» qəzeti üçün işləyiblər. 1980-ci illərin sonlarında xanım Yunus Mikhail Gorbachev-in «perestroyka» islahatlarının önündə gedib. 1990-cı ildə sovet tankları Bakıya girəndə o, milli müstəqillik hərəkatına rəhbərlik edib».

«The Economist» yazır ki, Yunusların təkbaşına cənab Əliyevə necə təhlükə yaratdığını anlamaq çətindir. Ancaq onların həbsi, görünür, digərlərinə də xəbərdarlıq məqsədi daşıyır.

Yazıda Qərbin susqun reaksiyasından da bəhs olunur: «Cənab Əliyevin atasının hakimiyyəti dövründə Rusiya ilə Amerika arasında illərlə davam edən balans siyasətindən sonra ölkə antiqərb yolunu qəbul edib və repressiyanı artırıb».

«Sovet klişelərinin bərpası xanım Yunusu məqsədlərinin təsviri üçün köhnə şüarı səsləndirməyə vadar edib. Həmin şüardan 1968-ci ildə Çexoslovakiyanın işğalı zamanı sovet dissidentləri istifadə edərdi: «Sizin və bizim azadlığımız uğrunda». Yunusların işi Rusiyada liberallar da daxil olmaqla az hissənin diqqətini çəkib. Kremlyönlü bir sayt Qərbi işi siyasiləşdirməkdə ittiham edib. Moskvada belə şeylərdən başları çıxır».

XS
SM
MD
LG