Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:56

Həbslərə görə mükafat verilsəydi, Azərbaycan medal qazanardı


«Amnesty International»

«Amnesty International»

-

İlk Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycanda insan haqlarının vəziyyəti ən aşağı həddə düşüb. Bu xəbərdarlıqla oyunlara 100 gün qalmış «Amnesty International» hüquq-müdafiə təşkilatı çıxış edib.

«HEÇ KƏS ALDANMASIN»

«Amnesty» yeni hesabatında bildirir ki, hazırda azı 22 vicdan məhbusu «saxtakarlıq, mənimsəmə, qanunsuz narkotik maddələrdən istifadə və hətta casusluq kimi qurama ittihamlarla mühakiməsini gözləyir».

Avropa Oyunları iyunun 12-də başlanacaq, 50 ölkədən 6 min atlet 20 olimpiya və qeyri-olimpiya idman növləri üzrə yarışacaq.

«Bu beynəlxalq tədbir heç kəsin gözünü qamaşdırmasın, heç kəs aldanmasın. Azərbaycan tərtəmiz beynəlxalq imic qazanmaq və xarici biznesi cəlb etmək istəyir», - «Amnesty»nin Avropa və Orta Asiya üzrə direktoru John Dalhusein deyir: «Bu ölkənin hakimiyyəti Avropanın ən repressiv rejimləri sırasındadır. Həbsdə olan fəalların və hüquq müdafiəçilərinin sayına görə mükafat verilsəydi, medal qazanardı».

İFADƏ AZADLIĞININ QAPAĞI BAĞLIDI

«The Guardian» yazır ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Thomas Bach gələcəkdə Olimpiya tədbirlərinin keçiriləcəyi ölkələrdə insan haqlarının durumunu da nəzərə almağa söz verib.

«Amnesty»nin hesabatında həbsdə olan hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar, Rəsul Cəfərov, İntiqam Əliyev, jurnalist Xədicə İsmayılovanın adları çəkilir.

«Son həbslər vətəndaş cəmiyyətini iflic edib və ifadə azadlığının «qapağını» bağlayıb. Bununla da müstəqillik qazanandan bəri ölkədə insan haqları ən aşağı həddə düşüb», - Dalhusein deyir. «Azərbaycanın neft dollarlarına göz dikən beynəlxalq ictimaiyyət isə ölkənin repressiv taktikası və insan haqları pozuntularına göz yumub, susub. Bu, barmaqlıqlar arxasında qalanlara arxa çevirməkdir».

ÇAĞIRIŞLAR

«Amnesty» Azərbaycan hakimiyyətini bütün vicdan məhbuslarını dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa, onlarla pis rəftar iddialarını hərtərəfli və qərəzsiz araşdırmağa çağırır. Qurum, həmçinin, hakimiyyəti çağırır ki, «ifadə və birləşmə azadlıqlarından istifadə edənlərin hədələnməsi və cinayət məsuliyyətinə cəlb olunmasına son qoysun».

Avropa Oyunlarının təşkilatçısı- Bakı-2015 bu hesabata şərh verməkdən imtina edib.

Hakimiyyət ölkədə siyasi məhbus, vicdan məhbuslarının olmadığını bildirir, ümumiyyətlə, bu anlayışları qəbul etmir. «Amnesty International» və digər hüquq-müdafiə təşkilatlarının tənqidi hesabatları isə bir qayda olaraq, «qərəzli», «qeyri-obyektiv» adlandırılır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG