Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:12

-

«Evliliyinin 37-ci ildönümündə Leyla Yunus bir reallıqdan digərinə sürükləndi. Azərbaycanın tanınmış insan haqları fəalı, Sülh və Demokratiya İnstitutunun rəhbəri 2014-cü il iyulun 30-da həbs olundu. O, vətənə xəyanət, fırıldaqçılıq, saxtakarlıq, vergidən yayınma və qanunsuz sahibkarlıq fəaliyyətində ittiham olundu. Yeddi həftədən sonra həbsxanada bərk döyüldü və sol gözü görmə qabiliyyətini itirdi. Dekabrın 11-də onu ayağından sürüyərək, heç bir izahat vermədən təkadamlıq kameraya saldılar». ABŞ-ın nüfuzlu «The Washington Post» qəzetinin avqustun 16-da dərc etdiyi redaksiya məqaləsində belə deyilir.

Yazıda 59 yaşlı Leyla Yunusun diabetdən əziyyət çəkdiyi, əri, tarixçi Arif Yunusun da oxşar ittihamlarla həbs olunduğu qeyd olunur. Arif 60 yaşını həbsxanada keçirib və yüksək qan təzyiqindən əziyyət çəkir. Bir-birini bir ilə yaxın görməyən cütlük nəhayət məhkəmədə görüşüb. Məhkəmə xanım Yunusa 8 il yarım, ərinə isə 7 illik həbs cəzası kəsib.

TƏNQİD EŞİDƏN DEYİL

«Onların səhhətini nəzərə alsaq, hökmlər ölüm cəzası deməkdir. Son bir il yarımda jurnalistlərə, hüquqşünaslara və insan haqları fəallarına qarşı qisas yolunu tutan prezident İlham Əliyev 100-dək şəxsi qurama ittihamlara həbsə atdırıb. İndi isə açarları da kənara tullayır, bu şəxsləri birdəfəlik susduracağına ümid edir», - məqalədə deyilir.

«Həbs olunanadək Yunuslar cəsur alim və fəallar qrupunun üzvləri idi. Onlar şəxsi nümunələrində sovet erasının qəddarlığının, qapalı sisteminin bitdiyini göstərməyə çalışırdılar. Leyla Yunus Azərbaycanla Ermənistan arasında boşluğu doldurmağa çalışırdı. Arif Yunus Dağlıq Qarabağ münaqişəsinin ardıcıl və diqqətli salnaməçilərinin birinə çevrilib. Vicdanla çalışmalarına baxmayaraq, Yunuslara saxtakar və Ermənistanın xarici agentləri damğası vurulub və indi qəddar avtokratın şıltaqlığı nəticəsində həbsdə çürüyürlər».

«Təəssüf ki, cənab Əliyev tənqid eşidən deyil. Xarici İşlər Nazirliyinin sözçüsü hökmlərdən sonra elan edib ki, Azərbaycanda «məhkəmələrin müstəqilliyi və hüququn aliliyi tam təmin olunub». Bu cəfəngiyatı azacıq utanc hissi olmadan dilə gətirirlər», - məqalədə oxuyuruq.

CƏNAB ƏLİYEVƏ SÜBUT ETMƏK

«Xanım Yunus Meydan TV-yə son məktubunda acı həqiqəti yazıb, bildirib ki, onlara qarşı ittihamlar saxtalaşdırılıb və «yuxarı»dan sifariş olunub. «Əzablı-əziyyətli fiziki məhvimizi planlaşdırıblar. Niyə? İstəyirlər əzab və ölümümüz hamıya dərs olsun. Yaxşı tanınan ailənin məhvinin qarşısı alınmadısa, deməli, qalanları da məhv etmək çətin deyil. Vətəndaşların ürəyinə qorxu salınmalıdır. Qorxu və ümidsizlik»».

«Leyla və Arif Yunusların daşıdığı azadlıq məşəlinə hörmət edənlərin hamısı cənab Əliyevə tam yanlış yolda olmasını sübut etmək üçün çalışmalıdır», - «The Washington Post»un redaksiya məqaləsi bu sözlərlə bitir.

Hakimiyyət ölkədə siyasi motivlərlə heç kəsin həbsə atılmadığını, fərdlərin konkret cinayətlərə görə cəzalandırıldığını bildirir. Rəsmi «Azərbaycan» qəzeti ötən həftə «The Washington Post», «Guardian» kimi nüfuzlu media orqanlarını ölkəyə qarşı kampaniyaçılıqda, Bakıyla Qərb arasında «atəşkəs»i pozmaqda ittiham edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG