Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:07

Britaniya atletlərinə pul verilib ki, Avropa Oyunlarına gəlsinlər


London Olimpiya Oyunlarında britaniyalı Jade Jones (sağda) serbiyalı Dragana Gladovic-ə qarşı döyüşür - 9 avqust 2012.
London Olimpiya Oyunlarında britaniyalı Jade Jones (sağda) serbiyalı Dragana Gladovic-ə qarşı döyüşür - 9 avqust 2012.

-

Britaniya Olimpiya Assosiasiyası (BOA) etiraf edib ki, Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təşkilatçıları atletlər komandasının iştirakı üçün pul ödəyib.

Bunu yazan «The Guardian» təşkilatçıların Azərbaycanda söz azadlığına hücumlara görə insan haqları qruplarının təzyiqləri altında olduğunu vurğulayır.

Nəticədə BOA iyunda Azərbaycana 160 atlet göndərəcək. Bu, ötən il Soçiyə göndəriləndən 3 dəfə çoxdur. Böyük Britaniya komandasının rəhbəri Mark England deyib ki, komandanın göndərilməsi xərcini artıqlaması ilə təşkilatçılar çəkir.

«Təşkilat komitəsindən iştirak qrantları almışıq. Ümid edirik ümumi xərc komandamız üçün neytral olacaq», - o, deyib.

REPRESSİYAYA YER YOXDUR

Bakıda yerləşən Olimpiya kəndindəki binalardan biri
Bakıda yerləşən Olimpiya kəndindəki binalardan biri

Birinci Avropa Oyunlarında ümumilikdə 5 min atlet 18 olimpiya və qeyri-olimpiya idman növündə yarışacaq. Ancaq bu yarışmaya hazırlıqlar ölkədə tənqidi səslərin susdurulmasına görə beynəlxalq təpkinin kölgəsində qalıb. Ötən həftə «Amnesty International» və «Human Rights Watch» prezident İlham Əliyev rejimini bir daha tənqid ediblər.

Çərşənbə günü insan haqları təşkilatlarının alyansı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Thomas Bach-a məktub yazıb. Alyans Bach-ı çağırıb ki, bu həftə Rio-de-Janeyroda BOK idarə heyətinin iclasında oyunlara ev sahibliyi edən ölkələrdə insan haqlarının durumu da müzakirə olunsun.

«Pekin və Soçi olimpiadalarında miqrant fəhlələrin istismarı, tənqidçilərə qarşı repressiya və korrupsiya yarışmaya kölgə saldı», - «Human Rights Watch»un qlobal təşəbbüslər üzrə direktoru Minky Worden deyir. «BOK gələcək ev sahiblərinə siqnal göndərməlidir ki, insan haqları pozuntuları, korrupsiya və repressiyaya Olimpiya hərəkatında yer yoxdur».

TƏNQİDLƏRDƏN XƏBƏRİ VAR

Azərbaycanda 100-dək siyasi məhbus var. Onlarla jurnalist və demokratiya fəalı qondarma ittihamlarla saxlanıb

«The Guardian» yazır ki, Azərbaycanda 100-dək siyasi məhbus var. Onlarla jurnalist və demokratiya fəalı qondarma ittihamlarla saxlanıb.

Mark England-ın dediyinə görə, insan haqlarına dair tənqidlərdən xəbəri var. Ancaq o, Azərbaycanın imicinin cilalanması üçün atletlərdən istifadəni təkzib edib.

«Milli Olimpiya Komitəsi olaraq bunlardan xəbərdarıq. Köşələrinizi oxuyuruq. Bu, bir idman tədbiridir və missiya rəhbəri olaraq şərh vermək məsuliyyətim yoxdur», - o, söyləyib. «Biz insan haqları və siyasi məsələlərə görə məsuliyyət daşımırıq. Azərbaycan və Bakı Avropa Oyunları vasitəsilə bunları ört-basdır etmək istəyirmi, – bu mərhələdə bunu anlamaq və ya şərh vermək mənlik deyil».

YENİ FORMAT

2012-ci il London olimpiadasının qızıl medalçısı Jade Jones oyunlar üzrə beynəlxalq elçidir. O, deyib:

«Müxtəlif yerlərə gedirik, bəziləri digərlərindən daha yaxşı olur. Oraya ancaq işimi görməyə və göstərməyə gedirəm».

England-ın fikrincə, Avropa Oyunları inkişaf edəcək, çünki daha çox federasiya ona Olimpiya oyunlarının təsnifat tədbiri kimi baxmağa başlayıb. Avropa Olimpiya Komitəsi bildirib ki, 5-6 şəhər 2019-cu il oyunlarına ev sahibliyi etmək istəyir, ancaq adları açıqlamayacaq.

«Maraqlı bir format, ideya yaranır. Bunu dəstəkləyəcəyik və getdikcə böyüyəcək», - England deyir.

XS
SM
MD
LG