Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:34

101 il sevdiyim qadın üçün...


-

Ruzbeh Məmməd

Büstümün önündə bir uşağın oxuduğu şeir

Üzü qabar bağayıb üzünə baxılmaqdan

heykəllərin

Bircə bu şəhərdə heykəllərdən pul yığılmır -

durduğu yer haqqı!

Küçə təmizləyən qadınlar hər gün bir ağız üzünə tüpürür

Axşam da, səhər də

Allah haqqı...

Olmazın sevgisin yaşatdın mənə

Bir də çətin unudam bu yalqızlığı

Niyyətli deyildim səni sevməyə

əfv eylə,noolar bu uşaqlığı.

elə olmasaydı,belə olmazdı

unutmaq vardı ye, bu da bir işdi.

səni bilmirəm heç məndə bu çoxdan

lap çoxdan bildiyim köhnə vərdişdi...

hələ saçlarıma yağan bu ağ qar

arxamca tökülən göz yaşı olar

adamı unudar qırxillik qarı

bir vaxt sevdiyin qız başdaşı olar

101 il sevdiyim qadın üçün

Adamın öz qolu üstünə uzandığı andı gücsüzlüyü

ən isti xatirədi yaşanmamışlar

illərlə qapısı döyülməyən evəm mən...

bütün darıxmaların sonu darıxmaqdı,

bütün sıxıntıların öz rəngi var,

bütün görüşlər ayrılıqla bitməlidi

ən axmaq şey iradəsizlikdi.

bütün olaylar təsadüfdən yaranmır

düşündüyümüz müstəvinin o biri tərəfinə düşən şəkildi

bütün baxışlar...

ən çox gedilən yoldu xəyallar

ən çox oynanılan oyuncaqdı düşüncə

ən çox başa gələn şeydı darıxmaq

müqavimətin ən son həddi çarəsizlikdi

ən çox uzun sürən xəstəlikdi yaşamaq

ağlamıram yastığımdakı yaş saçlarının şehidi

nəfəsimlə əriyən,deyən kişilərdənəm mən də.

bütün sonsuzluqlar ”n” lə başlayırsa

bütün yalqızlıqların hərfi nədir bəs?

Ümümiyyətlə xəyalları harda azdıranda

qayıdıb dönə bilməz arxasınca adamın

Bütün xəstəliyin dərmanı yoxmuş sən demə

Hələ bu gün də sevgilisinə üç qat uduzan qızlar

Pəncərə lövhəsində sevdiyi oğlanın

adının baş hərfinin bədənini cızırsa

Şizofreniya xəstəliyinə onların övladlarının da

yoluxması ehtimalı yüzə-yüzdür..

əskidən qalan şəklə baxıb gülümsünürüksə

demək yeni olan heç nə yoxdur

artan lazımsız bioqrafiyalaradır

başımız ağrıyanda əskisitək sızlıyırıqsa

müqavimətin yoxluğunun nişanəsidi

adam tənha qalanda,yaxınlar da uzaqlaşır

uzaqlaşdıqca adam yalqızlaşır,

kiçik otaqlar böyüyür

otaqlar böyüdükcə adamlar qorxaqlaşır

ayağının altındakı yol ən vəfalı çıxır

səni gəzdirirsə deməli ən doğman sayılır

101 il sevdiyin qadın səni atırsa bu vəfasızlıq yox

Sənə yenidən şans tanıtmasıdır

Ara bir vaxt elə gəl darıxmağa

Dəstəyi qırılıb bu qapının da

Yeri yox yapışıb bir əl tutmağa

Bilirəm vaxtın yox kef içindəsən

Ara bir vaxt elə gəl darıxmağa

Ekranlar qaraldı qarışdı ömür

Çatmadım vaxtında keçdi bu ildə

Ay bala, kanalı dəyişdir görək

Danışır bilmirəm bu hansı dildə...

Girim tabutuma qol-boyun gəzim

Qoluma söykənsin quru taxtalar

Gözümü bağlama indidən, ana

Alnıma baxmışam hələ baxta var

***

Sən içində öldürdüyün

O mənə yazığın gəlsin

Neçə-neçə keçirdiyin

Dünənə yazığın gəlsin

Dişimlə cırmaqladığım

Gah da ki sığalladığım

Açıb öpüb bağladığım

Sinənə yazığın gəlsin

Həm sevib, həm də atdığım

Saçlarını dağıtdığım

Hər gün bir az unutduğum

Qız sənə yazığın gəlsin

Bu gün saatı 23 saat qabağa çəkdilər

Aqşin Yeniseyə məktub

qardaş, tanrı bizləri yaşamaqla cəzalandırıb.

bakirə arzular tükənibdi içimizdə,

zorlanıbdı insanlıq

bircə hər şey vərəqin köksündə bakirədi,

o da ki bir göz qırpımı içində

sözistanda ikicanlı sözlər

hər gün eyni təsəlli

-narahat olma,düzələr...

o sınmış, qolu olmayan ümidlərimə and olsun

həyatı mən anamın qarnında görmüşdüm

onun üçün doğulanda üç-dörd ağız ağladım

atam güləndə, anam sevinəndə mən çabalayıb ağlayırdım

son kəs peşman olmuşdum

and olsun xiffətimin bərəkətinə

yaşamağa yorğunam,susamışam öz qanıma

vallah bu dünyanın şəhəri də,kəndi də birdi.

harda insan varsa orada

nöqsan var,

harda ev varsa orda zibil var

harda şeytan varsa orda ehtiras var

özümü yerdə qoyub

göyün qübbəsində bir gecəlik yatmaq istəyirəm

bir-iki gün öz yerimə “unudulum”

bu axşam oturub doyunca dərd çəkmişəm kef yerinə

güzaranım ümidlərimi soluxdurmaqla,

nəm çəkmiş xəyalları qurutmaqla keçir

başım qarışıb vaxt tapıb ürəyimcə darıxammıram

bu gündə saatı 23 saat qabağa çəkdilər

üç yüz dəfə tanrıya edilən dua

və özümü dərk edəndə üç yüz dəfə tanrıdan dilədim ki,

tanrı, mənə qarğa ömrü verməklə cəzalandırma,

dilədim ki məni yaşamaqla günahlandırma...

Sonra da dilədim ki pişik qovan küçə itlərinə, küçədə yaşamaq,

həmin o pişik qovan itlərə,pişik qismət eləmə.

Dilədim ki çörək üçün zibilxanaları gəzən bomjun qarşısına ilk

dəfə sevdiyi qıza ”zibil atmaq günahını” yazma

Tanrı, Adəm olmağı da istəmirəm

Cənnətə getmək bir ayıb,cənnətindən getmək iki ayıb!

Yaman acımasız olar, əminəm, həm də utandırıcı

Korlanmış, vaxtı keçmiş bəxtlərdən yamama ömrümə

Uzağı bir gün ömür ver

O da ki öldürmək üçün bəndən olsun deyə...

Tanrı,əgər mənim yaradılışım anam üçün sevindirici olubsa

Anam məni bağışlasın

Mən məhkum deyiləm, cəzalanam ümidlərlə

Və özümü böyüdəm illərlə

yaşayam kifir özündən razı, özünü aldadan səfillərlə

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG