Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:24

Diqqət: Danışır Sərçə...


Şəhriyyə Eyvazova
Şəhriyyə Eyvazova

-

"Şəhrama əzab vermək üçün məni boğdu. Onun hıçqırıqla ağladığını eşidirdim. Getdikcə səs uzaqlaşdı və mən gözlərimi burda açdım."

Şəhriyyə Qəzənfərqızı

Sərçə sevgisi

Hekayə

Burdan aşağı baxanda hər şey necə qəribə görünür! Bu gün mənə o günü xatırladır. O gün də belə bərk külək vardı.

Onların binasının qarşısında qollu-budaqlı bir ağac vardı. Mən həmişə onun budaqlarında oturardım. Dostlarımla hamımız sırayla o budağa düzülərdik.

Balaca meh əsən kimi hamısı uçardı, tək mən uçmazdım. O budaqda yelləncək kimi yellənərdim.

Ağacın başı buludlara dəyərdi. İndi, deyəsən,ağacı kəsiblər. Yoxsa burdan hər şey fərqli görünür?

Bizim qonub oturduğumuz məkanlar fərqli idi. Binaların başı, paltar iplərinin üstü. Mən hansı quş idim? Unutdum. Hə, deyəsən, sərçə idim. Hə, dəqiq sərçə idim.

İndi daha böyük görünürəm. Axı deyirlər burda hər kəs başqa cilddə olur. Gəl gedək oturaq o ağ pambığın üstündə. Görürsən, necə yumşaqdır?

Orda belə yumşaq yerlər tapmırdıq biz. Onunla tanış olana kimi bilirsən, nə qədər yer dəyişmişdim? Böyük quşlar oturduğumuz yerləri də əlimizdən alırdılar.

Hələ yeməyimizi demirəm. Eh, sən hardan biləsən? Sən evdə bəslənmisən, qulluq görmüsən. Biz nə zülmlər çəkirdik.

Bilirsən, yaxşı insanlar da var. Onun kimi. Ancaq bizə daş atanlar da çox olub. Biz bütün quşlardan sadiqik, heç yerə köçmürük. Qarda-boranda da yerimizi dəyişmirik.

Niyə bizi sevmirlər, görəsən? Bax o gördüyün evdə yaşayırdı mənim Şəhram. Hə, mənim Şəhram. Onunla bilirsən necə olub tanışlığımız? Gəl danışım sənə, dinlə. Necə olsa da, burda vaxtımız çoxdu.

Bir gün yem tapmışdım yeməyə. Böyük quşlar üstümə şığıdılar. Məni vurub yemi əlimdən aldılar. Elə baxma üzümə. Axı onlar məndən çox böyük idilər.

Mən onda hələ lap körpə idim. Onsuz da kövrək olan qanadlarımın birini əzdilər. Yemi yedilər, uçub getdilər.

Uçmaq istədim, bacarmadım. Torpağın üstündə çapalayırdım. İnildəyirdim. Həmin an xəyallarım məni ölməyə qoymadı.

Axı mən özümə yuva qurmaq üçün çör-çöp yığırdım. Elə gözəl yuvam olacaqdı ki. İçini də yunla döşəyəcəkdim. Mən hələ bala da qoyacaqdım.

Xəyallarımda bala qoymuşdum, balalarım yumurtadan çıxmışdılar belə. Məni xəyallardan və ağrıdan isti, yumşaq əllər oyatdı.

Başıma tumar çəkdi. Məni əzizlədi, öpdü. İlk dəfə məhəbbət hiss etdim. Bu nə gözəl hissdir. Mənə hərarət verdi, içimə təravət verdi.

Qanadımın ağrısını da unutdurdu mənim gözəl xanımım. Bilirsən necə gözəl idi? Ancaq o gözlər məni içində batırırdı. İlk dəfə bir insanı sevdim.

Məni gətirdi evinə. Onun əllərində, ürəyində olan istilik evində yox idi. Buz kimi idi divarları. Qaranlıq, zülmət dolu.

Mənim ürəyimi hərarətləndirən o sevgi, bəlli ki, onun evində yox idi. Mənə su verdi. Hardansa taxıl, sünbül dənəsi gətirdi mənə. Başıma sığal çəkərək onu mənə yedirtdi.

Sonradan anladım ki, insanlar evlərində sünbül saxlayırlar ki, evləri ruzi-bərəkətli olsun. Ancaq o, bərəkətini mənə yedirtdi. Onu ilk toxunuşdan sevmişdim.

Bu qədər qayğını yalnız o iztirab dolu həyatı yaşayan məsum Şəhra göstərə bilərdi. Məni bura gələnə kimi evində saxladı. Yedirtdi, içirtdi, qayğıma qaldı.

Ancaq mən onu qoruya bilmədim. Mənimlə insanla danışan kimi dərdləşirdi. Özünü mənə bənzədirdi. Deyirdi ki, məktəbdə idman dərsində hamıdan bərk qaçır.

Arıq, balaca da olduğu üçün müəllimi ona sərçə deyirmiş. Mənə xəlvətcə öz gecikmiş məhəbbətindən danışırdı.

Saatlarca onu dinləyirdim. Onu anladığımı bilirdi. Danışdıqca gözlərindən süzülən yaşlar ürəyimə bir dağ çəkirdi. Onunla mən də əzab çəkirdim. Gözünün yaşını silə bilməyəcək qədər aciz idim.

Təsəlli verə bilməyəcək qədər çarəsiz idim. Hər dəfə hönkürtü ilə ağlayanda mənim də ürəyimə böyük yara vururdu. Axı onun kimi qadın niyə belə əzab çəkməliydi?

Qanadım sağalmışdı. Uçurdum, gəzirdim, yenə qayıdırdım Şəhramın yanına. Hər onu qəmgin görəndə qərar verirdim ki, geri dönməyəcəm, əbədi gedəcəm.

Onu o evdə onunla tək qoyub gedə də bilmirdim. Hər gun yeni bəhanələrlə dava - dalaş. Bir gün də səbəb mən oldum.

O "Aslan" məni ovcunda tutdu və Şəhrama əzab vermək üçün məni boğdu. Onun hıçqırıqla ağladığını eşidirdim. Getdikcə səs uzaqlaşdı və mən gözlərimi burda açdım.

O gündən də burdayam. Bura çox fərqlidir. Daha rahatdır. Yem axtarmırıq, yuva qurmuruq, heç uçmuruq da.

Elə bu pambıqların üzərində günümüzü keçiririk. Bircə Şəhram yoxdu yanımda. Burda olmadığı üçün sevinirəm. Deməli, yaşayır. Yoxsa... Yoxsa insanlar bura gəlmirlər???

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG