Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:26

Rusiyada Nemtsov-un qətlini Qərbin boynuna qoymağa çalışırlar


Boris Nemtsovu anma mərasimi - Xabarovsk

Boris Nemtsovu anma mərasimi - Xabarovsk

-

Rusiyada bəzi məmurlar, hökumətyönlü fəallar, yazarlar müxalifət lideri Boris Nemtsov-un qətlini Qərbin “boynuna” qoymağa çalışırlar.

Kremlin təbliğat “general”ı, “Rossiya” kanalının aparıcısı Dmitry Kiselyov “Vesti Nedeli” proqramında deyib ki, bu qətl Rusiyada sabitliyi pozmaq cəhdidir. Kiselyovun dediyindən belə çıxıb ki, qətli Qərb ölkələrinin kəşfiyyat xidmətləri təşkil edib. Onun sözlərinə görə, müxalifətin martda başlamağı planladığı kütləvi aksiyalar Rusiyada heç kəsə maraqlı olmayacaqdı. Amma Kremlə yaxın ərazidə axıdılan qan həmin aksiyanı reklam etmək üçün istifadə ediləcək.

Qərbi ittiham edənlərdən biri də Andrei Lugovoi-dur.

Həmin Lugovoi ki, Britaniya hüquq-mühafizə orqanları onu Londonda keçmiş rus kəşfiyyatçısı Aleksandr Litvinenko-nu zəhərləyib öldürməkdə ittiham edirlər.

Amma Kreml onu nəinki Britaniyaya verməyib, hətta ona deputat seçilmək şəraiti yaradıb. Lugovoi deyib ki, “bu qətldən nə müxalifət nəsə qazanacaq, nə də iqtidar. Bu yalnız Qərbə sərf edir”.

Dövlət Dumasının başqa bir deputatı Valery Rashkin isə qətli “ABŞ-da mənzillnən maliyyə elitasına aid transmilli qrup”un törətdiyini iddia edib. Üstəlik də həmin qrupun hazırda ABŞ-da prezidentliyə ən şanslı potensial namizədlərdən sayılan Hillary Clinton-la əlaqələrinin olduğunu bəyan edib.

Sosial şəbəkələrdə dövriyyəyə buraxılmış versiyada isə qətlin arxasında ABŞ hökumətinin dayandığı iddia olunur.

Michael McFaul

Michael McFaul

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Michael McFaul bütün bunları “muzdlu kampaniya” adlandırıb. O sual edir ki, necə olur, kremlyönlü fəallar Nemtsovu əvvəllər “Amerikanın “peşkası”” adlandırırdlar, indi isə onun ölümündə ABŞ-ı suçlayırlar.

Ramzan Kadyrov

Ramzan Kadyrov

Çeçenistan prezidenti Ramzan Kadyrov da müxalifət liderinin ölümündə Qərb kəşfiyyatını ittiham edib. Onun fikrincə, məqsəd nəyin bahasına olursa-olsun Rusiyanı qarışdırmaqdır.

Bu həmin Kadyrov-dur ki, Qərbdə onun özünü xaricdəki çeçen diasporunun müxalif düşüncəli liderlərini öldürtməkdə suçlayırlar.

Kremlyönlü fəal Maria Katasanova isə tvitlərində özünün ABŞ səfirliyi qarşısındakı şəklini paylaşıb və Nemtsovun qətlini ABŞ-ın təxribatı adlandırıb.

Amma hökumətyönlü təbliğat “general”larının heç də hamısı Rusiyaya qarşı belə sui-qəsd nəzəriyyələrini ciddiyə almır.

Keçmiş deputat Sergei Markov Facebook-da yazıb ki, Nemtsovu guya ABŞ kəşfiyyatının qətlə yetirməsi ehtimalı ağlabatan görünmür.

“Nemtsov açıq-aşkar amerikayönlü bir siyasətçi idi. Mənim ağlıma batmır ki, ABŞ hökuməti öz kəşfiyyatına tanınmış amerikayönümlü siyasətçini aradan götürmək sifarişi versin”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG