Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:05

-

"Nəşriyyatda kimliyimi biləndən sonra gecəylə kitablarımı dəzgahla doğramışdılar."

"Heç kim ədəbiyyat sahəsində senzura olduğundan gileylənə bilməz".

"Yəqin ki hal- hazırda dünyada mənim qədər senzuraya məruz qalan ikinci yazar yoxdu"

Bu günlərdə Jurnalistləri Müdafiə Komitəsi (CPJ) beynəlxalq təşkilatı ən çox senzura tətbiq olunan ölkələrin siyahısını açıqladı. Azərbaycan həmin siyahıda ilk beşlikdə yer alır.

Bəs görəsən Azərbaycan yazarları, jurnalistləri senzura hiss edirlərmi?

Niyazi Mehdi, filosof

Ümumiyyətlə götürəndə Azərbaycanda senzura yoxdur, çünki biz vaxtilə əsl senzuranı görmüşük. Belə çıxır ancaq daxili senzura var. Mən özümə senzura qoyuram, bəzən bu senzuradan razı qalıram, bəzən də narazı.

Saytlarda yazdığım yazılarda çox məsələlərə toxuna bilirəm, bircə bəzən əxlaqi normalara görə, bir də siyasi məsələlərdə qırmızı xətləri nəzərə alıram və məncə bu təbiidir. Dünyanın hər yerində belədir. Ancaq gördüyüm odur ki, on il əvvəl adamların özlərinin özlərinə qoyduqları senzura daha zəif idi, nəinki indi.

Əli Novruzov, bloqçu, yazıçı

Əli Novruzov

Əli Novruzov

Azərbaycanda tənqidə dözümsüzlük var və bu təkcə hökümət tərəfdən deyil, bəzən də müxalifət tərəfdəndir. Hökümətin əlində gücü var, ona görə də o hansısa tənqidi bəyənməsə tənqid edəni cəzalandırır, ancaq əlində gücü olmayan ictimai qüvvələri, yaxud fərdləri də tənqid etmək çox çətindir.

Azərbaycan kiçik ölkə olduğu üçün hansısa bir mövzuda, ya da kiminsə mövqeyi haqda öz fikirlərini yazsan, gərək bir xeyli insanla düşmən olasan. Ədəbi cameədə də belədir, kiminsə ktiabını, yaxud yazısını tənqid etdinsə, həmin adamla düşmən olursan.

Məncə, Azərbaycan yazıçıları tənqidə təzə-təzə öyrəşirlər. Siyasi mövzularda tənqid imkanları da aydındır, görünən kənd bələdçi istəmir, hər kəs Azərbaycanda siyasi tənqidə necə münasibət göstəriləcəyini bilir. Pis tendensiya odur ki, tənqidə dözümlülük artmaqdansa azalır, Azərbaycan höküməti bir neçə il əvvəl tənqidə daha dözümlü idi, indi isə sanki daha dözümsüz olub.

Bu həm də özünü təkrarlama effekti verir, hökümət tənqidə dözümsüz yanaşırsa, adi adamlar da bu cür yanaşır. Çünki, baxıb görürlər yuxarıda oturan məmurlar tənqidə necə yanaşırlarsa, insanlar da elə yanaşmağa başlayırlar. Bu yanaşma tədricən cəmiyyətin bütün sferalarına yayılır. Bu ölkədə çox az adam var ki, ona baxıb nümunə götürmək olar ki, bu adam tənqidə dözümlü yanaşır, mən də ona baxıb dözümlü yanaşa bilərəm. Adicə Facebookdakı davranışlara baxaq, ad çəkmək istəmirəm, amma bəziləri götürürlər bəyənmədikləri şərhlərə görə onlarla insanı bloklayırlar.

Şərif Ağayar, yazıçı

Şərif Ağayar

Şərif Ağayar

Mən özüm özümə daxili senzura qoyuram, çox az hallarda olub ki, hansısa bədii mətnim çap olunmayıb. Adətən nə yazmışamsa çap olunub.

Ancaq köşə yazarı kimi cəmiyyətin nəyə hazır olduğunu, nəyə hazır olmadığını özüm bilirəm, bilirəm ki, haracan yazmaq olar.

Bu məsələləri daxilimdə özüm tənzimləyirəm deyə hələ elə bir senzurayla qarşılaşmamışam.

Murad Köhnəqala, yazıçı

Murad Köhnəqala

Murad Köhnəqala

Mən bədii yaradıcılıqda özümə qarşı hansısa senzura hiss etməmişəm, lakin publisistik yazılarım bu və ya digər mətbuat orqanlarında, kitab halında çap olunarkən cəmiyyət tərəfindən müəyyən basqılar gözləyirəm.

Buna yazılmamış senzura demək olar.

Bu gün cəmiyyət o qədər dindarlaşıb ki, yazıçı məcburən müəyyən çərçivəni gözləməli olur. Mən bu senzuranı bilirəm, başqa senzura görməmişəm.

Bəxtiyar Hidayət, şair, yazar

Bəxtiyar Hidayət

Bəxtiyar Hidayət

O siyahını tərtib edənlər çox-çox ədalətsizlik ediblər. Gərək Azərbaycana birinci yeri verəydilər. Mən iki kitab müəllifiyəm. Hal-hazırda 4-5 kitablıq yazı-pozum var. Siyasi məhbus olmuşam, kitabım qadağan olunub, bunlar öz yerində. Amma inanın, heç vaxt indiki kimi yaradıcılıqla belə ardıcıl məşğul olmamışam, hər gün azı 2-3 saat yazıram. Xeyli povest-hekayə yazdım bu aralar.

Di gəl çap olunmağa yer yoxdu. İqtidar mediasına özüm yazı vermək istəmirəm. Ümüd qalır umub-küsdüyüm yerlərə. Müxalif mətbuata. Onlarda da çap olunmaq müşkülə çevrilib. Bu yaxınlarda bir məqaləni göndərmədiyim yer qalmadı - “Üzük əməliyyatı, bəy havası və toydan sonra nağara” adlı məqalə idi. Məcbur qalıb bloqa qoydum. Amma kimsə meyxanafason bir mətn yazanda ölkənin gündəminə gətirirlər. Heç hekayələrimə də yer tapmıram. Son vaxtlar yalnız və yalnız kultur.az saytında dərc olunuram. Bir də yaxşı ki “Yazı” dərgisi var.

Məsələn, Azadlıq Radiosunda guya məndən yaxşılarımı dərc olunur? Meydan TV-də elə, "Azadlıq" qəzeti elə. "Yeni Musavat"dan isə 2003-dən üzümü döndərmişəm - mən Bayıl türməsindən şeir göndərirəm bunlara, bunlar da Vaqif Cəbrayılzadənin türmə şeirlərini verirlər, mənim şeirlərimi it-bata salırlar. Bir də ora yazı göndərməyə dəyərmi? Oxu Zalına yazılarımı yollayanda cavab gəlir ki, biz indi seçib veririk, hardangəldi vermirik. Bu da bir növ senzuradır.

Ölkədə “roman bumu” yaşanan vaxt mən də roman göndərdim “Qanun” nəşriyyatına. Amma 7 ay Şahbaz Xuduoğludan cavab gəlmədi - sonra da dedi işə Günel Mövlud baxır. Günel dedi- müsbət rəy yazmışam, Şahbaz dedi yox, mənfi rəy yazıb. Axırda üz döndərdim ikisindən də. Bu deyildimi əsl senzura?

Meydan TV-də çap olunmaq üçün bir ildən çoxdur CV göndərmişəm, cavab yoxdur. Bu deyilmi əsl senzura? Kitabımın iki dəfə təqdimat mərasimi oldu- bir-iki yerdən başqa heç yerdən jurnalist gəlməmişdi - bu deyildimi əsl senzura?

Kitabımın təqdimat mərasimi haqda “Azərbaycan saatı”na da müsahibə vermişdim. İçəri şəhər metrosunun yanında çəkiliş olmuşdu. Amma heç informasiya da getmədi.

Yəqin ki hal- hazırda dünyada mənim qədər senzuraya məruz qalan ikinci yazar yoxdu. Amma heç vecimə də deyil- öz yazdıqlarımın qiymətini də bilirəm, qədrini də.

Xaliq Bahadır, publisist-yazıçı

Xaliq Bahadır

Xaliq Bahadır

Mən hakimiyyətə bağlı mətbuatda çap olunmadığım üçün elə bir senzura hiss etməmişəm, ancaq bədii-publisistik yaradıcılığımda müəyyən senzurayla qarşılaşmışam. Nəşriyyatların birində “Baxıb türkün bayrağına” kitabım çap olunmuşdu. Gedib kitabdan iki ədədini götürdüm, sonra nəşriyyatdakılar hardansa mənim kimliyimdən xəbər tutmuşdular və bir gecədə kitabın hamısını dəzgahla doğramışdılar. Ondan sonra bir neçə nəşriyyata getdim, heç biri kitabımın yenidən nəşrinə razılıq vermədi. Nəşriyyat sahiblərindən ancaq biri açıqca dedi ki, bizə göstəriş verilib - dövlətə qarşı kitabları çap edə bilmərik. Başa sala bilmədim ki, mənim kitabım dövlətə qarşı deyil, hökümətə qarşıdır. O adam dövlətlə hökümətin fərqini bilmirdi.

Əlabbas, yazıçı

Əlabbas

Əlabbas

Mən heç vaxt senzura hiss etməmişəm. İndi hətta onu-bunu söyənləri də çap edirlər.

Heç kim ədəbiyyat sahəsində senzura olduğundan gileylənə bilməz.

Söhbət əlbəttə ki, ədəbiyyatdan gedir, mətbuatda, publisistikada belə bir problemin olduğu haqda danışılır, ancaq mən bir yazıçı kimi ürəyim istəyəni yaza bilirəm.

Emin Piri, şair

Emin Piri

Emin Piri

Deyə bilərəm ki, digər sahələrlə müqayisədə ölkədə senzuranın ən az olduğu sahə ədəbiyyat sahəsidir. Ola bilsin bu, ədəbiyyat adamlarının daha azad insanlar olmasıyla bağlıdır.

Yazıçılar öz fikirlərini tam açıq da olmasa, ifadə edə bilirlər. Demirəm ki, bu bütün yazıçılara aiddir, bəlkə onlar arasında senzurayla üzləşənlər də var, ancaq öz adıma deyirəm ki, heç vaxt hansısa formada senzura ilə qarşılaşmamışam.

Günün bütün mövzuları

XS
SM
MD
LG