Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:06

"Əsərlərimi beynimdə yazıb redaktə edirəm"


László Krasznahorkai
László Krasznahorkai

-

Bu ilki Beynəlxalq Man Booker mükafatının qalibi, macar yazıçısı László Krasznahorkai-nin 2013-cü ildə Londondakı “The White Review” ədəbiyyat dərgisinə verdiyi müsahibədən

THE WHITE REVIEW — Tərcümənin üstünlükləri, çatışmazlıqları, yaxud təhlükəsi barədə nə düşünürsünüz?

LÁSZLÓ KRASZNAHORKAI — Mənim fikrimcə, əsərlə onun tərcüməsi başqa-başqa şeylərdir. Onları eyniləşdirmək absurddur. Tərcümə tərcüməçinin əsəridir. Müəllifin yox. Tərcüməçi əsəri tərcümə edərkən əslində başqa dildə yeni bir əsər yaradır. O sanki həmin əsərin bəstəkarıdır. Orijinalla onun yaratdığı əsər arasında bir ailənin üzvləri kimi az, ya çox dərəcədə oxşarlıq olur. Müəllif sadəcə, əsərinin tərcüməsinə baxır, onu oxuyur, mətn ona tanış gəlir, bəzən çox tanış gəlir, tərcüməni yaxşı sayanda sevinir, bərbad hesab edəndə qəzəblənir. Mən yalnız bir dəfə qəzəblənmişəm – “Savaş və savaş” əsərimin almancaya bərbad tərcüməsini görəndə. Onu abıra salmaq demək olar ki, mümkün deyildi. Kim onu yenidən çevirəcəkdi? İş çətinə düşmüşdü. Amma həmin hadisəni saymasaq, əsərlərimin tərcüməsindən çox məmnunam. Çox gözəl tərcüməçilərim var.

THE WHITE REVIEW — Yazı vərdişləriniz barədə danışardınız.

LÁSZLÓ KRASZNAHORKAI — Mən əsərlərimi nə yazı masasına əyləşib yazıram, nə də gözümü noutbuka zilləyirəm ki, bəlkə ağlıma yeni bir ideya gələ. Mən yazılarımı beynimdə yazıram, işimin adının ədəbiyyat olduğunu anladığım gündən bu belədir. Mən yazmağa başlayanda çox ağır şəraitdə yaşayırdım və heç zaman tək olmurdum. Beləcə, cümlə qurmağa beynimdə başlamağa alışdım. Əgər həmin cümlələrdən bir şey alınacağına inanırdımsa, gerisini quraşdırmağa davam edirdim və yalnız cümlə tam hazır olanda onu kağıza köçürürdüm. İndinin özündə də belə işləyirəm: yazı üçün ən əlverişsiz yerlərdə və ən əlverişsiz vaxtlarda. Beləcə, yazı prosesi arasıkəsilmədən davam edir. Hər şeyi sonda kağıza qeyd edirəm. Redaktə də etmirəm, çünki redaktəni də beynimdə bitirmiş oluram. (László Krasznahorkai-nin nəsri üçün uzun, bəzən böyük abzas boyda cümlələr səciyyəvidir - OxuZalı)

THE WHITE REVIEW — Kafka kimi klassiklərdən savayı kimləri oxuyursunuz?

LÁSZLÓ KRASZNAHORKAI — Mən Kafkanı oxumayanda Kafkanı düşünürəm. Mən Kafkanı düşünməyəndə, onu düşünməməyimə heyfsilənirəm. Bir müddət onu düşünməməyimə heyfsilənəndən sonra götürüb onun əsərlərini yendən oxumağa başlayıram. Eyni qaydada da Homer, Dante, Dostoevsky, Proust, Ezra Pound, Beckett, Thomas Bernhard, Attila József, Sándor Weöres və Pilinszky-ni.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG