Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:37

ABŞ dövlət katibi John Kerry 2015-ci il üçün İnsan Trefikinqinə dair Hesabatı təqdim edib.

ABŞ dövlət katibi John Kerry 2015-ci il üçün İnsan Trefikinqinə dair Hesabatı (2015 Trafficking in Persons (TIP) Report) təqdim edib.

ABŞ-ın Trefikinq Qurbanlarının Müdafiəsi Qanununa (Trafficking Victims Protection Act -TVPA) uyğun olaraq hazırlanan illik hesabat dünya boyunca hökumətlərin insan qaçaqmalçılığı və müasir quldarlıqla mübarizəsini qiymətləndirir.

Sayca 15-ci olan builki hesabatda dünyanın 188 ölkəsi və ərazisindəki vəziyyət əksini tapıb.

Hesabatın açıqlanması mərasimində cənab Kerry müasir quldarlıqla qlobal mübarizəyə xüsusi töhfə vermis “Hesabat qəhrəmanlarını” – 8 kişi və qadını təqdim edib.

Bu ilin hesabatında başlıca diqqət qlobal bazarda insan trefikinqinə yönəldilib.

Kerry: “Arxayınçlıq vaxtı deyil”

Sənəddə insanların iş axtararkən düşə biləcəkləri risklərdən söz açılır, hökumətlərin bu istiqamətdə fəaliyyəti üçün tövsiyələr verilir.

Elə bu an Yer kürəsi boyunca insan trefikinqinin qurbanları qaçıb qurtarmaq, qorxusuz yaşamaq və yaşamaq üçün qazanmaq barədə düşünürlər

Hesabatda hökumətlərə qlobal təchizat sisteminin şəffaflaşdırılması tövsiyə olunur.

"Burada əsas məqam budur ki, arxayınçılıq vaxtı deyildir. Elə bu an Yer kürəsi boyunca insan trefikinqinin qurbanları qaçıb qurtarmaq, qorxusuz yaşamaq və yaşamaq üçün qazanmaq barədə düşünürlər” – deyib dövlət katibi.

Trefikinq hesabatı ABŞ hökumətinin dünya hökumətləri ilə münasibətlərində insan qaçamalçılğının qarşısını almaq üçün başlıca diplomatik alətidir.

Bu, həmçinin insan trefikinqinə qarşı hökumətlərin göstərdikləri səylər barədə ən geniş və hərtərəfli məlumat bazasıdır.

Məhz buna görə də hesabatda hər bir ölkəyə ayrıca bölmə həsr olunub.

Ermənistan reytinqdə 1-ci, Azərbaycan ikinci dəstəyə düşüb

İnsan qaçaqmalçılğı reytinqinə görə ölkələr üç dəstəyə bölünürlər.

Birinci dəstəyə (Tier 1) Trefikinq Qurbanlarının Müdafiəsi Qanununun minimumlarına tam riayət edən və qaçaqmalçılığa qarşı səmərəli mübarizə aparan hökumətlər daxil edilib.

Nəinki Cənubi Qafqazdan, hətta keçmiş SSRİ-dən birinci dəstəyə yalnız Ermənistan aid edilib. Bütün Avropanın əksər ölkələri bu dəstədədirlər.

İkinci dəstəyə (Tier 2) Azərbaycan da istisna edilməməklə, əksər keçmiş sovet respublikaları, o cümlədən Gürcüstan daxil ediliblər. Bu qrupdakı ölkələr Trefikinq Qurbanlarının Müdafiəsi Qanununa tam riayət etməsələr də, insan qaçaqmalçılığına qarşı mübarizədə əhəmiyyətli səylər göstəriblər.

Üçüncü dəstədə isə sözügedən qanunun minimum standartlarına cavab verməyən və heç bir səy göstərməyən ölkələr qərar tutub. Rusiya, Belarus, İran və Suriya bu qrupa salınıb.

Azərbaycan həm mənbə, həm tranzit, həm də mənzildir

Hesabatın Azərbaycana aid hissəində bildirilir ki, bu ölkə məcburi əməyə və seks trefikinqinə cəlb olunan kişi, qadın və uşaqlar üçün mənbə, tranzit və mənzil rolunu oynayır.

Azərbaycanlı kişilər və oğlanlar Türkiyə, Rusiya və Ərəb Əmirliklərində məcburi əməyə məruz qalırlar.

Bununla yanaşı, Azərbaycan həm də Çin, Rusiya, Türkiyə və Özbəkistandan əmək trefikinqinə məruz qalanların mənzil ölkəsidir.

Türkiyədən, Avropanın bəzi ölkələrindən, Cənubi və Mərkəzi Asiyadan olan qurbanlar Azərbaycanda məcburi əməyə cəlb olunurlar.

Bu mənada Azərbaycan həm də Mərkəzi Asiyadan Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və İrana seks və əmək trefikinqi qurbanlarının nəqli üçün tranzit ölkə funksiyasını daşıyır.

“Filippinli qulluqçular” problemi

Hesabatda qeyd olunur ki, Azərbaycanda, xüsusilə də “qaraçı” əsilli şəxslər dilənçiliyə, yolkənarı çayxana və şadlıq evlərində qul kimi çalışmağa məcbur edilirlər.

Ev qulluqçuları kimi çalışan Filippin qadınlarının məsələsi Azərbaycanda yenicə zühur etməyə başlayan problemdir.

Qeyd olunur ki, Azərbaycan insan qaçaqmalçılığına qarşı mübarizədə əhəmiyyətli tərəqqiyə nail olub.

Masallı "qul bazarı" (Arxiv)

Masallı "qul bazarı" (Arxiv)

Hökumət bu hallara qarşı cinayət-təhqiqat işlərinin və mühakimələrinin sayını artırıb, trefikinqə qarşı qanunvericilik aktları qəbul olunub.

Hökumət 2014-cü ildə seks və əmək trefikinqi ilə bağlı 23 halın istintaq edildiyi barədə məlumat verib. 2013-cü ildə belə halların sayı 17 olaraq göstərilirdi.

Azərbaycanda 2014-cü ildə 26 insan qaçaqmalçısı məhkum edilib. Halbuki 2013-cü ildə bu rəqəm cəmi 5 idi. Sözü gedən 26 nəfərdən 21-i azadlıqdan məhrumetmə cəzası alıb.

Azərbaycana aid bölümdə xatırladılır ki, ölkədə geniş yayılmış korrupsiya insan nəqlinə qarşı mübarizyə də əngəllər törədir.

Ermənistan – qadın və uşaq nəqlinə mənbə ölkədir

Hesabatda birinci dəstəyə aid edilmiş Ermənistan kişi, qadın və uşaq qaçaqmalçılığı üçün əsasən mənbə ölkə kimi xarakterizə olunub.

Qeyd olunur ki, qadın və uşaqların seks məqsədilə Birləşmiş Ərəb Əmirlikləri və Türkiyəyə nəqli ilə yanaşı, onların ölkə daxilində də istismarı artan problemə çevrilib.

Çindən seks məqsədilə qadınların nəqli Ermənistanda ilk dəfə 2014-cü ildə qeydə alınmış problemdir.

Hesabata görə Azərbaycandan fərqli olaraq Ermənistanda trefikinqlə bağlı cinayətlərin azalma tendensiyası qeydə alınıb.

Azərbaycanlılar Gürcüstanın seks sənayesində

Azərbaycanla birlikdə 2-ci dəstəyə aid edilmiş Gürcüstana aid bölüm həm də Azərbaycanla bağlı olduğu üçün maraqlıdır.

Hesabatda bildirilir ki, Gürcüstan qadınları seks məqsədilə Türkiyəyə və daha az miqyasda Çin, Misir, Yunanıstan və Ərəb Əmirliklərinə nəql olunurlar.

Bu da bildirilir ki, Azərbaycandan və Mərkəzi Asiyadan olan qadınlar Gürcüstanın Batumi kimi turist ərazilərində kommersiya seks fəaliyyətinə cəlb olunurlar.

Hesabat müzakirəyə açıqdı. Fikirlərinizi yazıb, müzakirə edə bilərsiz

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG