Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:50

.

TARİF ŞURASI EYNİ DƏRMANA FƏRQLİ QİYMƏT QOYDU

Adını söyləməyən, Bakıdakı 505 saylı aptekdən dərman alan təqaüdçü qadın deyir ki, dərmanın qiymətlərinin düşüb-düşməməsi sentyabrda bilinəcək: “Sentyabrın 15-dən sonra görəcəyik ki, həqiqətən qiymətlər düşüb ya yox”.

Məsələ bundadır ki, Tarif Şurası iyulun 30-da 250-dən çox dərman vasitəsinin qiymətini təsdiqləyib. Qiymətlərlə bağlı qərar sentyabrın 15-dən qüvvəyə minəcək. 250 dərman ölkənin hər bir aptekində eyni qiymətə satılmalıdır.

Şuranın məlumatında deyilir ki, siyahıldakı 250 dərmandan 50-dən çoxunun qiyməti 3 dəfə, 100-dən çox dərmanın isə qiyməti yarıdan çox azaldılıb.

Siyahıya baxanda qiymətin kəllə-çarxa vurduğunu açıqça görmək olur. Məsələn, Ukrayna istehsalı olan Proneyro dərmanı qramından asılı olaraq 50-60 manata satılırsa, Tarif Şurası onun sentyabrın 15-dən sonra onun 7-8 manat olacağını bildirir.

Və ya həm Almaniya, həm ABŞ istehsalçılarının təklif etdiyi Liprimar indi 21-28 manatdırsa, sentyabrdan alman məhsulu 10 manat 25 qəpiyə, Amerika malı 5 manata satılmalıdır.

DƏRMAN ŞİRKƏTLƏRİNİN CAVABI: “SABAH ZƏNG EDİN!”

Bu dəfə üz tuturuq apteklərə, onlar qiymətdə bu fərqi nəylə izah edirlər. Cavablar eynidir: “Avromed”lə danışın, “Azərmed”dən soruşun. Azərbaycanda aptekləri dərman preparatı ilə təmin edən əsasən bu iki şirkətdir.

Maraqlıdır ki, hər iki şirkətdən də eyni cavablar gəlir: “Bu işə baxan şəxs indi yerində yoxdur, sabah zəng vurun”.

“İRANDA 20 MANATA ALIRAM, AZƏRBAYCANDA 150 MANATA”

İndi də üzümüzü tutaq vətəndaşa. İranda müalicədən qayıdan Əsəd Abbasov deyir ki, dərmanın ucuzlaşacağına qəti inanmır:

“Orda dərman bizimkilərdən güclüdür, qiymətdə də ki, ucuz. Orda bizim pulla 20 manata aldığım dərmanı 150 manata alıram. Necə olur İranda 20 manatdır, bizim dövlətdə 150 manat? Çətin ağlım kəsir ki, Azərbaycanda qiymət sentyabrdan düşsün. Azərbaycanda qiymətin qalxmaq söhbəti olub həmişə”.

Bakı sakini Fariz Orucov da indi hər aptekdə bir qiymət oxunduğunu söyləyir: “Aptekdən aptekə qiymət dəyişir. Bu alıcıları narahat edir. Ancaq konkret bir qiymət olsa, dövlət bunu tənzimləsə, gedib ucuzunu axtarmayacağam. Biləcəm ki, hər yerdə eyni qiymətədir, müddətiylə bağlı qarantiyası da var”.

Haşım adlı gəncsə ona diqqət çəkir ki, aptek var dərmanı ucuz satır, amma orda hər dərmanı tapmaq olmur, elə aptek var hər cür dərman var, qiymət də ceyran belində. Ona görə də Fariz Orucovdan fərqli olaraq Haşım sentyabrdan bütün apteklərdə eyni qiymət tətbiqinə inanmır.

EKSPERT: “BU QƏRAR DƏRMAN ŞİRKƏTLƏRİNI SIRADAN ÇIXARA BİLƏR”

"Təbii ki, mayası 5 manata olan dərmanı 60 manata satmaq isafsızlıqdır, vicdansızlıqdır”, iqtisadçı Natiq Cəfərli belə deyir. Amma dərhal da əlavə edir ki, ilk növbədə bunu yaradan səbəbləri aradan qaldırmaq lazımdır. İqtisadçı hesab edir ki, dövlətin dərman qiymətlərini inzibati qaydada tənzimləməsi dar zaman kəsiyində effekt verə bilər, sonra əks-effekt yaradacaq. Onun qənaətincə, dövlət ilk növbədə rəqabətli mühit yartamalıdır:

“Rəqabətli mühit yaradılandan sonra bazarda tələbat, alıcının dərmanı 60 manata almaq gücü varsa o artıq başqa məsələdir. Amma ölkəyə həmin dərmanın gətirilməsi gömrükdə sənədləşdirilərsə, yaranan maneələr aradan qaldırılarsa, onu ölkəyə bir yox, 5 şirkət gətirəcək. Onda da rəqabət yaranacaq və qiymət enəcək.

​Başqa bir yol, ölkədə dərman istehsalı yoxdursa bu sahədə gömrük rüsumu ləğv edilməlidir. Yəni, normal yanaşmanın qaydası belədir. Qiymət elan etməklə iş bitmir.

Hər şeyi tək dərman şirkətlərinin üzərinə yükləsək, onlar da dərmanı gətirməyəcəklər və ya analoqu olan ucuz, keyfiyyətsiz dərmanlar gətiriləcək. Bu da insanların sağlamlığına mənfi təsir edəcək”.

Natiq Cəfərli deyir ki, qonşu Türkiyə uzun götür-qoylardan sonra bu məsələni belə yoluna qoydu: tibbi sığortanı tətbiq etdi, gömrük qaydalarını dəyişdirdi və indi ölkədə minlərlə şirkət dərman bazarında fəaliyyət göstərir.

Ekspertə görə, Azərbaycanda dərman bazarında fəaliyyət göstərəcək barmaqla sayılacaq qədər şirkət var və onlar da bu qaydalardan sonra sıradan çıxacaq. Üstəlik də sovet dönəmində olduğu kimi keyfiyyətli dərman axatranlar üçün qara bazar işə düşəcək. Natiq Cəfərli söyləyir ki, hökumətin qərarı ilk baxışdan pozitiv görünsə də, gələcəkdə daha ciddi problemlərə yol aça bilər.

QİYMƏT QALXANDA QƏFİL, ENƏNDƏ 45 GÜNƏ ENİR

Azərbaycanda dərmanın bahalığı və saxta dərmanlar mövzusu daimi müzakirə mövzularındandır. Hətta bəzi araşdırmalarda bu bazarın prezident ailəsinə yaxın çevrələrin monopoliyasında olmasına dair iddialar var.

Bu ilin yazında isə prezident İlham Əliyev müşavirələrin birində dərmanın qiymətinin çox baha olduğunu deyəndən sonra rəsmilər qiymətlərə yenidən baxılacağını söyləməyə başladılar. Amma Tarif Şurasının bu qərarı prezidentin qınağından 6 ay sonra qüvvəyə minəcək.

Yer gəlmişkən, sosial şəbəkələrdə Tarif Şurası bu qədər ləngliyə görə də tənqid edilir. Fəallar qeyd edirlər ki, bu Şuranın qiymət artımı ilə bağlı qərarları bir neçə saata qüvvədə olur. Amma dərmanın qiymətinin azaldılması qərarı nədənsə, 45 gün sonra qüvvəyə minəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG