Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:08

-

Məktəblilər üçün yay düşərgəsi: dövlətinki yoxdur, özəlinki qiymət oxuyur

Hələ də bilmirik ki, sovetdənqalma düşərgə mexanizmini qəbul edək, yoxsa Qərbdəki inkişaf etmiş mexanizmdənmi istifadə edək? Hələ də bilmirik ki, yay düşərgəsinəmi üstünlük verək, yoxsa məktəblərdə düşərgə yaradaq?

“İki oğlum var, biri məktəblidir, o birisi də gələn il gedir. Bakının istisindən qaçıb gəlmişik rayona. Özüm Qaxdanam, uşaqlara görə ev-eşiyimi atıb gəlib oturmuşam burda ki, dincəlsinlər. Başqa hara göndərim?”

Bunu gənc ana Rəvanə Əkbərova AzadlıqRadosuna müsahibəsində deyir. Yada salır ki, vaxtilə Qaxda çoxlu pioner düşərgələri vardı, hətta atası da onların birində işləyirdi. Rəvanə belə bir yay düşərgəsinin həsrətini çəkir:

“Mən uşağı başımdan eləmək üçün yox, həqiqətən nəsə öyrənməsi üçün göndərmək istəyirəm belə bir düşərgəyə. Uşaqlar üçün yarışlar keçirsinlər, ekskursiyaya aparsınlar, maraqlı vaxt keçirsinlər. Amma belə düşərgələr varmı, heç bilmirəm. Olsa, məmnuniyyətlə göndərərdim”.

Mən uşağı başımdan eləmək üçün yox, həqiqətən nəsə öyrənməsi üçün göndərmək istəyirəm belə bir düşərgəyə. Uşaqlar üçün yarışlar keçirsinlər, ekskursiyaya aparsınlar, maraqlı vaxt keçirsinlər. Amma belə düşərgələr varmı, heç bilmirəm.

Azərbaycanda 1 milyon 200 mindən artıq məktəbli yay istirahətindədir. Onların əksəriyyəti, Rəvanə Əkbərova kimi imkanı olan şəhərin bürküsündən qaçıb kəndə gedib, ya ailəsi ilə harasa istirahətə yollanıb, buna imkanı çatmayan məktəbli də yay istirahətini özü bildiyi kimi keçirir.

“Bir neçə saatlıq məşğələ yaraya məlhəm deyil”

Solmaz Məmmədova da deyir ki, 8 yaşlı oğlunun asudə vaxtını maraqlı qurması üçün internetdə axtarış verib uyğun düşərgə axtarıb, ancaq əli boşa çıxıb:

“Bir neçəsini tapdım, Bakıda fəaliyyət göstərən uşaq klubu tipliydi, əsasən ingilis dili, mühəndis bacarıqlarının artırılmasıydı. Amma məşğələlər günün birinci yarısını əhatə edir. Qiyməti də o qədər ucuz deyil. Mən də, yoldaşım da işləyirik. Uşağı kim aparıb gətirəcək? Heç olmasa, səhərdən iş saatı bitənə qədər olsaydı, sən də rahat olardın ki, övladın etibarlı yerdədi, yeməyi-içməyi var”.

Solmaz xanım deyir ki, indi uşağı ya həyətdə futbol oynayır, ya da televizorda cizgi filminə baxır: “Havalar istidi deyə heç yay tapşırıqlarını da eləməyə həvəsi yoxdur. Öyrəndiklərini də yadından çıxaracaq”.

Çingiz Mustafayev adına düşərgə (Youtube)

Çingiz Mustafayev adına düşərgə (Youtube)

Təhsil Nazirliyindən AzadlıqRadiosuna bildirirlər ki, uşaqların yay tətilində istirahətinin təşkil edilməsini düşünürlər, amma hələ ki, qərar yoxdur.

Vaxtilə Xəzərin sahillərində, dağətəyi regionlarda onlarla pioner düşərgəsi vardı. Qarabağ müharibəsindən sonra bu düşərgələrə məcburi köçkünlər yerləşdilər. İndi Azərbaycanda yalnız Daxili İşlər Nazirliyinin nəzdində olan Çingiz Mustafayev adına düşərgə, Həmkarlar İttifaqının uşaq-sağlamlıq mərkəzi, Xəzər Dəniz Donanmasının düşərgələri var. Çingiz Mustafayev adına düşərgədən mətbuata bildiriblər ki, onlar hər il 300 məktəbli qəbul edə bilirlər, bundan artığına gücləri çatmır.

İki həftəlik istirahət 700 manata

Kiçik araşdırmamız zamanı məlum oldu ki, dağətəyi regionlarda yay düşərgəsi təklif edən az sayda özəl şirkətlər var. Belə şirkətlərdən birinin Qaxdakı düşərgəsinin meneceri Xəyyam Dəmirov AzadıqRadiosuna bildirir ki, onlarda mövsüm iyulun 1-dən başlayır. Eyni vaxtda 45 uşağın qala bildiyi düşərgədə istirahət müddəti iki həftəlik və ya 1 aylıqdır:

Müsahibimiz qiyməti ucuzlaşdırmağın yolunu belə görür: Olimpiya kompleksləri yay düşərgəsi təşkil edən şirkətlərə ucuz qiymətə icarəyə verilsə, onlar da qiyməti hətta 50 faiz ucuzlaşdıra bilərlər.

“Uşaqlar gündə 3 dəfə qidalanır, üzgücülük dərslərinə gedir, gündə 3 saat ingilis dili məşğələsi olur. Ekskursiyaya aparılır. Hər otağın özünün hamam-tualeti var. Hər 5 uşaq tərbiyəçi ilə qalır”.

Bu istirahət düşərgədə qalan bir uşaq üçün 700 manatdan yuxarıdır, əgər uşaq bir aylıq qalacaqsa, ödəniş 1000 manatı keçir. Xəyyam Dəmirov deyir ki, uşağın günü 40 manata başa gəlir – burda da ingilisi dili, üzgücülük dərsləri, yemək və s. məsələləri nəzərə alsan, bu qiymət o qədər də baha sayılmamalıdır.

Müsahibimiz qiyməti ucuzlaşdırmağın yolunu belə görür: Olimpiya kompleksləri yay düşərgəsi təşkil edən şirkətlərə ucuz qiymətə icarəyə verilsə, onlar da qiyməti hətta 50 faiz ucuzlaşdıra bilərlər.

“Strategiya yoxdur”

Sovet İttifaqının ən məşhur uşaq düşərgəsi - Artek

Sovet İttifaqının ən məşhur uşaq düşərgəsi - Artek

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli koordinatoru Nabil Seyidov AzadlıqRadiosuna müsahibəsində deyir ki, əslində regionlarda tikilən Olimpiya Komplekslərinin məktəblilərin yay düşərgəsi üçün istifadə edilməsi yaxşı ideyadır: “Bu, həm uşaqların idmana marağını artırar, həm də onların asudə vaxtlarının yüksək səviyyədə təşkilinə kömək edər”.

Sovet İttifaqının ən məşhur uşaq düşərgəsi - Artek, 1961

Sovet İttifaqının ən məşhur uşaq düşərgəsi - Artek, 1961

Nabil Seyidov xatırladır ki, məktəblilərin istirahət hüququ həm yerli, həm də beynəlxalq konvensiyalarla tənzimlənir. O, deyir ki, yay düşərgələri istirahətlə yanaşı uşaqların düzgün tərbiyə almasına da yardım edir:

“Bu onların gələcəkdə vətəndaş kimi yetişməsinə kömək edən vasitələrdən biridir. Digər mühüm amil odur ki, bu düşərgələrdə uşaqların inkişafı üçün onlara lazım olan bilik və bacarıqlar, o cümlədən, fiziki sağlamlıq vərdişləri aşılanır”.

Müsahibimizin sözlərinə görə, Azərbaycanda hələlik yay düşərgələrinin yaradılması üzrə strategiya yoxdur:

“Bu işə külli miqdarda maliyyə vəsaiti lazımdır. Sovet vaxtından qalan düşərgələrin əsaslı təmirinə ehtiyac var. Çoxunda məcburi köçkünlər qalır. Ancaq iş təkcə yenidənqurma-bərpa işləri ilə bitmir. Bunun üçün strategiya olmalıdır. Hələ biz bilmirik, sovetdənqalma düşərgə mexanizmini qəbul edək, yoxsa Qərbdəki inkişaf etmiş mexanizmdənmi istifadə edək? Hələ bilmirik ki, yay düşərgəsinəmi üstünlük verək, yoxsa məktəblərdə düşərgə yaradaq?”

Nabil Seyidov söyləyir ki, hələlik yekdil fikir yoxdur, üstəlik, heç geniş müzakirələr də aparılmır ki, hansı mexanizmə üstünlük veriləcəyi aydın olsun.

Günün bütün mövzuları

XS
SM
MD
LG