Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:41

“Tanrı hamımızı sevir, amma heç birimiz üçün əldən-ayaqdan getmir”


Isaac Asimov

Isaac Asimov

-

"Səyahət etməyi sevmirəm, heç vaxt təyyarəyə minmirəm".

"Əgər diqqətlə oxusaq, görərik ki, İncilin özü elə ateizmi əsaslandırmaq üçün ağla gələ biləcək ən güclü arqumentir".

20-ci əsrin ən böyük fantast yazarlarından olan Isaac Asimov-un (Ayzek Azimov) həyat qaydaları. O, 1992-ci ildə 72 yaşında Nyu-Yorkda dünyasını dəyişib.

Hər kəs istədiyinə inanmaqda azaddır. Mən bircə hamının eyni şeyə inanmağa məcbur edilməsinin əleyhinəyəm.

Doğum günümü dəqiq bilmirəm. Mən Rusiyada, inqilabdan az sonra doğulmuşam – onda xaos hökm sürürmüş, heç kim heç kimi qeydiyyata almırmış, əlbəttə hər il qeyd etdiyim bir doğum günüm var, amma məhz o gündə doğulduğuma əmin deyiləm.

Atam mağazasında satdığı qəzet və jurnalları zibil sayırdı və onları oxumağıma imkan vermirdi, ancaq elmi fantastikanı oxumağıma mane olmurdu. Atam ingiliscə pis bilirdi və məncə, elmi fantastikanın elmlə bağlı bir şey olduğunu düşünürdü. Hesab edirdi ki, bunun mənə faydası ola bilər.

Isaac Asimov

Isaac Asimov

Mən kitab yazmaqla dolanacağıma inanmırdım. Buna görə də gedib biokimya oxudum və alim oldum. Evləndim, əsgərliyə getdim, iki uşağım dünyaya gəldi. Paralel olaraq boş vaxtlarımda elmi fantastika yazmağa davam etdim.

Mənim bədii istedadım sıfıra yaxındır, bədii zövqüm yoxdur, düz xətti xətkeşlə belə düz çəkə bilmirəm.

Açığını deyim, çox az hallarda kitab oxuyuram. Axı, çox yazan adamın oxumağa vaxtı olmur.

Tarix elə bir nöqtəyə gəlib çatıb ki, daha insanlığa düşmənçilik etmək olmaz. Yer üzündəki insanlar dostlaşmalıdır.

Məncə, insanları bir-birini sevməyə məcbur etmək mümkün deyil, ancaq mən onlar arasındakı nifrəti yox etmək istərdim. Və mən tam ciddi olaraq iddia edirəm ki, elmi fantastika, insanlığı birləşdirən halqalardan biridir.

Mən daim öz çəkimlə mübarizədəyəm – səbəbsə odur ki, istənilən növ yeməklə aram yaxşıdır: Çin, fransız, italyan mətbəxini, Polşa kolbasasını sevirəm. Tez-tez rus restoranına baş çəkirəm.

Dietikanın ilk qaydası belədir: əgər bir şey dadlıdırsa, deməli cana ziyandır.

Səyahət etməyi sevmirəm, heç vaxt təyyarəyə minmirəm, uzun müddət evdən kənar düşməkdən xoşum gəlmir. Bu xüsusiyyətim həyatımı sadələşdirir, məni uzaq yerlərə dəvət edəndə dəvətdən imtina edirəm. Evimdə özümə sakit və rahat bir künc tapıb, yazı makinəm, kitablarımla baş-başa qalmağı sevirəm.

Vaxtımın əksər hissəsini yazmağa sərf edirəm, başqa heç nəylə məşğul olmuram, bir də yemək yeyirəm, yatıram və arvadımla söhbət edirəm.

Isaac Asimov, 1974.

Isaac Asimov, 1974.

Mübahisədən qaçan qadına qüsursuz qadın da demək olar.

Məsuliyyət elə də ağır yük deyil.

Mənə non-fikşn (gerçək faktlara əsaslanan əsər) yazmaq xoş gəlir, nəinki fikşn (bədii əsər).Mən detektiv xoşlayıram, nəinki elmi fantastika. Amma ürəyimcə olan janrda nə qədər çox yazıramsa, bir o qədər az qazanıram. Elmi-fantastika ən sevmədiyim janr olsa da, ən yaxşı satılandır. Əgər gerçək durum budursa, mən nə edə bilərəm…

İlk zamanlar yüz kitab yazmış olmağımın verdiyi bir zövq vardı. Bununla “nəyəsə nail olduğumu” düşünürdüm. Sonra isə kitabların sayı 200, daha sonra 400 oldu. Amma mən yazmağa davam edəcəm, çünki prosesin özü xoşuma gəlir. Bəlkə zamanla mənim yazdıqlarım daha camaatın vecinə də olmayacaq və mən öz yaratdığım tələdə qalacağam.

Əminəm ki, gələcəkdə heç nə kitabı əvəz edə bilməyəcək, necə ki keçmişdə heç nə kitabı əvəzləyə bilməyib.

Heç vaxt xəyalları gerçəkliklə qarışdırmaq lazım deyil, xəyal qurmaq asandır, əyləncəlidir, ancaq oturub gerçəkliyin sizin xəyallarınıza uyğunlaşmasını gözləyirsinizsə, deməli ağlınız bir az çaşıb.

Isaac Asimov

Isaac Asimov

İnsanlıq tarixi xaosdur. Kiçik dəyişikliklər böyük, ağlagəlməz nəticələrə gətirib çıxarır.

Əgər insan diqqətini silahlanma və dağıdıcılıq üzərində toplamasa, cəmi yüz il sonra ulduzlararası uçuş mümkün ola bilər.

Tanrı hamımızı sevir, amma heç birimiz üçün əldən-ayaqdan getmir.

Tanrını tapmağa çalışırammı? Tanrı məndən ağıllıdır. Qoy o məni tapmağa çalışsın.

Əgər diqqətlə oxusaq, görərik ki, İncilin özü elə ateizmi əsaslandırmaq üçün ağla gələ biləcək ən güclü arqumentir.

Planetin əhalisi artmaqda davam edir, resurslarsa tükənir, Yer üzərindəki qida və enerji gün-gündən azalır. Bunun nəticəsi o olacaq ki, bir ölkənin höküməti öz əhalisini xilas etmək üçün yeganə çıxış yolunu qonşu ölkənin əhalisini qırıb onların ehtiyatlarını ələ keçirməkdə görəcək. İkicə yol var, ya ölüm səviyyəsini artırmaq, ya da doğum səviyyəsini azaltmaq, buna görə də mən könüllü kontrasepsiya (doğumun qarşısını almaq üçün vasitələr – tərc.) sistemini vacib hesab edirəm. Bunun üçün gərək qadınların uşaq doğmaqdan başqa işlərlə də məşğul olmasına imkan verək. Bax bu fikirimə görə məni hətta radikal feminist də adlandırırlar.

Ancaq o halda insandan incimək olar ki, o, qeyzlənmiş halda işlətdiyi təhqiri sakitləşəndən sonra da təkrarlasın.

Şahmatdan fərqli olaraq, həyatda bir partiya bitdikdən sonra da oyun davam edir.

Məgər dünyada suallara cavab axtarmaqdan gözəl bir şey varmı?

Biz heç vaxt mahiyyətcə dəyişmirik, sadəcə, zamanla yaşımız və qırışlarımız artır. Amma bunların elə bir önəmi yoxdur.

Əgər günlərin bir günü həkim, ömrümün sonuna cəmi 5 dəqiqə qaldığını desə, durub üz-gözümü cırmayacam. Sadəcə yazı makinəsində daha sürətlə yazmağa başlayacam.

Özümü gənc, yaraşıqlı və seksual hesab edirəm, amma bunu yalnız, mənə yaxın olan bir neçə adam görə bilir, məsəlçün, biri elə mən özüm”.

“Esquire” jurnalı

Günün bütün mövzuları

XS
SM
MD
LG