Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:53

Hadı Rəcəbli müəllimlərlə bağlı fikirlərinə aydınlıq gətirib


Hadı Rəcəbli

Hadı Rəcəbli

-

«Mən müəllim ailəsində böyümüşəm. Dörd qardaşımın xanımları, iki bacım, qızım, oğlanlarımın xanımları, həyat yoldaşım müəllimədirlər. Özüm də müəlliməm, bu adla fəxr edirəm, dərs deyirəm».

Bunu apa-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli sonuncu müsahibəsində müəllimlərlə bağlı fikirlərinin yaratdığı müzakirələrə cavab olaraq bildirib.

H. Rəcəbli qeyd edib ki, onun müsahibəsi qətiyyən müəllimlərə həsr olunmayıb: «Bəzi media orqanları bilərəkdən mənim dediklərimi kontekstdən çıxararaq, bunu müəllimlərə mənfi mənada yönəltməyə çalışıblar. Müsahibənin yalnız bir cümləsi tanıdığım bir müəllimin ustalığından bəhs edib».

Deputat deyib ki, Azərbaycan prezidenti bu yaxınlarda müəllimlərin maaşlarının artması ilə bağlı sərəncam imzalayıb: «Bu söhbət gündəmdə buna görə ola bilər. Prezidentimiz müəllimlərin maaşlarının artırılması ilə bağlı mütəmadi sərəncamlar imzalayır. Müəllimlərin də digər sahələrdə çalışanlar kimi sosial rifahının yaxşılaşdırılması həmişə dövlətin gündəmindədir. Mənim müsahibəmin isə fəlsəfəsi odur ki, adamlar qənaətcil olmalı, çox pul qazanmaq üçün daha çox çalışmalıdırlar».

H.Rəcəbli bildirib ki, o da əmək fəaliyyətinə 15 yaşından fəhlə kimi başlayıb: «Mənim müsahibəm müəllimlərə yönəlmiş deyil. Mən müsahibədə insanların əməkdən utanmalı olmadıqlarını, çalışmağa həvəsli olmalarını qeyd eləmişəm. Müsahibəni kontekstdən çıxarırlar. Həmin adamlara demək istəyərəm ki, təxribata, təhrikçiliyə son qoysunlar».

Müsahibə

«MÜƏLLİM MAAŞLA DOLANA BİLMİRSƏ, İŞDƏN SONRA DAŞ DA HÖRSÜN»

«Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Bunun nəyi pisdir ki?».

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin Trend-ə müsahibəsi:

- Məzənnə siyasətinin dəyişməsindən sonra ölkədə xüsusən də gənc, eləcə də imkansız ailələrin öz təminatını yaxşılaşdırması üçün nə tövsiyə edərdiz?

- Manatın məzənnəsi ilə bağlı siyasətin dəyişməsi xəstənin müalicəsi prosesinə oxşayır. Adam ağır xəstə olanda onu incidir, iynə vurur, qarnını kəsib əməliyyat edirlər. Həmin vaxt qışqırıb bağıran da, həkimi söyən də olur. Lakin sağalandan sonra sakitləşirlər, hələ həkimin canına dua da edirlər.

Bax, Azərbaycandakı məzənnə siyasətində də «şok terapiyası» elementləri var. Biz dünyadan xali deyilik. Bu addım məcburən atılıb. Buna ilk növbədə dünyada gedən proseslər, neftin qiymətinin aşağı düşməsi təsir edib. Digər tərəfdən manatın dollara nisbətən baha olması Azərbaycana xaricdən yatırımların qoyulmasına mane olurdu. Ona görə də bu addım ümumi işin xeyrinə olacaq.

Kapitalizmin sosializmdən fərqi nədir? Bunun üçün loru da olsa, bir misal çəkəcəyəm. Kapitalist adamı atır dənizin ortasına. Üzə bilsən, gedib sahilə çatırsan, üzə bilməsən, gərək çapalayıb üzməyi öyrənəsən, birtəhər qurtulasan. Nə üzə bilməsən, nə də cəhd etməsən, suda batıb boğulacaqsan. Sosializmdə isə dövlət öz ilə aparıb səni sahilə çıxarır. Bu isə sonda səndə arxayınlıq yaradır.

Yadınızdadırsa, Polşada «şok terapiyası» deyilən bir şey oldu. Onlar keçid dövründə bazarı tənzimləmədən sərbəst, öz ixtiyarına buraxdılar. Qiymətlər qalxdı, narazılıq artdı. Lakin 1 ildən sonra hər şey öz yerini tutmağa başladı. Bu gün Polşa normal inkişaf edən dövlətlərdən biridir.

Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?

Amma adam da var ki, gəlib deyir ki, mənim övladıma bir iş düzəlt. Məlum olur ki, oğlunun nə ali təhsili, nə də əlavə bacarığı var. Deyirəm, bəs nə əcəb tikintiyə işləməyə göndərmirsən? Deyir, aaa, bəs ayıb deyil? Deməzlər ki, filankəsin oğlu fəhləlik edir? Bu yanaşma düzgün, doğru deyil. Axı o niyə daş daşımamalıdır? Niyə fəhlə olmamalıdır? Cəmiyyətdə bəzilərinin belə məsələlərə baxışı kökündən doğru deyil. Axı halal yolla pul qazanmaq ayıb olmamalıdır.

Deyirlər ki, guya iş yoxdur. Mən bununla da razı deyiləm. Populyar və qeyri-populyar, yüksək və az ödənişli iş məsələsi var. Çox təəssüf ki, adam var öz kəndində, rayonunda fəhləlik etmir, amma Bakıya gəlib kirayə mənzildə yaşayaraq eyni əməkhaqqı ilə fəhlə işləyir. Guya onu rayonda tanıyanlardan utanır, bu işi özünə ayıb hesab edir. Nə vaxtdan çörək qazanmaq ayıb olub? Bu gün bölgələrdə artıq malabaxan, torpaqda işləyən adam tapmaq müşkülə çevrilib.

Bizdə ünvanlı yardım deyirlər. Dünyanın heç bir yerində əlini göyə açaraq yerində duran insanlara pul verən yoxdur. Bu, ələbaxımlılıq, tənbəllik yaradır. Onlara deyirlər ki, sənə layihə verirəm, gəl işlə, pul verim. Məsələn, Çində əlil insana pul əvəzinə həmin dəyərdə bir neçə cüt ayaqqabı verirlər. Həmin adam da gedib onları satıb pul qazanır. Daha çox satdıqca da daha çox qazanır. Bununla o, həm ələbaxımlılıqdan qurtulur, həm də iş quraraq pul qazana bilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG