Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:34

«Sovetski»də sökülən yerləri indi də hasarlayırlar


Milli Dram Tearından başlamış üzüyuxarı Nərimanov prospektinə qədər olan ərazilər və iç küçələr hasarlanır.

Milli Dram Tearından başlamış üzüyuxarı Nərimanov prospektinə qədər olan ərazilər və iç küçələr hasarlanır.

-

«Hələ burda belədir, aşağıda lap barmaqlıqlar düzəldiblər. Buraları dəmirlərlə bağlayıblar...».

Cəmilə Məmmədova bir neçə gündür həyətinə dəmir hasarların içiylə gedib-gəlir. Şəhərin mərkəzində - Milli Dram Tearından başlamış üzüyuxarı Nərimanov prospektinə qədər olan ərazilər və iç küçələr hasarlanır. Bəziləri iri qalın dəmir hasarlarla, bəziləri barmaqlıqlarla. Bu ərazilər söküləndən sonra ətraf xarabalıqları xatırladır, indi isə ərazidə hasarlama gedir. Dəmir hasarların bəzilərini neçə gündür əsən külək uçurdub. Burda yaşayanlar deyir ki, «hasarlama Avropa Oyunlarına görədir, bizi turistlərdən gizlətmək istəyirlər».

- «Bomba düşmüş yerlərə oxşayır buralar. Ona görə gizlədirlər».

- «Avropa Oyunlarına görədir. Söküntünü çatdıra bilmədilər, indi də gizlətməyə başlayıblar. Camaatın evini uçurtdular, indi də plakatlar vuracaqlar ki, gözəl görünsün».

«DİKTATURA YOX, DEMOKRATİYA», «BIZ KÖÇMÜRÜK», «SÖKMƏ»...

Hasarlanma hələ uçurdulub-dağıdılmış həyətlərin çox hissəsinə gəlib çıxmayıb. Ona görə xarabalıqların böyük hissəsi üzdədir. Həm də üzdə olan təkcə bu divarlar yox, divarlara yazılmış, əvvəllər rast gəlinməyən şüarlardır. Buraları gəzdikcə divarlara yazılmış «Diktatura yox, demokratiya», «Biz köçmürük», «Sökmə» kimi yazılarla qarşılaşmaq olur. Elə küçə var ki, divarda əsl rəsm əsərləri görmək olur:

İndi dağıntıların içindən peşəkar rəssamın fırçasından çıxan dənizi seyr edən qadın, mənzərə boylanır.

İndi dağıntıların içindən peşəkar rəssamın fırçasından çıxan dənizi seyr edən qadın, mənzərə boylanır.

«Baxın, burda bir rəssamın qızı yaşayırdı. Ata-baba evləri idi, çox gözəl ev idi. Söküb dağıtdılar, onlar da məcbur olub çıxdılar, nə pul verdilər ki onlara, heç nə, qəpik-quruş...».

Asəf Zeynallı küçəsində yaşayan Vaqif Əliyev deyir bunu. Rəsm əsərləri çəkilmiş divarlar vaxtilə qonşusunun evi olub. İndi dağıntıların içindən peşəkar rəssamın fırçasından çıxan dənizi seyr edən qadın, mənzərə boylanır.

İNCİDİRLƏR, ALDADIRLAR BİZİ...

Vaqif Əliyev özü isə evindən nigaran, köçməkdən imtina edən onlarla ailə başçılarındandır:

Dəmir hasarlar.

Dəmir hasarlar.

«Camaatı incidirlər. Bir ildən çoxdur aldadırlar bizi. Gah kvadratı az ölçürlər, gah da çox olanı az yazırlar. Nə istəyirlər, eləyirlər. 3 oğlumun ailəsi, bir də həyat yoldaşımla 60 kvadratlıq evimdə yaşayıram. Təmir eləyib yaşayıram. Pis, yaxşı, evimdir də. İndi məni burdan çıxardıb əlimə hər kvadrata görə 1500 manat verəcəksən. O pula harada gedib 4 ailəyə ev alacağam? Ya onlara ev versin, ya da çıxmaqdan imtina edirəm. Deyir, məcbur çıxardacaqlar. Onda gərək bu yaşımda çıxıb küçədə yaşayım».

Evindən köçmək istəməyən Cəmilə Məmmədova da deyir ki, başına nə gələcəyini bilmir: «Hələ iyunda oyunlar keçiriləcək. Bizim hökumətə oyun lazımdır, camaat yox. Camaata düz-əməlli pul vermirlər. Çünki pulları o oyunlara tökürlər».

Divarda şüar.

Divarda şüar.

Yasamal rayon İcra Hakimiyyətindən bildirdilər ki, hasarlama ətrafdakı tullantıların əraziyə toplanmamasının qarşısını almaq üçündür. O ki, qaldı camaatın nə vaxt köçürüləcəyinə, bunun dəqiq vaxtını hələ bilmirlər.

«Sovetski» məhəlləsində evlərin sökülməsinə keçən ildən başlanılıb. Hökumət hər kvadratmetrə görə sakinlərə 1500 manat təklif edir. Bununla razılaşmayanlar bir neçə dəfə etiraz aksiyası da keçirib.

Rəsmi qurumlar sökülən evlərin yerində park və yol salınacağını bildirib. Söküntünün 3 il çəkəcəyi planlaşdırılır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG