Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:08

-

Sabirabad şəhərindən Kürqırağı kəndlərə gedən yolda hərəkət edən, yük yerində iri daşlar olan “Kamaz”lar 2010-cu ilin yazını xatırladır.

Onda da daş daşıyan yük maşınları, ağır texnika “Padar yolu”nda tozanaq qoparırdı.

Hazırda isə Yevlax rayonundan daşınan bu daşlardan Kür çayının Qasımbəyli kəndindən keçən hissəsində sahilbərkitmə işlərində istifadə edilir.

Bu yerlərdə elektrik infrastrukturu da yenidən qurulur. Vaxtilə sutkada 7-8 saat işıq üzü görən Kürqırağı kəndlərdə elektrik enerjisi fasiləsiz verilməyə başlayıb.

Amma sakinlər buna sevinməyə macal tapmamış, başqa “sürprizlə” üzləşiblər. Hamıya bir ucdan iri məbləğdə borcunun olması barədə bildiriş təqdim olunur...

"Sel zamanı bizim kənd su altında qalmışdı. Əhali kənddən çıxarıldı, bir də su çəkiləndən sonra geri qayıtdıq. Yolumuz bərpa edildi, ev, məktəb tikildi- bu işlərdən çox razıyıq. Amma elektrik şəbəkəsi bizim ayağımıza qeyri-qanuni olaraq iri məbləğdə borc yazıb, nəfəsimizi kəsir.”

Bu sözləri Sabirabad rayonunun Yuxarı Axtaçı kəndinin sakini Bəxtiyar Əliyev deyir. O, bildirir ki, daşqın zamanı şalbanlar aşıb, naqillər qırılıb, transformator və sayğaclar sıradan çıxıb:

“Təbii fəlakətin nəticələri aradan qaldırılarkən əvvəlki elektrik sayğacları bərpa edilmədi. Dedilər yaxın vaxtlarda smart-kart tipli sayğaca keçiləcək. Ona görə 2011-2014-cü illərdə hər ev başına 10 manat işıq pulu yığıblar. Əhalinin 90 faizi bu haqqı hər ay ödəyib. Elə ki, karta keçildi, məlum oldu ki, ötən illərə görə hamının “ayağına” 700-lə 1800 manat arası debitor borc yazılıb.”

“İlham gələ kəndə, dərdini ona deyəsən”

Səhliyar Əliyev (solda)

Səhliyar Əliyev (solda)

​Yuxarı Axtaçı kəndinin 86 yaşlı sakini Səhliyar Əliyev deyir ki, borclu olmadığını heç cür sübuta yetirə bilmir:

“Elə bir ay olmayıb ki, işıq pulu ödəməyim. Poçtdan aldığım qəbzləri aparıb elektrik şəbəkə rəisinin qarşısına tökdüm. Dedi onlar saxtadır, idarənin hesabına pul gəlməyib. Mən nə bilim kim harada nə saxtakarlıq edib, mən axı işlətdiyim işığın pulunu ödəmişəm. Əlimə kağız veriblər ki, 761 manat borcun var. Yataqda olan adamam, əl ağacı ilə gəzirəm. Bilmirəm pensiyamı bir çətən külfətimin dolanışığına, müalicəmə sərf edim, yoxsa bu yalançı borcu ödəməyə. Buradakılar şikayətimə baxmır, İlham gələ kəndə, dərdini ona deyəsən.”

Sakinlərə borcu 2 ilə ödəmək təklif olunub

Borc kağızı

Borc kağızı

Kənd sakinləri dəfələrlə həm elektrik şəbəkəsində, həm Rayon İcra Hakimiyyətində, həm də Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsində olduqlarını bildirirlər. Lakin şikayətləri dinlənsə də tədbir görülmədiyini deyirlər. Sakin İltizam Əhmədov enerji satışını həyata keçirən idarədən onlara verilən “debitor borcun ödənilməsi barədə razılaşma protokolu”nu göstərir:

“Gördülər ki, adımıza yazdıqları borcu birnəfəsə ala bilməyəcəklər, enerji verilişini dayandırmaq isə kəskin etiraza səbəb ola bilər, ona görə güzəştli variant- borcu 2 il ərzində ödəməyi təklif etdilər. Biz bu sənədi imzalamağa məcbur edilmişik. Çünki razılaşmayanların evinə işıq verilmirdi. Baxın, mənim “ayağıma” yazılan 990 manat 72 qəpiyi 2015-16-cı illər üzrə bölüşdürüblər, hər ay 41 manat 28 qəpik ödəməliyəm. Poçta tapşırıq veriblər ki, köhnə borcu qrafik üzrə ödəməyənlərin istehlak kartına pul yüklənilməsin.”

Kabelləşmə işindəki qəribəlik

Yuxarı Axtaçı kəndinin başqa bir sakini Azər Əliyev Kürqırağı kəndlərə smart-kart tipli sayğacların quraşdırılması işində şübhəli məqam olduğunu iddia edir:

“Bu işə əvvəl Saatlının Novruzlu kəndindən başladılar. Orada bir neçə evə sayğac quraşdırıb keçdilər Əsgərbəyliyə. Buradakı evlərin yarısını sayğaclaşdırıb üz tutdular Muradbəyliyə. Orada 40 evi işləyib, gəldilər Yuxarı Axtaçıya. Bizdə bir az işləyib təzədən Muradbəyliyə qayıtdılar. Orada cəmi 10 evə sayğac qoyub, Qasımbəyliyə keçdilər, sonuncuda 30 evi işləyəndən sonra yenə qayıdıblar bizim kəndə. Bax beləcə 4-5 kəndin başında dövr edirlər.

Əgər bu kəndlər üzrə kabelləşmə getməlidirsə, bir kənddə iş qurtarmamış o birinə niyə keçilir? Texnika, alət və avadanlıqlar gah bu kəndə daşınır, gah da o kəndə. Əslində məqsədləri bizə aydındır: bütöv bir kəndin əhalisi ayağa qalxmasın deyə işi hissə-hissə görürlər, narazılar isə kiçik qrup olur. Vaxtı da uzadırlar ki, bir ucdan “havadan” yazdıqları borcu yığa bilsinlər.”

İcra nümayəndəsi deyir ki, bəzi borclar silinib

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Qasımbəyli inzibati ərazi vahidi üzrə nümayəndəsi Afət Isgəndərov Yuxarı Axtaçı kənd sakinlərinin şikayətlərinin dəfələrlə Rayon İcra Hakimiyyətində müzakirə olunduğunu deyir:

“İcra başçısı bu məsələnin yoluna qoyulması, əsaslı tələblərin təmin edilməsi üçün çox zəhmət çəkib. Onun təklifi və təşəbbüsü ilə Şirvan regional elektrik şəbəkəsində araşdırma komissiyası yaradılıb. Komissiya ayda bir dəfə bu qəbildən olan şikayətlərə baxır. İndiyədək 55 abonentin borcunda silinmə olub. Elə adam var ki, 600 manat borcunun hamısı, eləsi də var ki, 300 manatlıq borcunun 100 manatı silinib. Kim hesab edirsə ki, ona borc əsassız hesablanıb, həmin komissiyaya müraciət edə bilər.”

“Qurunun oduna yaş da yanıb”

Sabirabad Elektrik Şəbəkəsinin rəisi Elşad Rzayevlə əlaqə saxlamaq cəhdlərimiz nəticə vermədi. Şirvan Regional Elektrik Şəbəkəsindən isə bildirildi ki, Sabirabad sakinlərinin adına debitor borc “Azərenerji” ASC-nin tabeliyində olan qurumlar tərəfindən hesablanıb. Prezidentin məlum sərəncamından sonra bütün suallar yeni yaradılan “Azərişıq” ASC-yə ünvanlanmalıdır. Hələlik isə sonuncunun yerli strukturları fəaliyyətə başlamayıb.

Adının açıqlanmasını istəməyən mənbə həmçinin bildirdi ki, problem əvvəlki vaxtlarda yerli elektrik şəbəkəsi rəhbərlərinin səriştəsizliyi nəticəsində yaranıb:

“Daşqından sonra ev başına 10 manat alınıb, əslində isə enerjidən bundan artıq dəyərdə istifadə edilib. Enerji haqqının belə yığımı sakinlərə də sərfəli idi. Ona görə bəziləri sayğacları özləri sındırıb gizlədiblər. Onlardan toplanılan pulların isə hamısı idarənin hesabına köçürülməyib. Yaranmış vəziyyətdən sui-istifadə edib, pul ödəməyənlər də olub. Elə buna görə o kəndlərdə nəzarətçilər tez-tez dəyişdirilirdi. Vahidlik üzrə illərlə yığılmış borc sakinlər arasında proporsional qaydada bölüşdürüldüyündən, necə deyərlər, qurunun oduna yaş da yanıb. Sənədlərdə hamının adı qarşısında borc məbləği olub və illərlə üst-üstə toplanıb.”

“Burada fərqli cəmiyyət mövcud olub, ya hökumət olmayıb?!”

Bölgədə fəaliyyət göstərən “Aran” İctimai Birliyinin sədri Nəsrəddin Kərəmov qəfil ortaya çıxan debitor borcların xeyli sayda sual doğurduğunu deyir:

“Necə olur ki, bu borc məsələsi “smart-kart”a keçiləndən sonra ortaya çıxır? Axı lap əvvəlki vaxtlarda da sayğacdan kənar enerji haqqı yığılıb və heç yerdə belə hal yaranmayıb. Əgər sakinlər istifadə etdiyi enerjinin haqqını vermirdisə, niyə bu 4-5 il ərzində təsirli tədbir görülməyib, ya heç olmasa, onlara rəsmi qaydada bildiriş təqdim olunmayıb? Qasımbəyli inzibati vahidliyi üzrə 4 kənddə ümumilikdə 1000-dən çox ev var, əgər ucdantutma hamıya belə borc yazılacaqsa, bu, ümumilikdə 1 milyon manat pul edir. Doğrudanmı bu kəndlərdə bir nəfər də olsun illərlə enerji haqqını ödəməyib?! Burada fərqli cəmiyyət mövcud olub, ya hökumət olmayıb?! Fəlakət qurbanı olan hər ailənin “belinə” min manatlıq borc yükləmək heç insafdan deyil. ”

İndiyədək olan etirazları polis yatırdıb

Qeyd edək ki, “işıq borcu”na görə 2014-cü ilin aprelin 10-da Saatlının Novruzlu və Sabirabadın Camallı kəndlərində etiraz aksiyası keçirilməsinə cəhd göstərilib. Hər iki aksiyanı polis dağıdıb.

XS
SM
MD
LG