Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:42

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ehtiyac varmı?


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

Azərbaycan Konstitusiyasına görə, din dövlətdən ayrıdır. Yəni dövlət dini sferaya, din isə dövlətin işlərinə qarışmamalıdır. Amma, rəsmilər deyirlər ki, ölkəyə kənardan dini təsirlər artdığından bu sahədə vəziyyətə nəzarət edilməsinə zərurət yaranıb. Bu üzdən də 1997-ci ildən «Dini etiqad haqqında» qanuna düzəlişlər edilib, bir neçə il sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Amma, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasını dini etiqad azadlığına məhdudiyyət kimi qiymətləndirənlər də, hətta bu sahədəki qarışıqlığı aradan qaldırmalı olan qurumun gərginliyi artırdığını iddia edənlər də var.



ABŞ-ın Azərbaycandakı səfiri Ann Dörsi isə noyabrın 16-da Bakıda «Tolerantlıq günü» ilə bağlı keçirilən konfransda bildirdi ki, onun ölkəsində dini qurumlar qeydiyyatdan keçmir. Diplomatın qənaətincə, bir gün Azərbaycan hökuməti də dini qurumlara nəzarət edəcək Komitəyə ehtiyac olmayacağı qənaətinə gələ bilər. Xanım Dörsi hətta Azərbaycan hökumətini dini məsələlərin tənzimlənməsində daha uzaqgörən və diqqətli olmağa çağırdı.


«Din pərdəsi altında dağıdıcı qüvvələr də, təxribatçılar da, kəşfiyyatçılar da var. Dəfələrlə belə hallara rast gəlinib. Bu mənada profilaktik işlərin görülməsi üçün Dövlət Komitəsi lazımdır»
Bu fikrə dərhal münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Komitənin də buna çalışdığını, hələlik belə bir quruma ehtiyac olduğunu dedi: «Bunun üçün də ölkədəki dini qurumlarla iş elə qurulmalı, dini etiqad elə təmin olunmalı, ekstremist meyllərə yol olmamalıdır ki, nə zamansa ABŞ modeli Azərbaycanda da gerçəkləşsin».


Bir müddət öncə BMT-nin Azərbaycandakı nümayəndəsi Marko Barsotti də ölkənin dini mühitinə beş dövlət tərəfindən müdaxilə olunduğunu söyləmişdi. MTN-nin sabiq zabiti, Təhlükəsizlik Araşdırmalar Mərkəzinin rəhbəri İlham İsmayılın qənaətincə, elə bu baxımdan da dini sferaya nəzarət edən dövlət qurumun olması çox vacibdir. Hətta o Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətlərinin artırılmasını düşünür: «Söhbət təkcə vicdan azadlığından getməməlidir. Din pərdəsi altında dağıdıcı qüvvələr də, təxribatçılar da, kəşfiyyatçılar da var. Dəfələrlə belə hallara rast gəlinib. Bu mənada profilaktik işlərin görülməsi üçün Dövlət Komitəsi lazımdır. Düzdür, Milli Təhlükəsizlik Nazirliyi buna nəzarət edir. Amma MTN prosesə son anda müdaxilə edir. Bəzən gərginlik və qalmaqal yaratmamaq üçün bəzi işlər Dini Komitənin vasitəsi ilə görülür».


Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadənin məsələyə münasibəti isə belə oldu: «İndi dəb alıb, hamı Amerika deyəni deyir. Mən olmuşam Amerikada. Bəs patriarx nə üçündür? Patriarxı dövlət maliyyələşdirir, əhalinin ödədiyi vergi hesabına. ABŞ-da üzdə dini komitə yoxdur. Amma, dini idarəni elə qurublar ki, onu əvəz edir...» Ancaq, yaranmış vəziyyətə, yəni dini icmalarla dövlət qurumu arasında yaranmış gərginliyi azaltmaq və nizamlamaq deyəsən Milli Məclisin üzərinə düşüb. Parlamentin İnsan Haqları komissiyası «Dini etiqad azadlığı haqqında» qanun üzərində işləyir. Komissiya sədri Rəbiyyət Aslanova hesab edir ki, dini durumu, konfessiyalar arasındakı münasibətləri tənzimləyəcək, ölkəni kənar dini təzyiq və təsirlərdən qoruyacaq sənədin ortaya çıxması vacibdir. Millət vəkili deyir ki, bununla hansısa qurumu ləğv etməyəcəklər, sadəcə, həm Qafqaz Müsəlmnaları İdarəsinə, həm də Komitəyə dayaq olacaq sənəd ortaya qoymaq istəyirlər. Komissiya sədri etiraf edir ki, yenə də hamını razı salacaq qurumun yaradılması mümkün olmayacaq. Hər halda, bu müzakirələr hələ bir müddət davam edəcək. Yeni qanun layihəsi isə parlamentin müzakirəsinə gələn il çıxarılacaq.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG