Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:41

«Mənim üçün ən böyük mükafat elə şeir yazmaqdı»


Ramiz Rövşən: «Bu gün dünyada ən defisit olan şey səmimiyyətdir»

Ramiz Rövşən: «Bu gün dünyada ən defisit olan şey səmimiyyətdir»

«Tanınmışlar»da budəfəki həmsöhbətimiz şair Ramiz Rövşəndir.


-Bəzi yazıçılar, şairlər şikayətlənirlər kitab nəşr etdirməkdə maliyyə problemləri olduğu deyirlər. Siz bu məsələni necə həll edirsiniz?


-Mənə elə gəlir ki, vacib məsələ yazmaqdır.


Şair kitab yazmır ki, şair şeir yazır. Bu mənada şairlik kustar sənətdir. Saysız-hesabsız kitablar çıxır. Nə qədər maliyyə problemləri olsa da şair işləyənlər nə qədər kitablar çap edirlər. Elə mənim özümə də xeyli kitablar bağışlayırlar. Açığını deyim ki, mənim kitabımı çap etməyə nəşriyyatlar maraqlıdır. Amma, kitabın maliyyə xərcləri var. Bu özümün və dostlarımın dəstəyi sahəsində çap olunacaq.


-Ramiz müəllim, indicə «şair işləyənlər» sözü dediniz. Bu barədə fikirlərinizi ətraflı deyə bilərsinizmi?


-Şairlik mahiyyət etibarı ilə sənət deyil. Bir ifadə var, mən onu çox sevirəm, deyir «şair insan növüdür». Yəni xeyli şeir yazmayıb, ancaq, şair olanlar var. Və xeyli şeir yazıb, şair olmayan saysız dərəcədə adamlar var. Şeirlə ailə dolandırmaq həmişə çətin olub. Mən şeirlə çörək qazanmağı heç vaxt üst-üstə düşən saymamışam. Amma normal cəmiyyətlərdə şair şeirlə də yaşaya bilər, baxır hansı şairə. Bu gün Azərbaycanda reallıq budur ki, heç bir şair, yazıçı, heç bir mədəniyyət xadimi öz sənəti ilə yaşaya bilməz. Çünki bu dəqiqə Azərbaycan mədəniyyəti və ədəbiyyatı özü-özünü yaşatmaq iqtidarında deyil. Bu da dövrün və zamanın mənzərəsi ilə bağlıdır.


Çox təəssüflər olsun ki, son on ildə vicdanlı adamların sayı get-gedə azalmaqdadır. Məscidlərin sayı artır, amma vicdanlı adamların sayı azalır
-Bəzən şairlər belə bir fikir söyləyirlər ki, şair Allaha yaxı, seçilmiş adamdır. Adi adamlardan fərqli olaraq şair Allaha nə qədər yaxındır?


-Təkcə şair allaha yaxın deyil, mənə elə gəlir ki, ümumiyyətlə hər bir insan Allaha yaxındır. Mənə görə, insanlar iki yerə bölünür: bir qrup insan hesab edir ki, görən var, bir qisim insanlar da elə bilirlər ki, görən yoxdur. Şair odur ki, ona elə gəlir ki, onu görən var. Mən bir dəfə yarızarafat demişdim ki, əgər peyğəmbər Allahın elçisidirsə şair Allahın casusudur. Tək şairlər deyil, ümumiyyətlə alimlər, filosofların son məqsədi ilahi həqiqəti tora salmaqdır. Yəni hansı mənadasa Allahı tora salmaqdır. Ona görə də onlar içi biz qarışıq uğursuz balıqçılardır.


-Bəs «uğursuz balıqçı»nın tanrısını necə təsəvvür edirsiniz?


-Bizim tanrı haqqında təsəvvürlərimiz heç nəyi həll etmir, sadəcə olaraq biz bilirik ki, tanrı var. Amma bizim özümüzdə də tanrının elçisi var, o da bizim vicdanımızdı. Yəni biz Allahımızı öz vicdanımızda tanıyırıq. Biz vicdanlı-vicdansız adama, Allahlı-Allahsız adam da deyə bilərik. Çox təəssüflər olsun ki, son on ildə vicdanlı adamların sayı get-gedə azalmaqdadır. Məscidlərin sayı artır, amma vicdanlı adamların sayı azalır.


-Nədir buna səbəb?


-Buna səbəb mühitdir. Bir rejim dəyişib, sistem dəyişib, amma, hələ heç bir sistem qurulmayıb. İndi biz öz milli kimliyimizə, dinimizə qayıtmaqdayıq və bu qayıdış da həmişə ağrılı keçir. Bu gün istər ölkədə, istər dünyada gedən proseslər də səmimiyyət çatışmır. Bu gün dünyada ən defisit olan şey səmimiyyətdir. Bunun da ağrısını çəkən şairlərdir. Bilirsiniz, şair mahiyyət etibarı ilə ötürücüdür. Cəmiyyətin ekologiyası çirklənəndə şairin onu süzgəcdən keçirib, şeir vasitəsi ilə ötürməyə şairin gücü çatmır. Fikir verdiniz, keçən «quş qripi» oldu, çoxlu sayda quşlar qırıldı. Niyə bir «öküz qripi» olmadı? Niyə bir «donuz qripi» olmadı? Çünki o məxluqların göylə yer arasında ən şairanəsi quşlardı. Ona görə mənə elə gəlir ki, mənəvi ekologiya pozulanda da onun birinci qurbanı poeziya olur.


-Ramiz müəllim poeziya, həm də məhəbbət deməkdir… Bu iki anlam çox vaxt bir yerdə götürülür. Bax, Ramiz Rövşənin təsəvvüründə məhəbbət nədir?


-Məhəbbət geniş anlayışdır. Dünya özü eşq üstə bərqərar olub, Allah özü sevgidi. Bayaq mən dedim dünyada səmimiyyət defisitə çıxıb. Belə olan halda elə məhəbbətdə silinib gedir. Bu gün insanlar arasında sözün hər mənasında məhəbbət itməkdədir. Nəinki insanlar arasında məhəbbət itməkdədir, ən kədərlisi odur ki, bu gün Azərbaycanda insanın özünü-özünə məhəbbəti itməkdədir. Bu gün Azərbaycan özü-öüzünü sevməyən insanların vətəninə çevrilib. İnsan özünü sevməyə səbəb tapa bilmir. Təbii ki, söhbət özünü hansısa dəyərlər görə sevmək istəyən vicdanlı insanlardan gedir.


-Ramiz müəllim, səhv etmirəmsə ailəniz böyük olub?


-Hə biz altı uşaq olmuşuq, beş uşaq da rəhmətə gedib.


-İtkiləriniz çox olub…


-Körpəliyimdə itkilərim çox olub, elə onlar da Ramizi şair elədi.


-Ramiz müəllim, ölümü nə vaxt hiss etmisiniz?


-Ölüm hissiyyatı məndə həmişə güclü olub. İndi mən altmış yaşına çatmışam. Bilmirəm bunu allahın bir bəxşişi, yoxsa qarğışı sayım… Amma heç vaxt altmış yaşıma çatmağımı təsəvvür etməzdim. Ölüm hissi insanda küskünlük və tabeçilik hissi doğurmamalıdır.


-Bəs ölümdən sonrakı həyat barədə nə düşünürsünüz?


-Mən insan ruhuna inanıram. Belə deyək, hər gün şeir yazmaq mümkündür. Amma, söhbət həqiqi şeirdən gedirsə, niyə biz hər gün yazmırıq. Deməli elə bil ki, əlimizin üstündə bir başqa əl var. Kosmik əlaqəni nəzərdə tuturam.


Əgər söhbət böyük zaman kəsiyindən gedirsə, çox şeyləri Ramiz Rövşənə münasibət yox, Ramiz Rövşənin münasibəti həll edəcək. Mən 60 yaşındayam və bu sözləri deməyə haqqım var

Mən inanmaq istəyirəm ki, bizim ömrünüz burada bitmir.


-Sizi mitinqdə çıxış edən də görmüşük. Çıxışlarınızda hardasa bir aqressivlik olur, bu necə sığışır sizə…


-Əgər söhbət şairlikdən gedirsə, şeir mitinqdə oxumaq üçün deyil. Şairin oxucu ilə görüşü tək-tək olur. Yəni səni hər bir oxucu tək oxumalıdır. Mitinqə gəldikdə isə mən ancaq o vaxt o yerdə oluram, o sözü deyirəm ki, mən görürəm ki, o yerdə olmalı və o sözü deməlisən. Mitinqdə 50 min-100 min adamın qarşısında şeir oxuyan şair təkcə o damlara enerji ötürmür, eyni zamanda onların cərəyanını alır. Təbii ki, mitinqdə oxuduğun şeirin səmimiyyət dərəcəsi oxucu ilə üz-üzə oturub oxuduğun şeirin səmimiyyət dərəcəsi ilə eyni olmur. Mən sizə səmimi deyim ki, 90-cı ilin 20 yanvarından bəri mən şair kimi yaşaya bilmirəm. Elə bil 20 yanvarda nəsə qırıldı.


-Dostlara təzə şeir oxumaq maraqlıdır. Kimin üçün şeirləriniz oxumaq istərdiniz?


-Bir tələbəlik dostum var idi, mən ona telefonda oxuyurdum şeirlərimi. Təəssüf ki, itirdim onu. Ən çox tələbə dostlarıma oxuyuram. Elə o vaxtdan belə adətimiz olub, indi də pozmuram onu. Amma, ümumiyyətlə şeir oxumağı xoşlayan adam deyiləm.


-Ramiz müəllim, elə bir şeiriniz varmı ki, sizin özünüzü də təəccübləndirsin?


-Şeir var ki, mən onu yazmağa başlayanda nəticəni görmürdüm və nəticə məni çox təəccübləndirib. Hətta yazmaq istəmədiyini yazırsan. Bu qənaətə gəlmişəm ki, şeir ümumiyyətlə şifahi sənətdir. Şeir kitablardan daha çox yaddaşlarda qalmalıdır.


-Hansı dövlət mükafatları almısınız?


-Mənim üçün ən böyük mükafat elə şeir yazmaqdı. Mən sizi inandırıram ki, bütün mükafatları olan adam var ki, mükafatı olmayan şairlərin bircə şeirini yazsaydı dünyanın ən xoşbəxt adamı olardı, amma, yaza bilmir. Bir məşhur rus şairi haqqında Soljınitsinin bir gözəl sözü vardı «Onun hər şeyi vardı, bircə əbədiyyətdən savayı». Əbədiyyətdən ötrü yaşamaq lazımdır, ən azı bu iddiada olmaq lazımdır. Blokun bir sözü var Puşkin haqqında, deyir «Bizimi şairə münasibətimiz onun yox, bizim hansı yuvanın quşu olduğumuzu göstərir». Əgər söhbət böyük zaman kəsiyindən gedirsə, çox şeyləri Ramiz Rövşənə münasibət yox, Ramiz Rövşənin münasibəti həll edəcək. Mən 60 yaşındayam və bu sözləri deməyə haqqım var.


-Çox sağ olun.


-Sağ olun çox gözəl idi. Amma, bütün bu söhbətləri bir şeirlə demək olur. Ona görə şeir yazmaq lazımdır.


XS
SM
MD
LG