Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 03:55

Bu şəhərdə günün günorta çağı da hamı yatır


Kiyan Xiyav
Kiyan Xiyav

- Arazın o tayından

Kiyan Xiyav

Dörd şeir

susənbər

Düşüncələrdən soyuqdur duyğular

İnanmasan serçələrdən soruş

Göylər sadəcə sonsuz bir boşluqdur

Uçaq tüstüsü

Buludlarla dəyişik düşə bilir.

Göylərdən gələn ən önəmli xəbər

Yalnız yağışdır

Bunu bitkilərdən soruş

və yağışı qurudur qıtlıq illəri

Susənbər kərtisini

Bir hörümcək poza bilir.

İndi ha söylə yaşasın barış və qardaşlıq!

Barış adsız və imzasız bir məktubdur

Gecə yarıları gedir adressiz qapılara

və qardaşlıq sadəcə bir tikə buludla

Bir sürü uçaq tüstüsünün öyküsüdür göydə.

İnanmasan

Buyur bizim həyətdəki qıtlıq illərini pozğun yaşayan

Qəmli susənbər kərtisindən soruş!...

bir şıltağın unudulmuş sözləri

Nahara mütləq bizdə olmalısan!

Qapını açıq qoyacağam,

Zəng vurmaq lazım deyil!

Başmaqlarını gətir içəriyə!

Kapşənini... yox, qoy onu mən çıxardım!

Qabaqca bu şirnini ye, bu çayı iç!

Bağışla, evdə səs sistemi yoxdur

Ancaq elə belə ləzgi oynayacağam!

Mən xiyaban ortasında səninlə oynamalıyam!

Qorxma, koridorda kimsə yoxdur!

Bu şəhərdə günün günorta çağı da hamı yatır

Oğlanlar da bu otaqda yatıblar

Necə də gicbaşdırlar bunlar!

İrmi dörd saat borcun var mənə ancaq

Bir öpüş, bir üç öpüş də olsa yetər!

Hava qəribə istidir, köynəyini çıxartsana!

Məni sıx- sıx bağrına bas!

Nə gücün var sıx məni, sıx, sıx, aaaay, sıxma!

İstədiyin qədər ye, iç bu gövdə, bu candan, və get

Yox, getmə, dur

Yox, get, durma!

Hava qəribə gözəldir

Bu gecə mənim üç metirlik otağıma

Bir göy ulduz anbarı uçacaq yəqin!

Səni pəncərə qırağında gözləyəcəyəm bu gecə

və sabah, və biri gün, və ölənədək!

Toğrol quşum, hardasan?!...

küpəgirən qarı

Başımda iki kəlləm var

İki arvad alacağam!

əlimin xətləri səksən bir oxunur

dörd arvad alacağam!

Susənbər yarpaqlarını çox sevirəm

Baharda doğulmuşam!

Sarı alma çox yeyirəm

Payızda doğulmuşam!

On iki liderin adını bilirəm

Beheştə gedəcəyəm!

Doqquzla onu dəyişik salıram

Bərzəxdə dayanacağam!

On üçüncü ədəd nəhsdir deyirəm

Cəhənnəmdə yanacağam!

Uçanlardan gecə quşunu sevirəm

Günəş soyundanam!

Qaçanlardan ala ceyranı sevirəm

Gecə soyundanam!

Boyalardan qırmızını bəyənirəm

Çox güləyən adamam!

Buludları günəşdən üstün tuturam

Çox ağlağan adamam!

Həyatı sevmirəm

Demək sevirəm!

Ölümdən qorxmuram

Demək qorxuram!...

-qaraçı qadınları sevirsənmi?

-mən hamını sevirəm.

-falçı qadınları necə? Sevirsənmi?

-itil gözümün önündən

Küpə girən falçı qarı!...

bir cüt qərənfil

Müsafir maşını saxladı:

“ağa, rahe ərdəbil əz kodum vəre?!”

Şıx Nəsrulla yumulub çımxırdı kı:

“cəhənnəm ol, sənin pasportun hanı?!”

Şıx Nəsrullanın səsindən

Bir də gördüm qarşıda bir duvar gəldi

Mədrəsədən qayıdan bir qız uşağının başına.

Toz qalxdı, sükut çökdü

Kəssəklərin arasında bir cüt qərənfil gül açdı

Biri qan, biri qırmızı.

Kitablar səpələndilər

Bir cüt parantez açıldı

Biri açıq, biri bağlı

Ortasında bir millətin cəsədi!

Şıx Nəsrullaya başımı tovladım:

“bu nə işdir?!”

və Şıx Nəsrulla yox idı arada.

Qərənfillər yıxıq bayrağa dönmüşdü

Biri qan, biri qırmızı!...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG