Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:00

-

Sərdar Amin

Yetmədiklərimə...

Birotaqlı,
çoxuşaqlı
evlər kimi hay-küylü xəyyallardan uzaq
bir şair yıxılıb qalıb içimdə.
Yaşıllığa “göy çəmən” demir daltonlar kimi.
Yuva quran qaratoyuqlar var ha -
çöp yığar bahar-bahar -
o da təbəssümdən qırışan sözlər yığar onlar kimi.
Yetdiklərimə yetər,
yetmədiklərimə
şeir atar.

Gözəl insan,
hər şey belə gerçək deyil,
belə boz deyil.
Həmişə torpaq olmur ki, sahil!
bəzən sular görünür üstündə dil-dil.
Sonra dalğaların cızdığı sahillərin
keyfini çıxarır qağayılar.
Bəzən də ağ ayılar...

Kişilər ay kişilər,
deyirlər
ürəyinizə gedən yol
mədənizdən keçir,
heç afrikalı uşaqlar yolçusu oldumu o yolun?
Kişilər ay kişilər,
Dar ağacından yıxılıb ölmədi heç kəs,
qoymadı kəndirlər.
Kişilər ay kişilər,
sizin də quru maaşınızı
isladırmı balalarınızın göz yaşı?
Korlar, can korlar,
“insanların həyata baxış bucağı fərqlidir” -
deyənlərin ağzından vurun.
Axı sizin bircə baxış bucağınız var,
o da kor bucaqdır.
Sizə kor deyənin ağzından vurun.
Deyin, “biz kor deyilik,
dünyanı görməyə gözümüz yoxdur”.
Lallar desin, “lal deyilik,
insanlara daha sözümüz yoxdur”.
Necə ki, cüzamlı dodaqlar deyərdi illər öncə:
“aranıza çıxmağa üzümüz yoxdur”.

Tarixçilər, ehey tarixçilər,
siz Allah boş-boş danışmayın heç vaxt.
Gəlin sizə bir sual verim:
“Toxtamış neçənci ildə toxtamış?”

Fələk, ey fələk,
daha səndən heç nə istəmirlər,
eylə külək, filan... deyə.
Qadınlar duyub onların niyyətini
şalvar geyəndən sonra,
itirib küləklər onlarçın əhəmiyyətini.
İtirib külək qadın baldırı göstərmək qabiliyyətini.
Onlarçın “qabiliyyətsiz küləklər”in şəhəri də itirib dadını.
Ceyran deyib, Ceyranbatanda batırdılar qadını.
Hər tində
tərəzidə gün ərzində
nə qədər ət tökdüyünü ölçən qadınlar,
çəkisini
nə qədər itirdiyini
ölçən kişilər.
Bundan ibarətdir onlarçın şəhər.
Eh onlar, onlar... hər gün artanlar...


* * *

Sinəsində güllə yeri bəsləyən bir şəhidin uşaqlıq şəkli asılıb ordan, bəsləyir.

Səddamın anası beşik yelləyir bu şəkildə, əsnəyir.

Hələ varkən bu dünyada Konstantinopol adlı yunan həsrəti,

Ulduz gözləyən yaralı ilan həsrəti...

Yağışla məni tanrım.

Hələ bu qız şəkli...

Yanağına qonan bir çimdik qızartı göylərdən indi süzülür,

o üzündən, bu üzündən öpülmüş kimi hiss edir özünü.

Payızın hər damcısı baharın bir ləçəyidir.

Yağışla tanrım məni...

Bu şəkilsə çox sadədi:

“Ay”. amma günəşin parçaladığı ay.

Ayyy, hələ buna bax, bir qadın var burda, qadın deyirəm sənə tanrım!

bir ağlayır ki, tut ucundan ürəyinə gir.

Yağışla məni.

Bu şəkildə bir uşaq var, ilk milçəyini indi öldürüb.

Bəlkə də sabah oyanan kimi anasının yanında durub boyunu yoxlayacaqdı.

Amma şəkil çəkdirdi.

Bu dünya mənim illuziyam, bu dünya mənim şəklim,

Bilirəm, varsan, düz demirəmsə, bir yağışla...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG