Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:57

Həbs edilən iş adamı tutulmalı ən birinci şəxsdirmi?-[video]


16 mərtəbəli binaya vurulmuş üzlük müayinə olunmamış, elə isti-isti, yanan binanın tüstüsü çəkilməmiş prezidentin bir müddət öncə “əməkdar mühəndis “ adı verdiyi Miryusif Mahmudovun qolu qandallandı.

-

“Fasadı üzlənmiş binalara mühafizə təşkil ediləcək”, “Təxribat olduğu aşkar edilsə və ya məlum olsa ki, yanğına səbəb binaya vurulmuş üzlük deyil, sökülməyəcək” . Bu sitatlar Bakı şəhər icra hakmiyyəti başçısı Hacıbala Abutalıbovun jurnalistlərə verdiyi açıqlamadandır.

Mayın 19-da Bakının “Azadliq” metrostansiyasının yaxınlığında 5-i uşaq olmaqla 15 nəfərin ölümünə bais olan yanğından sonra üzlənmiş paytaxt binalarının fasadı bu dəfə prezident səviyyəsində müzakirəyə çıxıb.

16 mərtəbəli binaya vurulmuş üzlük müayinə olunmamış, elə isti-isti, yanan binanın tüstüsü çəkilməmiş prezidentin bir müddət öncə “əməkdar mühəndis “ adı verdiyi Miryusif Mahmudovun qolu qandallandı.

Hadisənin ilkin səbəbi kimi baş prokuror Zakir Qaralov bina üzlüyünün keyfiyyətsizliyini göstərib. Şəhər başçısı təxribata eyham vurub. Ancaq yanğına səbəb nə olur-olsun, adi ehtiyatsızlıqdanmı, ya təxibatdanmı, binanın bir an içində kağız kimi yanması, sonra da qatı qapqara tüstünün ətrafı bürüməsini sosial şəbəkələrdə yayılan videolardn açıq-aydın görmək olur. Təxminən 1 ay öncə paytaxtın Nobel prospektindəki bina da beləcə alışmışdı, onu da beləcə qara qatı tüstü bürümüşdü.

Hacıbala Abutalıbov Bakıda 140, “Turan” İnformasiya Agentliyi 800-dən çox süni materialla üzlənmiş bina olduğunu deyir. Fasadı dəyişdirilmiş bu “gözəllik cəhənnəmi” təkcə Bakını yox, ölkənin iri şəhərlərini də “bəzəyir”.

“Sumqayıt binaların yeni vurulan üzlüyünü sökür”

Sumqayıt sakini Elçin Həsənov AzadıqRadiosuna bildirib ki, bu yanğından şəhərin 3-cü mikrorayon, 34 və 36-cı məhəllərdə binaların üzlüklərinin sökülməsi işlərinə başlanıb. “Neçə ay idi ki, Sumqayitda da binalara süni üzlük vurulurdu”.

Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Abid Əliyev xeberle.com saytına deyib ki, Fövqəladə Hallar Nazirliyi bu üzlüklərin binalara vurulmasını dayandırıb: "FHN iş apardığımız binanın birinci mərtəbəsinə vurulan üzlükləri sökdürüb. Materialın yanan material olmasını onlar daha yaxşı bilirlər. Mütəxəssis onlardır. Hələ ki, penoplastlardan istifadə edilərək üzlüklər vurulmur. Bu işi dayandırmışıq. İki il bundan öncə Sumqayıtda yanan binaya gəldikdə isə onu deyə bilərəm ki, baş verən yanğında binaya vurulan üzlük yanmırdı. İndi mən yanan binaya baxıram, görürəm ki, nə qədər fərq var imiş. Keyfiyyətdən çox şey asılıdır. Bu, elə bil barıt idi”.

“Təhlükə içində”

Bakıda hazırda yaşadığı binaya üzlük vurulduğunu deyən Qutqaşınlı küçəsinin sakini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər müsavat.com-a deyib ki, baş verən son hadisədən sonra bina sakinləri bu təmirə etiraz edirlər. Onun sözlərinə görə, hələlik işin dayandırılmasına nail ola biliblər. Müsavat-ın keçmiş başqanı İsa Qəmbər Facebook statusunda yaşadığı binanın şəklini paylaşıb, yazıb ki, onların da binasını yenicə “bəzəyiblər”. O, “təhlükə içindəyik” deyib narahatçılığını bölüşüb.

“Gözlənən bir yanğının tarixçəsi”

Fazil Mustafa

Fazil Mustafa

Millət vəkili Fazil Mustafa da sosial şəbəkədə yazıb ki, , Nobel prospektində 9-mərtəbəli binanın yanıb kül olması təsadüfi hadisə deyil: “Vətəndaşların bu cür izdirabını görmək üzücüdür. Kiminsə axmaq metodlarla pul qazanması üçün bu qədər insanı belə ağır bir problemlə üz-üzə qoydular.Yadıma Qabriel Qarsia Markesin illər öncə oxuduğum "Gözlənilən bir qətlin tarixçəsi" əsəri düşdü. Hamı bu qətli gözləyirdi, bilirdilər ki, Santyaqo Nasarı öldürəcəklər, ancaq önləmək üçün tədbir görməyi düşünmək o əyalət qəsəbəsinin sakinləri üçün yad idi. Çünki hamının başı pul qazanmağa qarışmışdı. Oda davamsız materiallarla üzlənmiş Bakının bütün köhnə binalarının bu cür yanma riski olduğunu ağlı başında olan hər kəs bilir. Xüsusilə də, intensiv küləyin olduğu şəhərdə bu risk daha da artıqdır. Ancaq nə etməli? Kiminsə gətirdiyi mal əlində qalmayacaq ki?.. Hələ bəlkə də bu hadisəyə sevinənlər də tapılacaq... Aha, təmir pulunu xərcləməyə bir bina da gəldi! Hələ bir açıqlama da verirlər ki, "zərərçəkmiş ailələrdən kim istəsə, sığınacaqla təmin olunacaq". Görəsən, bu "istəsə" sözünü təmir etməzdən öncə bina sakinlərindən soruşmaq olmazdımı? Yəni "siz vətəndaşlar istəyirsinizmi bu oda davamsız materialdan binanızı üzləyək?" sualını verən olubmu? Gec də olsa, bütün bu tipli yanğın riski olan səfeh üzləmə kampaniyası dərhal dayandırılmalı, oda davamsız materialdan üzlənmiş binaların təhlükəsizliyi barədə ciddi tədbirlər görülməlidir”.

“İşin keyfiyyətinə əmin olmamış bir qəpik də vermirlər”

Afət Yaqubova adlı Facebook istifadəçisi yazır ki, “kiçik bir özəl şirkətin balaca bir tələbini yerinə yetirdikdə işin keyfiyyətinə tam əmin olmamış adama qəpik” belə vermirlər: “Yəni bu boyda tenderlər əsasında keçirilməsi vacib olan və guya keçirilən dövlət sifarişlərinin icrasını qəbul edib, onun zəmanətini verən bir qurum yoxdurmu?”

AzadlıqRadiosuna göndərdiyi bir oxucu yazır ki, bu günlərdə FHN Dövlət Yanğın Nəzarəti Xidməti onlara yaşadıqları binaya vurulan poliuretan üzlüyün çətin yanan materialdan olması bildirilib. Qurum bu materialın 2012-ci ildə yanğın təhqiqatı laboratoriyasında sınaqdan keçirildiyini deyir. Materiallar isə “Global Stane” MMC-nin istehsal etdiyi kaparol boyası ilə işlənib, - dövlət qurumunun cavabında göstərilib.

“Heç kim sığortalanmayıb”

Nazim Məmmədov

Nazim Məmmədov

Keçmiş deputat, iqtisadçı Nazim Məmmədov AzadlıqRadiosunamüsahibəsində deyir ki, sahibkarlıqda rəqabətli mühit olmadığından istənilən keyfiyyətdə məhsula, materialı sertifikatlaşdırmaq, tikintidə təhlükəsizliyinə rəy almaq imkanları var və bu boşluqlar doldurilmayana qədər heç kim Nobel, Azadlıq prospektlərindəki kimi hadisələrdən sığortalanmayıb: “Başqa bir problem ortaya çıxacaq. Həyatımıza, sağlamlığımıza təhlükə yaradacaq digər məsələlər ortaya çıxacaq. Ölkədə rüşvətə, korrupsiyaya, monopoliyaya son qoyulandan sonra bu məsələlər təsadüfi xarakter daşıyacaq”.

Nazim Məmmədov deyir ki, dövlət qurumları günahı bir-birinin üstünə atmaqla məsuliyyətdən yaxa qurtarmağa çalışırlar: “Binaya keyfiyyətsiz üzlük vurulmasına cavabdeh təşkilatlar kimdir? Sifarişçilər var, bu, Bakı şəhər icra hakimiyyətidir, biz hər yerdə plakatlar görürük ki, yazılıb: “Bu binada təmir işini Bakı şəhər icra hakimiyyəti aparır”. Fövqəladə Hallar Nazirliyinin bu materiala rəy verənləri müəyyənləşməlidir. Dövlət Standartlaşma və Metrologiya Dövlət Komitəsinin verdiyi sertifkat araşdırılmalıdır. Çünki hamıya deyiblər ki, bu material yanmır, əriyir. Amma videokadrlardan da görünür ki, bina 2 dəqiqəyə alışır”.

Nazim Məmmədov bir iş sahibinin həbsini düzğün saymır, onun fikrincə, cəzalandırılmalı sonuncu adam bəlkə elə bu iş adamıdır, çünki təmir işi ilə bağlı sifariş verəndə, qiymətləndirmə aparanda buna nəzarət edən qurumlar olub.

Cavabını gözləyən suallar...

Bakıda təkcə yaşayış binaları yox, dövlət qurumlarının binaları, uşaq bağçaları və məktəblərin divarına da üz çəkilib. Bu üzlüklər oda davamlıdırmı? Hamısındamı yanan materialdan istifadə olunub? Bütün binaların üzlükləri dəyişəcəkmi? Daha hansı binalar kibrit çöpünə bənddir? Ümid edək ki, 16 mərtəbəli binanın yanmasından sonra prezident yanında yaradılan Dövlət Komissiyası bu suallara cavab verəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG