Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:22

Tarixi romanlar ustası Hilary Mantel


-

"Mən güc, nüfuz üstünlüyündən çıxış edən adamları, krallıq ailəsini xoşlamıram."

"Adamlar məndən soruşurlar ki, niyə özündən qondarmırsan sadəcə? Amma əgər faktlar aşkarlanmalıdırsa, qondarmaq mənim təbiətimdə yoxdur."

"Yaxşı tarixlə yaxşı drama arasında qaçılmaz münaqişə yoxdur."

"İndi roman üstəgəl roman, eləyir fakt".

Hilary Mantelin "Paris Review" jurnalına müsahibəsindən

Kim tarixi romanları xoşlayırsa, yaxın əyləşsin. Tarixi romanlar ustası, ingilisdilli dünyada böyük nüfuz sahibi Hilary Mantel “Paris Review” jurnalına öz yaradıcılıq sirləri haqda geniş müsahibə verib.

Müsahibədən bəzi maraqlı hissələri təqdim edirik:

Mantel: “Mən ona görə yazıçı oldum ki, tarixçi olmaq şansımı itirmişdim. İkinci ən yaxşı yolu seçdim. Fransa İnqilabı kimi hadisələrin hekayəsini inqilab düşmənlərinin yox, inqilabı edənlərin dilindən danışmaq yolunu seçdim.

Əlim çatan bütün tarix kitablarını və romanları oxudum, onlar məni qane etmədi. Bütün romanlar aristokratiya və onun iztirabları haqqındaydı. O romançılar idealist inqilabçıların hekayəsini nəzərdən qaçırmışdılar. Onda mən özüm yazmağa başladım. Əvvəlcə yalnız faktlara əsaslanan sənədli roman yazmaq istəyirdim, amma bir neçə aydan sonra gördüm ki, bəzi epizodlar haqqında heç fakt yoxdur. Onda özüm o boşluqları doldurmağa başladım. “

Paris Review: “Dramatizm yaratmaq xatirinə heç faktları dəyişərsinizmi?”

Mantel: “Heç vaxt. Mənim məqsədim elə bir elastik nəsr yazmaqdır ki, həmin nəsr faktları bir növ qucaqlasın... Yaxşı tarixlə yaxşı drama arasında qaçılmaz bir münaqişə yoxdur.

Başa düşürəm, tarixin dəqiq forması yoxdur, onu da bilirəm ki, həqiqət adətən narahat və ələgəlməz olur. Bu da ki, çox çətinlik yaradır. Amma bu işin cazibəsi və tələb etdiyi qabiliyyət də elə bu ələgəlməz şeylərlə işləməkdədir... Nahamarlıq və ziddiyyətlər – məhz bu iki xüsusiyyət tarixi nəsri dəyərli edən şeylərdir. Formanı zorla yaratmaq əvəzinə onu tapmaq, çoxmənalı vəziyyət yaratmaq...”

PR: "Yazıçı Raymond Carver Çexovun ölümü haqqında hekayə yazanda o, cürbəcür detallarla bir xarakter yaratdı. İndi Janet Malcolm aşkara çıxarıb ki, sonradan Çexovun bioqrafiyasını yazanlar Raymond Carverin həmin hekayəsindəki xarakterdən yazırlar əslində.”

Mantel: “Görəndə ki, tarixçilərə bu cür təsir edirsən, onda gərək öz işinin, tədqiqatının keyfiyyətini artırasan.

Əlbəttə, yazdığın şeylərin həqiqətən də olduğunu iddia etmirsən. Amma məsələn, “A Place of Greater Safety” (Daha təhlükəsiz yer) romanımda Camille Desmoulins bir tarixi şəsiyyətdən danışanda deyir ki, onlar qohum idilər, deyəsən, xaç suyuna çəkilmədə görmüşdülər bir-birini. İndi görürəm, onların “qohum” olması “fakt” sayılır. İnternetdə hər şey elə sürətlə yayılır ki. Roman üstəgəl roman - eləyir fakt, heç kəs də gəlib demir ki, sənin mənbələrin nədir?”

PR: “Yazıçı olmağı arzulamısız?"

Mantel: “Heç vaxt. Əlimə qələm görürüb yazmağa başlayana qədər sırf məqsədlə yazıçı olmaq istəməmişəm. Arada müasir romanlar yazdım. Bunlar naşir tutmaq üçün idi. Amma ürəyim yenə tarixi romanların yanındaydı..."

“Hər gün yenidən başlayırsan. Düşünməyə haqqın yoxdur ki, bu gün yaza biləcəksən, çünki dünən yazmısan”.

“Tarixi qəhrəmanlar haqda yazanda hamının yerinə qoyuram özümü. Məsələn, mən bilirəm Cromwell-in içində məskunlaşmaq nədir... Amma mənə müşahidə kifayət edir... İnsanların sağ, yoxsa ölü olmasından asılı olaraq, onlara qarşı müxtəlif cür yanaşıram ki, bunu da öz məsuliyyətim sayıram.”

PR: "Forster yazıb ki, xarakterlər iki cürdür, yumru və düz xarakterlər."

Mantel: “Mənim kitablarımda çoxlu düz xarakterlər var. Bilməlisən ki, xarakter kitabda hansı rolu oynayır. O biri tərəfdən, xarakterləri yaradanda özünü bir az oyun oynamış kimi hiss edirsən. Baş və orta xarakterlərlə işləyəndə əgər onlar sağdırsa, sadəcə nə baş verdiyini yox, həm də onların özlərini necə hiss etdiklərini bilməlisən. Bu onların həqiqətinə çatmaq üçün yoldur.

O qədər tarixi xarakterlər var ki, sadəcə adlardan ibarətdir. Tarix bizə çox vaxt sadəcə adlar qoyur, qalanını mən özüm edirəm..."

"Adamlar məndən soruşurlar ki, niyə özündən qondarmırsan sadəcə? Amma əgər faktlar aşkarlanmalıdırsa, qondarmaq mənim təbiətimdə yoxdur. İndi fikirləşirəm, mənim kitablarımda sırf xəyal məhsulu olan hansı xarakterdir? Çətindir bu suala cavab vermək.”

PR: “Tarixi yaza-yaza öyrənirsiniz, yoxsa öyrənib başa çatdırandan sonra yazırsınız?”

Mantel: “Mən kiçik bir rüşeymdən başlayıram, məsələn, kiminsə bir baxışından, ordan yola çıxıram. Böyük səhnələr yazanda bunun üçün hazırlaşıram. Bütün qeydlərimi, qaralamalarımı və faktları oxuyuram. Sonra dərindən nəfəs alıram. Bu, çıxışqabağı həyəcanla səhnəyə çıxmağa bənzəyir.”

PR: “Heç xarakterlərinizi mühakimə edirsinizmi?”

Mantel: “Çalışıram etməyim. Mənim üçün bu sual daha çox belə səslənir. Bu xarakterlə yaşaya bilərəm, yoxsa yox. Məsələn, mən güc, nüfuz üstünlüyündən çıxış edən adamları, krallıq ailəsini xoşlamıram, maraqlı deyillər mənə. Məndən soruşurlar, Henrinin qızı 1-ci Elizabet haqda yazmazsan? Ona qarşı elə bir antipatiyam var ki! Başa düşürəm ki, bu antipatiya ilə onun haqqında roman yazmaq başa gəlməz.

Mövzularını bioqrafiya yazarları kimi seçməlisən, çünki o xarakterlərlə birlikdə uzun vaxt keçirəcəksən. Yəni sevgi qığılcımı olmalıdır.”

XS
SM
MD
LG