Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:15

-

Manatın dollara nisbətdə ucuzlaşmasından sonra bazarda qiymətlərin kəskin qalxacağı anonsu hələ ki, tam doğrulmayıb, yəni əsas ərzaq məhsullarının qiyməti qalxmayıb. Antiinhisar xidmətinin süni qiymət artımı ovuna çıxması isə sahibkarları ehtiyatlandırıb.

Bəs bazarda qiymətlərin zor gücünə yox, təbii yolla tənzimlənməsi və sabit saxlanması, xüsusilə, idxaldan asılı məhsullarda qiymət diktəsindən yaxa qurtarmağın yolları varmı?

İqtisadçı alim Qubad İbadoğlu AzadlıqRadiosunun bu və digər suallarını cavablandırır.

- Qubad bəy, sahibkarlar idxal məhsullarında qiymət artımını qaçılmaz sayırlar, çünki onlar dollarla alış-veriş edirlər və indiki qiymətlər də dolların köhnə kursuna hesablanmışdı. İdxal məhsullarında əsas istehlak mallarının qiymətlərini necə ucuzlaşdırmaq olar?

- Təhlillərimiz göstərir ki, Azərbaycanın istehlak bazarında idxal mallarının qiymətinin ucuzlaşdırılması potensialı yüksəkdir. Sadəcə, bunun üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yalnız mağazalarda deyil, həm də və əsasən idxal prosesində monitorinqlər aparmalı və ayda bir dəfə əsas istehlak mallarının idxal qiymətləri ilə pərakəndə satış qiymətlərinin müqayisəli cədvəlini hazırlayıb, dövrü mətbuatda nəşr etməlidir. Məsələn, özüm belə bir müqayisəli təhlil aparmışam: Xaricdən gətirilən 1 kq düyü gömrükdə 36 sentə rəsmiləşdirilir. Bazarda nəzərdə tutulan satışı 45 sentdir. Faktiki 2 dollara satılır. Sahibkar heç bir qeyri-rəsmi ödəniş etmirsə, onda onun təmiz gəliri 1 dollar 59 sent, ya da dolların köhnə kursu ilə 1 manat 14 qəpikdir. Yumurta, holland pendiri, mal əti, çay, makaron və s. əsas istehlak məhsullarında təxminən eyni mənzərədir. Nəticədə müqayisəli hesablamalar göstərib ki, bütün xərclərini ödədikdən sonra ölkəyə xaricdən gələn

- yumurta - 418 faiz,

- toyuq əti -276 faiz,

- düyü 253 faiz,

- sabun 234 faiz

- pendir 230 faiz,

- bitki yağları 196 faiz,

- mal əti 159 faiz,

- çay 142 faiz,

- yuyucu toz 121 faiz

- kərə yağı 103 faiz,

- makaron 97 faiz,

- şəkər 2 dəfədən çox bahasına satılır.

Bu, iki səbəbdən mümkün ola bilər. Birincisi, bu və digər məhsulların idxalı monopoliyadadır, inhisarçılar qiyməti diktə edirlər. İkincisi, gömrük rüşvəti və digər qeyri-rəsmi ödənişlər malın maya dəyərindən dəfələrlə çoxdur, o da son nəticədə məhsulun satış qiymətində maddiləşir və onu bahalaşdırır. Hər iki halda məsuliyyət İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinın üzərinə düşür.

- Gömrükdə mal real qiymətinə qeydiyyata düşsə və rüsumdan başqa qeyri-rəsmi ödəniş olmasa, bu, bazarda malı nə qədər ucuzlaşdıra bilər?

- Gömrük dəyərinin müəyyənləşdirilməsi zamanı onun azaldılması və ya şişirdilməsi gömrük prosedurlarında ən çox rast gəlinən problemlərdən biridir. Bizim tədqiqatlarımız göstərir ki, Azərbaycanda bu istiqamətdə iki problem var. Birincisi, gömrük dəyərinin salınması, ikincisi malın özünün qeydiyyata salınmaması. Hər iki halda dövlət büdcəsi itirir. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi Qaydaları haqqında Nazirlər Kabinetinin 1998-ci ildə qəbul etdiyi qərara görə, ölkənin gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 1) gətirilən malların sövdələşmə qiyməti ilə; 2) eyni malların sövdələşmə qiyməti ilə; 3) eynicinsli malların sövdələşmə qiyməti ilə; 4) dəyərin çıxılması üsulu ilə; 5) dəyərin toplanması üsulu ilə; 6) ehtiyat üsulu ilə. Təəssüf ki, bu qərara lazımınca əməl olunmur. Ona görə də, mallar gömrük ərazisinə daxil olarkən qeyri-rəsmi ödənişlər əsasən onun qeydiyyatı və gömrük rəsmiləşdirilməsi məsələsinə görə baş verir. Onlar aradan qaldırılarsa, xüsusilə də istehlak məqsədilə ölkəyə gətirilən məhsulların qiymətlərində müxtəlif dərəcədə ucuzlaşma baş verə bilər. Məsələn, idxal olunan yumurtada 5 dəfədən çox, toyuq ətində, düyüdə, pendirdə 3 dəfədən çox, bitki yağlarında, kərə yağında və çayda 2 dəfədən çox, makaronda və şəkərdə 2 dəfəyədək, sabunda 3 dəfədən çox, yuyucu tozunda 2 dəfədən çox ucuzlaşma baş verə bilər.

- Bu yaxınlarda Azərbaycan Gömrük Komitəsinin rəhbərliyi sahibkarlarla görüşdü. Mətbuatda bunu Gömrük Komitəsinin sahibkarlarla «centlmen razılaşması» kimi qiymətləndirənlər də oldu. Siz nə düşünürsünüz bu barədə? Bu görüşün nəticəsi nə olacaq?

- Nə qədər ki, sahibkarlar hüquqlarını qorumaq üçün təşkilatlanıb, müstəqil birliklər və assosiasiyalar yaradıb bu danışıqlara cəlb olunmurlar, bu görüşlərin bir o qədər də səmərəli olacağına inanmıram. Azad sahibkarların dərnəkləri yaranmalı, onlar təşkilatlanaraq öz birlikləri adından bu prosesə cəlb olunmalıdırlar.

- Manatın devalvasiyası, dünya bazarında neftin qiymətinin düşməsindən sonra davam edən proseslərlə bağlı proqnozunuz nədir?

- Dolların manata nisbətdə bahalaşması siyasətini Mərkəzi Bank müxtəlif vaxtlarda davam etdirəcək. Çünki hazırda valyuta bazarına təzyiq davam etməkdədir. Bu, bir tərəfdən Mərkəzi Bankın valyuta ehtiyatlarının tükənməsindən, digər tərəfdən də Mərkəzi Bankın son məzənnə siyasətinin mahiyyətindən irəli gəlir. Bu bahalaşmanın tempinə neftin dünya bazarındakı qiymətinin hansı səviyyədə qərarlaşması əhəmiyyətli təsir göstərə bilər. İndiki məzənnə hələ ki, sabit deyil. Əslində alıcılıq qabiliyyəti göstərir ki, manat dollara nəzərən gerçək məzənnə səviyyəsindən hələ çox yuxarıda dayanır. Bu isə dolların bahalaşma və manatın da ucuzlaşma potensialının böyük olmasının göstəricisidir. Bu vəziyyətə Mərkəzi Bankın valyuta bazarındakı tənzimlənmə siyasəti təsir göstərə bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG