Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:09

-

Şakir Xanhüseynli

Biləsuvar rayonu, müəllim

QEYRİ-MÜƏYYƏNLİK...

Arğın-yorğun sərələnib çarpayıya...

Nə irəli yolu var, nə geri...

Gülməkdən də olub, ağlamaqdan da...

Çoxdandı belədi.

Dəqiq nə vaxt?

ZAMAN BURDA ÖNƏMSİZ,

zatən,

kimsə də sorumlu deyil başına gələnlərdən;

yəni ”O VURDU MƏN YIXILDIM” deyə bilməz.

Bütün sıxıntılar onda ilk baxışda səbəbsiz-filansız yaranır;

ayağı burxulur, ya daşa dəyir-ağrı yox,

qolu-qıçı əzilir hakəza.

FİZİKİ ZƏRBƏLƏRƏ TABI ÇOX - ONLARI DUYMAYACAQ QƏDƏR!

Məkanla da bağlı deyil onun bu halı -

yaşıl otluqda gəzsin şehli çiçəklərin üstüylə,

güldən-gülə qonan kəpənəklərin sirli uçuşuna dalsın -

fərq etməz -

elə bil qaratikanlıqda addımlayır,

əli qapı arasında qalmış kimi həmişə zülmdə.

Zülm dedim;

BƏS ZALIM KİM?

Tez-tez işlətdiyi söz:

ürəyim açılmır, əzalarım ayrıc - ayrıc, pambıq kimi didilirəm və s.

Xülasə…

Nəsə bəlli bir ünvana getdiyi yox…

QEYRİ-MÜƏYYƏNLİK yıxıb onu, sıxıb, yorğan-döşəyə salıb,

sürüyür, xırpalayır, qüvvəsini alıb heçliyə aparır;

bir səmti, bir yönü yox-

onun dünyasının bir yanı yox…

***

Siz ,

şeirlərin

birdən

öz-özündən

sanki od aldığını,

tüstüləndiyini,

elə bil

sözlərin çırtaçırtla yandığını

heç görməmisiz?!..

***

...bizi ki belə parçaladılar-

parçalandı hər parçamız

parçalandı hər parçamızın parçası

parçalandı hər parçamızın parçasının parçası

parçalandı hər parçamızın parçasının parçasının parçası

parçalandı hər parçamızın parçasının parçasının parçasının parçası

parçalandı hər parçamızın parçasının parçasının parçasının parçasının parçası...

AQRESSİYA

Aqressiya-

ocaqların tüstüsü daha çox acı, gözyaşardıcı,

məhbəslər daha çox məhbus gözləyir...

Çiyninə aldığın yük öz-özünə ağırlaşır,

yol uzanır, qısalır səbr...

Aqressiya-

salam verirsən ha kiməsə

düz-əməlli bir əleyki qalıb şansına...

Elə bərk açılır-örtülür qapılar da

deyirsən dabandan oldu...

Aqressiya-

budaqları şapalaqlayır yarpaqlar,

sanki sular da

axır sağ-solunu “döyə-döyə”,

günəş, istisiylə hədələyir yer üzünü

və hava

az qalır adamı boğa...

ANLAŞILMIR...

dəyərin nə qədərdir?

əsas odu özün özünü dəyərləndirəsən

inanmırsan-iki quruşa dəyməzin biri hörmətə minib

çapır...

həyat pisliklərlə eybəcərləşdirilir

anlaşılmır: insanlıqda payı yox pay bölgüsündə birinci

sözləri boş köpük-köpürə-köpürə danışır

bax ha qanan qanmaza möhtac

gör də heç kəs heç kəsin oxumur kitabını

zəmanə qarış-bulaş

anlaşılmır: sular durulduqca çayın dibinə lil çox çökür

ürəklər təmizsə bu çirkinliklər hardan

əskiklərin artıqlığı-anlaşılmır

kimsə dilini itiləyib doğrayır biçir,qabalığını ütüləyib... zərifləşir guya

kimsə ilan kimi qabıq qoya-qoya gedir

kimsə qabıq qoyur,ancaq ilan kimi yox

kimsə çəkir

kimsə çəkdirir

kimsə elə qəlbigeniş ki deyirsən bütün dünyanı alacaq ağuşuna

kimsə əfi-quyruğunu bir balaca tapdadınmı...

anlaşılmır-az çoxu basmarlayır

və bizim olan bizim deyil-

heç anlaşılmır...

Günün bütün mövzuları

XS
SM
MD
LG