Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:55

"Azərbaycan kimi ölkələrdə isə... daha çətindir"


Alman-Azərbaycan tərcümə emalatxanası
Alman-Azərbaycan tərcümə emalatxanası

-

"Almaniyada sənətçilər üçün möhtəşəm bir sosial sığorta imkanı var. Sənətçilər digər peşələrdəki kimi sağlamlıq və pensiya sığortasına sahib ola bilirlər"

"Azərbaycan ədəbiyyatının Almaniyada yayılması şansını çox yüksək dəyərləndirməzdim..."

Müstəqil tərcüməçi Tomas Brovo ilə müsahibə

Goethe İnstitutu başda olmaqla...

Goethe İnstitutunun dəstəyi ilə Bakıda, Azərbaycan Dillər Universitetinin Alman Oxu Zalında, 13-16 iyul tarixlərində gerçəkləşən “Alman-Azərbaycan tərcümə emalatxanası”nda Almaniyadan peşəkar tərcüməçi Tomas Brovo da iştirak edirdi.

Emalatxananın işi, tərcüməçilk peşəsi və Almaniyada çap imkanları haqqında onunla tərcüməçi Məsumə Əhədovanın qısa söhbətini Oxu Zalının oxucularına təqdim edirik.

- Cənab Tomas, Goethe İnstitutunun Bakıda təşkil etdiyi bədii tərcüməçilər üçün Alman-Azərbaycan emalatxanasında iştirak etmisiniz. Bu emalatxananın keçirilməsində məqsəd nə idi?

Tomas Brovo Bakıda tərcümə emalatxanasında
Tomas Brovo Bakıda tərcümə emalatxanasında

- Tərcüməçilərin bədii tərcümə məsələsində, həmçinin tərcümə prosesi zamanı həmkarları ilə fikir mübadiləsi etməsi çox vacib və faydalıdır.

Bu emalatxananın keçirilməsindəki məqsəd alman dilindən Azərbaycan dilinə tərcümə edən bədii tərcüməçiləri bir araya toplamaq, fikir mübadiləsi üçün zəmin yaratmaq idi.

Mənim fikrimcə çalışmalar çox produktiv oldu, ilk baxışdan mükəmməl görünən tərcümələrdə belə, nöqsanlar ortaya çıxdı, tərcüməçilər çox lazımlı biliklər əldə etdilər.

Konkret tərcümə məsələləriylə yanaşı, tərcüməyə aid ümumi prinsiplər də müzakirə olundu. Məsələn, şəxs adlarının necə yazılması və s.

- Bizə tərcümə sahəsində fəaliyyətiniz, çalışdığınız Alman Tərcüməçilər Fondu haqda məlumat verə bilərsinizmi?

- Almaniyada müstəqil tərcüməçiyəm. Müxtəlif bədii nəşriyyatlar üçün ispan dilindən alman dilinə tərcümələr edirəm.

Eyni zamanda Alman Tərcüməçilər Fondunda çalışıram. Bu fond bədii ədəbiyyat tərcüməçilərinə stependiya və tərcüməçilik sahəsində təhsil imkanı vermək üçün qurulmuşdur.

Qeyd edim ki, Almaniyada bədii tərcüməçilik sahəsində ali təhsil verilmir; müxtəlif peşələrə yiyələnmiş insanlar bədii əsər tərcüməçiliyi ilə məşğul olurlar.

- Alman dilindən tərcümə edən tərcüməçilər üçün Almaniyada hansı imkanlar var?

- Eşitdiyim qədərilə, Azərbaycanda bədii əsər nəşr etdirmək elə də asan deyil. Oxucu kütləsi azdır, oxunan əsərlərin böyük hissəsini də daha çox əyləncəli, yüngül ədəbiyyat təşkil edir.

Alman dilindən tərcümə olunan bədii əsərlərin sayı azdır. Həmçinin alman ədəbiyyatının oxucu kütləsi də ölkənizdə elə çox deyil.

Bu o deməkdir ki, alman ədəbiyyatının tərcüməsi tərcüməçi və naşirdən böyük səylər tələb edir. Dəstək almadan bu işi gerçəkləşdirmək çətindir.

Goethe İnstitutu başda olmaqla bir çox mədəniyyət institutları belə layihələri dəstəkləyirlər.

- Goethe İnstitutunun alman əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsində marağı varmı?

- Bəli. Goethe İnstitutunun ümumiyyətlə alman ədəbiyyatının dünyada tanınmasında marağı çox böyükdür.

Müqayisə etdiyimizdə bu, bəzi ölkələrdə çox asanlıqla baş verir. Məsələn, Fransada, İspaniyada çoxsaylı alman əsərləri nəşr olunur.

Azərbaycan kimi ölkələrdə isə alman ədəbiyyatının tanıdılması daha çətindir.

Baxmayaraq ki, az sayda almandilli ədəbiyyat nəşr olunur, keçirilən emalatxanada da gördüyümüz kimi bu işlə məşğul olan, istəkli tərcüməçilər var. Və tərcüməçilərin olması ən vacib faktordur. Çünki tərcüməçisiz heç bir kitab da olmaz.

Xüsusilə son illərdə Goethe İnstitutunun keçmiş Sovet ölkələrindəki tərcüməçilərlə əməkdaşlığı güclənib; orada olan tərcüməçiləri bir araya toplayıb bu tip tərcümə emalatxanaları keçirməkdə maraqlıdır.

Azərbaycanda və ümumiyyətlə Post-sovet məkanında bu qədər çox tərcüməçi həmkarların olduğunu kəşf etmək çox gözəl və sevindirici haldır.

Xüsusilə də, gənc nəsil tərcüməçilərin bu işdə maraqlı və istəkli olmaları sevindiricidir.

Bu kimi emalatxanalar onların həmkarları ilə təcrübələrini paylaşması, fikir mübadiləsi etməsi və bu işdə tək olmadıqlarını görməsi üçün çox əhəmiyyətlidir.

- Bir fikrə görə, müasir texnoloji vasitələr kitabın və ədəbiyyatın meydanını daraldıb. Bu gedişat Almaniyada da müşahidə olunurmu?

- Almaniyada çap olunmuş kitablar daha çox rəğbət görür. Həmçinin E-kitablar da geniş yayılıb; E-kitabların oxucuları gün keçdikcə artsa da, kağız kitab oxucuları hələ də çoxluqdadır.

Təbii ki, texnologiyadakı inkişafın kitaba təsirini yox saymaq olmaz, amma kağız kitabların hələ uzun müddət əsas mənbə olaraq qalacağını düşünürəm.

Bunu da qeyd edim ki, bədii ədəbiyyat oxucuları adətən kağız kitablara üstünlük verirlər. Almaniyada elektronlaşma daha çox qəzetlərdə müşahidə olunur.

Tendensiya hər şeyin kağızla yanaşı əlavə elektron formasının da olacağını göstərir. Lakin kağız kitabın bu tendensiya qarşısında tamam yox olacağını düşünmürəm.

Bir gün kağız kitablar azlıqda olsalar da, unutmamaq lazımdır ki, bədii ədəbiyyat oxucuları onsuz da həmişə azlıqda olur.

- Yazıçıların, xüsusən şairlərin sosial müdafiəsi üçün Almaniyada hansı imkanlar var?

- Sənətçilər üçün möhtəşəm bir sosial sığorta imkanı var. Sənətçilər digər peşələrdəki kimi sağlamlıq və pensiya sığortasına sahib ola bilirlər. Üstəlik sığortanın ancaq yarısı onlar tərəfindən ödənilir.

Yerdə qalan yarını isə sənətçinin əməyindən faydalananlar, məsələn, kitab sahəsində naşirlər ödəyir. Düzdür, bu sığorta ilə pensiya elə də yüksək olmur, amma ümumilikdə sağlamlıq sığortasının olması əladır.

Bu baxımdan sənətçilərin sosial müdafiəsi dövlət tərəfindən təmin olunur. Almaniyada bədii tərcüməçilərin aldığı qonorar aşağıdır.

Bu sahədə işləmək çox qazanc gətirmir və tərcüməçidən az maaşa baxmayaraq böyük həvəs tələb edir.

Daha əvvəl bəhs etdiyim kimi Alman Tərcüməçilər Fondundan stipendiya qazanmaq və bu yolla qonorarın kifayət etmədiyi bəzi layihələri gerçəkləşdirmək mümkündür.

- Oxucuların kitaba münasibəti necədir? Ədəbi çevrələrdə bədii ədəbiyyatın az oxunmasından, kitaba marağın azalmasından tez-tez şikayət olunur.

- Bu şikayətlər Almaniyada da tez-tez səslənir. İnsanlar indi kitabdan çox kompüterə müraciət edir.

Digər yandan da, uşaqların, gənclərin kitaba marağının artdığı müşahidə olunur. Düzdür, onlar da bestseller olan "Harry Potter" kimi əsərləri oxuyurlar, amma əsas məsələ onların mütaliəyə maraqlarının olmasındadır.

Çoxluq ciddi ədəbiyyatdansa, yüngül əyləncə ədəbiyyatına üstünlük versə də, mütaliə məsələsinə elə də pessimist yanaşmıram. Əvvəlki yüzilliklərdə indiki dövrdən çox daha az mütaliə edilirdi.

- Azərbaycan gənc yazıçılarının Almaniyada çap imkanları necə ola bilər? Azərbaycan ədəbiyyatına maraq göstərən nəşriyyatlar varmı?

- Nəşriyyatlar heç də müəyyən coğrafi bölgə və ya dil qrupundan əsərlər axtarmırlar. Onlar yeni və fərqli kitab axtarışındadırlar. Azərbaycanda yazılmış gözəl bir əsər Almaniya naşirləri tərəfindən maraqla qarşılanar.

Bu kitab bazardakı digər kitablarla, ABŞ, Fransa və digər dünya ədəbiyyatı nümunələri ilə rəqabətə girər. Bu baxımdan nəşriyyatlar üçün kitabın hansı dildən, ölkədən olması əhəmiyyətli deyil.

Azərbaycan ədəbiyyatının Almaniyada yayılması şansını çox yüksək dəyərləndirməzdim, çünki kitab bazarında çoxlu kitablar var və rəqabət güclüdür.

İlk növbədə yaxşı bir əsər yazılmalı, güclü təşkilatçılıq və naşirlərin səyləri ilə bazara çıxarılmalıdır. Nəşr olunma yolu bu baxımdan çox uzundur.

Almaniyada ancaq müəyyən bölgələrin ədəbiyyatının dərci ilə məşğul olan çox balaca nəşriyyatlar da var.

Məsələn, Türkiyə və ya Qafqaz ölkələri ədəbiyyatını nəşr edən nəşriyyatlar Azərbaycan ədəbiyyatının tanıdılmasına dəstək ola bilərlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG