Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:31

-

Şəhriyar İbrahimov

BİR NƏFƏR ƏSKİK

Bir az xəyalına gecənin səssizliyi,

Bir az da saçlarına hopmuş gecənin qaranlığı.

Gözlərimdə notları oğurlanmış bəstəkar tədirginliyi, yağışdan bir saat əvvəli xatırlatmağa başlayırdı, yoxluğunun matəmində qara geyinmiş gecələrdə.

Dəcəl külək darıxmağa məğlubiyyətimi dinləmək üçün qulaqlarını şəkləmişdi pəncərəmə.

Bu gecə də davam edəcək ürəyimin sənsizliyə olan qələbəsizlik seriyası,

Mən yenə bir nəfər əskik qalmışam bu sevgi oyununda,

Şam işiğının gücü çatmır daha namərd qaranlığa.

Neftin qiyməti kimi artan həsrətimin yanında, dolların kursu kimi azalan ümidlərimin ehtiyacı qalmır daha ağ bayraq qaldırmış təsəllilərə...

Bu gecə də bir nəfər əskik oynayıram bu oyunu,

Bir nəfər azlıqda..

Nəyimə lazımdı səni düşünmək deyirəm hərdən kinayə ilə öz-özümə.

Səni ağlıma gətirən yollar çox uzaqmış, evimə gətirən yollardan.

Telefonda rəsmlərin, otaqda sənin qoxun olduqca ağır şərtlərdə unutmaqla imtahan edirəm özümü.

Uduzdum, qəlbindəki məhkəməni, oturma izni ala bilmədim gözlərində, vətəndaşlıq vermədin ürəyində...

Sən adlı əvəzliyin altında gizlənmiş bütün darıxmaqlar.

Mən sakini olduqca sənsizliyin, hələ çox görüşəcəyik bu oyunda. mən bir nəfər azlıqda.

Yuxum gəlir... Mürgüləyirəm....

Bu yuxu nöqtə kimi qoyulur gecənin düşüncələrinin sonuna.

Səhər açılacaq yenə oyanıb unutmaq idmanları edəcəm yorulmadan.

Süpürüb atacam evin bir küncünə sənin xatirə qırıntılarını.

Axşam yenə külək vurub səpəcək üstümə.

Yenə oyun başlayacaq,

Mən bir nəfər azlıqda,

Bir nəfər əskik...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG