Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:44

Kartof becərən sahibkarlar gömrük rüsumlarının çoxluğundan şikayətlənirlər...


-

Cəlilabad və Masallıda kartof yığımı başlanıb. Qəribədir ki, fermerlər məhsul yığımından və satışından həm razıdırlar, həm də narazı.

Cəlilabad rayonunun Sabirabad kənd sakni, sahibkar İlham Məmmədov deyir ki, bu il məhsul boldur:

“Bir neçə nəfərlə birləşərək 5 hektarda kartof əkmişəm. Məhsuldarlıqdan narazı deyilik. Neçə gündür ki, Rusiyaya kartof daşıyan yük maşınları burda durur. Yerindəcə kartofun 1 kiloqramını 40-45 qəpiyə satırıq. Toxumluq karofun kilosunu isə 55-60 qəpiyə almışıq. Buna da razıyıq.”

Gömrük rüsumlarından narazılıq...

Bəs fermer nədən narazıdır? O deyir ki, gömrükdə kartof daşıyan maşınlardan alınan rüsum çoxdur. Əlavə dəyər vergisi də alırlar:

“Son nəticədə kartofun alış qiyməti aşağı düşür. Bu da bizə ziyandır.”

Masallı rayonunun Təklə kənd sakni Səmədağa Səmədov isə deyir ki, polietilen altında yetişdirilən kartof məsulları artıq çıxarılaraq satılıb. Bir neçə gündən sonra açıq sahədən məhsul yığılacaq. Onun deməsinə görə, bu il kartof sahələri su altında qaldığından bir çox sahibkarlar ziyana düşüb:

“Kartof sahələrinin yaxınlığından çay keçir. Bu il yağıntı çox oldu, sahələr su altında qaldı, kartof çürüdü. Su altında qalmış sahələr 40 hektara çatır. Bəri başdan ziyana düşmüşük.”

Rayon bazarlarında təzə yerli kartofun 1 kiloqramı 60-80 qəpiyədir. Bu qiymətin aşağı düşəcəyi gözlənilir.

Bazarlarda,İrandan,Türkiyədən,Pakistandan gətirilən kartof da satılır.

Əhalinin xeyrinə, fermerlərin ziyanına...

İqtisadçı Vidadi Mirzəyev deyir ki, kartof gəlirli sahədir.Əsas məsələ məhsuldarlığı mümkün qədər artıra bilməkdir. Bazarın da olması vacibdir:

“Bir hektarda 3 ton toxumluq kartof əkilir.Cəlilabadda hər hektardan ən azı 25-30 ton məhsul götürmək mümkündür.Bu da 7-8 min manat gəlir deməkdir.”

İqtisadçı deyir ki, Cənub bölgəsində çiyələk istehsalı da artıb. Onun fikrincə, kənd təsərrüfatına investisya qoymaq vacibdir. Lakin Azərbaycanda kənd təsərrüfatına böyük həcimdə investisya qoymaqdan çəkinirlər.Ona görə də bu sahə ləng inkişaf edir.

İqtisadçının sözlərinə görə, gömrük daxili bazarı da nəzərə almalıdır. Ölkədən ixrac artsa, daxili bazarda qiymətlər qalxa bilər. Bu isə əhalinin ziyanına, fermerlərin xeyrinədir.

Cəlilabadda 67 min hektardan çox sahədə kartof əkildiyi bildirilir.

Fermerlərin rüsumların yüksək olması ilə bağlı şikayətlərinə münasibət öyrənmək üçün Cənub bölgəsindəki gömrük idarələrinə müraciət etdik. Ancaq oradan suallarımıza cavab ala bilmədik.

XS
SM
MD
LG