Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:41

-

İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədova vəkilləri ilə görüşmək icazəsi verilmir.

Bu haqda AzadlıqRadiosuna onun vəkili Anar Qasımov məlumat verib.

Vəkilin sözlərinə görə, həbsxana rəhbərliyi buna səbəb kimi Mövsüm Səmədovun karserdə olmasını göstərib. Anar Qasımov bildirir ki, müdafiə etdiyi şəxsin hansı səbəbdən karserə salınması haqda ona məlumat verilməyib. Vəkil görüşə icazə verilməməsi üçün göstərilən səbəbi də qanunsuz sayır :

“İyunun 18-də Mövsüm Səmədovla görüşmək üçün Qobustan qapalı həbsxanasına getdim. Mənə dedilər ki, iyunun 26-da onun cəza müddəti bitir və bundan sonra görüşə bilərik. Vəkilin karserdə olan məhbusla görüşməsi qanunla qadağan deyil. Məhbusun karserdə olması onun müdafiə hüququnun pozulması demək deyil. Əksinə, cəzalandırılaraq karserə salınan məhbusun müdafiəyə daha çox ehtiyacı olduğundan, vəkillə mütəmadi görüşməlidir”.

“QOBUSTAN HƏBSXANASI ELƏ YERDİR Kİ...”

Mövsüm Səmədovun karserə salınmasının səbəbi haqda vəkilə rəsmi məlumat verilməsə də, İslamçıların Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Natiq Kərimov iddia edir ki o, oruc tutmaq üstündə cəzalandırılıb:

Natiq Kərimov

Natiq Kərimov

“Qobustan həbsxanası elə bir yerdir ki, oradan informasiyanın çıxması çox çətindir. Ancaq ailəsi və vəkili xəbər gətirə bilir. Bizdə olan məlumata görə, Hacı Mövsüm həbsxana rəhbərliyinə müraciət edib ki, Ramazan ayında inanclı şəxslərə oruc tutmaq üçün müəyyən şərait yaradılsın. Çünki o həbsxanada dindar məhbus çoxdur.

Bunun üstündə cəzalandırıblar və Ramazan ayından bir gün öncə karserə salıblar. İttiham da o olub ki, guya Hacı Mövsüm dustaqları dindarlığa təhrik edir. Bu birinci belə hal deyil. Hər zaman islamçılara təzyiq etmək istəyəndə bu cür qondarma vasitələrə əl atırlar. Hacı Mövsüm 12 saylı Cəzacəkmə Müəssisəsində (CÇM) olanda gecələr namaz qıldığına görə cəzalandırıldı. Buna görə onu ağır rejimli Qobustan qapalı həbsxanasına göndərdilər. Həbsxana rəhbərliyindən dedilər ki, namaz qılmaq həbsxana qaydalarına ziddir. İnanclı adamdır, gecə də namaz qıla bilər, gündüz də. Bunlar hamısı bəhanədir.”

Natiq Kərimov deyir ki, dindarların cəzalandırılması siyasi sifarişlə həyata keçirilir:

“Təkcə bu məslə deyil. Quran oxuyub, namaz qıldıqlarına görə Abgül Süleymanov, Taleh Bağırzadə, digər dindarlar cəzalandırılıblar. Bu şəxsləri mütəmadi olaraq karserlə cəzalandırıblar. Bəzilərini isə Qobustan həbsxanasına göndəriblər. Bu, dindarlara bir təzyiq vasitəsidir. Bütün bunlar da tapşırıq əsasında olub. Yoxsa, inanclı insanlar həmişə həbsxana qaydalarına əməl ediblər. Hacı Mövsümdən heç kim inciyə bilməz. O həmişə qaydalar çərçivəsində öz haqqını tələb edib. Elə, buna görə də cəzalandırılıb”.

“HƏBSXANADA ORUC TUTMAQ QADAĞAN DEYİL”

Anar Qasımov

Anar Qasımov

Anar Qasımov isə bildirir ki, namaz qılıb, oruc tutmaq həbsxana qaydalarına zidd olmadığından məhbus buna görə cəzalandırıla bilməz:

“Həbsxananın müəyyən rejim qaydaları var və buna əməl edilməlidir. Mövsüm Səmədovun hansı səbəbdən karserə salınması haqda məndə dəqiq məlumat yoxdur. Lakin, həbsxanada namaz qılmaq, oruc tutmaq qanunla qadağan olunmur”.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən Mövsüm Səmədovun karserə salınması ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırmaq istəmədilər.

Bundan öncə də həbsdə olan dindarların hüquqlarının pozulması ilə bağlı mətbuatda iddialar yayılmışdı. Penitensiar Xidmət adətən bu cür iddiaları təkzib edir və həbsxanalarda məhbusların hüquqlarının qanun çərçivəsində qorunduğunu bildirir.

Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdində və başqa ağır cinayətlərdə ittiham olunaraq 12 il müddətinə azadlıqdan məhrum edilib.

O, ötən ilin sonlarında saxlandığı 12 saylı CÇM-də qaydaları pozmaqda ittiham olunub və məhkəmənin qərarı ilə 2 illik Qobustan qapalı tipli həbsxanasına göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG