Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:05

Nəvəsi kənddəki evini ondan xəlvət satmışdı...


Şəhriyyə Eyvazova
Şəhriyyə Eyvazova

-

Şəhriyyə Eyvazova

İŞIĞIMDA AYDINLAN

Hekayə

İki yol arasında idim. Bir tərəfdə oğlum, bir tərəfdə O. Ərimi düşünmürdüm də. Onu həyatımdan da, ürəyimdən də çoxdan silmişdim.

Yalnız kağız üzərində idi evliliyimiz. Aramızda nə hörmət, nə anlayış qalmışdı. Evdə qoca nənənin dır-dırı, ondan betər olan ərimin deyingənliyi həyatımı cəhənnəmə çevirmişdi.

Bir tərəfdən də, sevdiyim artıq bu evdə qalmağıma dözməyib məndən ayrılmışdı. Mən cəhənnəm əzabını bu dünyada çəkənlərdən idim. Həm günah içində, həm əzab içində.

Hərdən uşağı belə, düşünmür, baş götürüb buralardan getmək istəyirdim. Heç kəsin məni tanımadığı, yeni həyat qura biləcəyim bir yerə. Ancaq getməyə yerim yox idi. Heç yerdən bir işıq ucu görünmürdü.

- Ay bala, gün günorta oldu, sən hələ də yatırsan. Acından qırılaq burda?

Yerimdəcə dikəldim. Onsuz da bütün gecəni yatmamışdım. Yataqda keçirdiyim vaxt özümü özümdən bir az da qoparan düşmənlərimdən idi. Qocanın səsi heç kəsilmirdi.

Sözləri ardı-arası kəsilmədən üyüdürdü. "Məni kəndimdən-kəsəyimdən edib burda dustaq etmisən. Tifağınız dağılsın!”

Özümü toparlayıb otaqdan çıxdım. Əsəbimi tökməyə adam gəzirdim.

- Ay arvad, bəs deyil? Bezmədin bu qədər deyinməkdən? Qoca arvadsan, yıxıl yat da. Sən də camaat kimi səhər tezdən işə-gücə gedirsən? Səhərin gözü açılmamış nədir belə? Mən yatmaq istəyirəm.

O, mənim belə əsəbi halımı heç vaxt görməmişdi. Qoca bir anlıq geri çəkilib, uşaq kimi ağlamağa başladı.

- Evimi istəyirəm mən. Öz yurdumu istəyirəm. Daxmamı istəyirəm. Elimdə-obamda ölmək istəyirəm. Aparın məni kəndimə, qurbanın olum.

Onu belə görüb hərəkətimdən çox peşman oldum. Əslində qoca - ərimin nənəsi idi. İlk gəlin gələn gündən ona mən qulluq edirdim.

Artıq doqquz ildir. Nəvəsi kənddəki evini ondan xəlvət satmışdı və məcburən onu burda - yanında saxlayırdı. Nənə də qarğışları yağdırırdı ona. Öfgəsini nəvəsinə qusurdu.

Məni çox istəyirdi. Qəlbində çox istəsə də, üzdə yaman deyingən idi. Nənədən üzr istəmək əvəzinə, "Mən yatmalıyam, ya da burdan birdəfəlik getməliyəm" deyib, otağıma keçdim.

Otaq qaranlıqdı. Qəribə də bir ağırlıq var havasında. Çarpayıda təkəm. Divardan toy şəklimiz asılıb. Şəkildəki mənə baxıb gülümsəyir. Ancaq o, mən deyiləm. Yaşlı, tanış bir simadır.

Qapı açıldı. Ağ geyimli bir qoca içəri daxil oldu. Gəlib çarpayımın yanında əyləşdi. Bir əlini alnıma, bir əlini əlimə qoydu. Qışqırmaq istəyirdim. Səsim gəlmirdi.

Otaqda bir neçə ağ paltarlı adam peyda oldu. Sanki məni çarmığa çəkirdilər. Hərəsi bir tərəfdən əlimə, üstümə çörək qoyurdu. Üzləri görünmürdü. Qaranlıqdan bir işıq saçdı. Gözüm qamaşdı.

Bircə bu simanı aydın gördüm. Orta yaşlı kişi idi. Yanında da bir qız var idi. Mənə tərəf gəlirdi. Gəlib qənşərimdə dayandı. Sonra əyilib qulağıma ərəbcə nəsə dedi. Nə dediyini eşidirdim, ancaq anlamadım.

Və əlimə çörək qoyub getdi. Onun arxasınca bütün ağpaltarlılar getdi. Otağın havası yüngülləşdi. Sinəmdəki ağırlıq qalxdı. Oyanmaq istəyirdim, oyana bilmirdim. Uzaqdan bir uşaq səsi gəlirdi: "Çalış başını tərpət". Başımı tərpədib yuxudan ayıldım.

Qan-tərin içində idim. Qulağıma deyilən sözlər aydın yadımda idi. Unutmamaq üçün tez onu bir vərəqə köçürdüm. "La təxaf rəbbi ərsələni və nuri vazihun".

Büküb çantama qoydum. Yan otağa keçdim. Qoca mışıl-mışıl yatırdı. Səhəri gözüaçıq açdım. Yuxunun təsirindən ayıla bilmirdim. Bilmirdim bu yuxumu hansı tərəfə yozum.

Yuxumu heç kimə danışmadım. Qocaya qarşı kobudluq etdiyim üçün onun könlünü almağa çalışırdım.

- Sabahın xeyir, nənə - deyib yatağının yanında əyləşdım. Diqqətlə gözlərinə baxdım. Qəribə təbəssümü vardı.

- Hər vaxtın xeyir, bala. Üz-gözün niyə şişib? O gözəl gözlərin niyə belə yorğundu?

- Heç, gecə yaxşı yatmamışam - deyib söhbəti uzatmaq istəmədim.

Nənə məni bütün qız-gəlindən gözəl sanırdı. Qəmgin olanda "Sənin gözlərinə qəm yaraşmır. Sənin baxışların özü bir qızdı" deyərdi.

Qapı döyüldü. Qonşumuz Nərgiz idi. Yaşda məndən kiçikdi. Çox da baxımlı, görkəmli qadındı. Dərdi-səri də başından aşır. Əri üstünə başqa bir arvad alıb. Necə deyərlər günüsü var. Hərəsini ayrı-ayrı evlərdə saxlayır.

Ancaq o biri arvadını yaman sevib, qısqanır. Hara getsə, özüylə aparır. Evdən tək çıxmağa qoymur. Nərgizləsə heç maraqlanmır da. Əksinə, özü işə düzəldib ki, başı qarışsın. Özü demişkən, "ağzını yumsun". Bunlara baxmayaraq, kefindən də qalmır. Qışqıra-qışqıra nənəyə:

- Ay nənə, nətərsən e? Deyirlər, 200 ildən sonra dünya dağılacaq. Neyləyəcəksən e?

(Bir dəfə bunu nənəyə deyəndə dizinə döyüb, əlini göyə açıb demişdi: “Ay Allah, bizə o günləri göstərmə". Həmin gündən nənəyə belə zarafat edib gülürdülər.)

- Az, nəyə qışqırırsan? Nənənin qoca olmağına baxma, qulağıyla darı dərir - zarafatı ciddi qəbul edib əsəbi halda mətbəxə keçdi. Nərgizlə bir-birimizə baxıb qımışdıq.

- Gülü, sənə bir sözüm var. Yadında, sənə bir nəfər haqqında danışmışdım, - Rasim müəllim? - qolumdan çəkə-çəkə məni dəhlizə gətirdi.

- Hə, yadımda, noolub ki?

- Mən bir dəfə ona səndən danışmışdım. İş axtardığını demişdim. Indi mənə zəng edib dedi ki, boş yeri var. Nə deyirsən? Hələ də iş axtarırsan?

- Əlbəttə, bu mənə lap göydəndüşmə oldu.

Maşının şüşəsindən yeni tikilən tikililərə baxırdım. Xəyalımda o binalardan bir ev almışdım, içinin dizaynını da özüm vermişdim. Artıq o evdə oğlumla yaşayırdım, belə.

Xəyallar nə gözəldir. Orda hər şey əlçatandır. "Bəlkə nənəni də özümlə götürüm. Mən işləyərəm, o da uşağa baxar. Nə də olsa, kəndi-kəsəyi yoxdu". Öz səsimə özüm xəyalımdan ayıldım.

Xülyaların qanadında mənzil başına çatdıq. Pillələrlə yuxarı qalxdıqda yeni həyata, arzularıma çatdığımı hiss edirdim. Qapını döyüb içəri girdik.

İri, ala-qaranlıq bir otaq idi. Otağın baş tərəfində bir nəfər oturmuşdu. Arxası qapıya tərəf idi. Bizi görcək yerindən durub qapıya-bizə tərəf addımlamağa başladı. Qaranlığın içindən bir nur gəlirdi bizə sarı.

İşığı üzünü görməyimə əngəl yaradırdı. Salam verib əlini mənə uzatdı. Əlini sıxdığım an üzü nurlandı. Ayaqlarım sızıldadı, bir anlıq nəfəsimi saxladım. Çox tanış, doğma sima. Bu, odur.

- Niyə içəri girmirsiz? Nərgiz, elə bil birinci dəfədir bura gəlirsən.

Bizi içəri dəvət edib, arxamızca qapını bağladı. Üzünu mənə tutdu.

- Hə, xanım qız, gəl tanış olaq.

Mən qeyri-ixtiyari

- Mən sizi tanıyıram.

- Doğrudan? Hardan? - təəccüblə soruşdu. Özümü toparlayıb

- Haqqınızda çox eşitmişəm - dedim.

Bu görüş məni qaranlıq fikirlər içinə salmışdı. Yuxudakı ağgeyimli kişi. Necə də nuranidir. Mənə yeni işim haqqında danışdı.

- Bir-iki ay çətinliyin olacaq. Yaxşı işləsən, məvacibini artıraram da. Qoçaq qıza oxşayırsan. Öhdəsindən gələrsən - deyib, saçıma da tumar çəkdi.

Necə də doğmadır mənə. İllərcə tanıyırmışam kimi. "Sabahadək" deyib ayrıldıq.

Evə getməmiş bir tanışımın yanına dönməyi qərara aldım. Özü ərəb dilinin bilicisi idi. Yuxuda eşitdiyim sözləri tərcümə etdirməliydim. Maraq məni boğurdu.

Hal-əhval tutduqdan sonra kağızı ona uzatdım. Tərcümə etməsini xahiş etdim. Bir neçə dəqiqədən sonra kağızı geri qaytardı. Həyəcanla oxumağa başladım. Kağızda yazılmışdı.

"Qorxma. Məni Allah göndərib. İşığımda aydınlan".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG