Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:25

-

Şəhriyar İbrahimov

Tonnajı ağır iztirablar

Təsadüfi bir günün

uğursuz bir sabahından başladı hər şey..

Sən unutqanlıqla, mən darıxqanlıqla sınağa çəkildik..

Və ondan sonra..

Nankor darıxmaqlar

bakirə xəyallarımı zorlamağa başladı,

Halbuki əynimdəki ümidlər köhnəlməmişdi.

Halbuki ayaq izlərin dəfn olunmamışdı asfalt küçələrimizdə.

Yoxluğunda oksigen bitdi bu şəhərdə,

nikotini çox olan siqaretlərlə qidalanmağa başladı ciyərlərim..

Gülüşümün bünövrəsini bir qəpik etməyən təsəllilərlə doldurdum.

Halbuki hələ boşanmamışdı əllərinin istiliyi saçlarımdan,

dodaqlarının istisi yanaqlarımdan.

Və ondan sonra...

Mərhəmət umdum, mürgülü gecələrin yuxulu səhərlərindən,

kimsəsiz şəhərin daş tikililərindən,

ümidsiz dodaqların sonbeşik gülümsəmələrindən...

Halbuki bədənimdə buzlaşma,

ürəyimdə daşlaşma dövrü başlamamışdı hələ.

Və ondan sonra intizar yağdı başıma,

qara pişiklər çıxdı qarşıma...

Yerə düşdü xoşbəxtliyim,

öpüb gözlərimin üstünə qoymaq çıxdı yadımdan.

Kimsəsiz evdə,

dumanlı pəncərədən küçələrə baxıb darıxdım bütün itlərə inad.

Yamaqlı düşüncələrimə bükülmüş təkliklərim yerlə yeksandır indi..

Dənizə sarılmış bədbin qağayılarla böldüm tonnajı ağır iztirablarımı.

İndi gözlərimə nəzərən bütün dünya ətalətdədir.

İndi bütün təbəssümlərə müxalifətəm..

Və sən, içimə gömülən xatirələr qəbiristanlığının sonuncu qəhrəmanı.

Və sən.... bir şeirin misralarında can verən şahzadə...

Unudulmuşluğundan öpürəm...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG