Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:24

“Gəncliyimdə görüşdüyüm bütün qızlar kitabxanaçı olub”


Ray Bradbury 2005

Ray Bradbury 2005

-

"Ölüm - var olmaq dəbdəbəsinə görə kosmosa ödədiyimiz haqqdır"

Məşhur Amerika yazıçısı Ray Bradbury-nin həyat qaydaları ("Esquire" jurnalı)

Kainat nədir? Böyük bir teatr. Teatra isə tamaşaçı lazımdır. Biz tamaşaçıyıq. Yer kürəsində həyat tamaşalara şahidlik edib zövq almaq üçün yaradılıb. Bax biz buna görə burdayıq. İşdir, pyes xoşunuza gəlmirsə, cəhənnəm olub gedin!

Əgər insan gecə-gündüz ölüm haqda düşünsəydi, Vudi Allen olardı.

Yaxın illərdə yenidən Aya qayıdacağıq. Marsa uçub yaxın yüz ildə orda məskən salacağıq. Sonra isə Alfa Sentavraya* uçmaq haqda düşünmək lazımdır.

__________

*Günəşə yaxın ulduz sistemi

Üzə çıxarılası ilk hekayəmi yazmaq üçün on il əlləşməli oldum.

60 il öncə Meggi ilə ailə quranda qara qəpiyimiz də yox idi. Bank hesabımızda səkkizcə dollarımız vardı. İlk iki ildə heç telefonumuz da olmayıb. Venis tərəfdə benzin doldurma məntəqəsiylə qonşuluqda kiçicik bir ev kirayələmişdik. Orda divardan asılmış avtomat telefon mənim ilk telefonum olub. Telefon o yana, heç maşınımız da yox idi. Ancaq bunların əvəzində bilirsiniz nəyimiz vardı? Sevgimiz.

Biz hamımız - zaman maşınlarıyıq. Bax buna görə həyatım boyu qocaların cazibəsindən çıxa bilməmişəm. Çünki bilirəm ki, elə bu dəqiqə onun gizli düyməsini basıb 1900-cü ilə düşə bilərəm. Ya da Vətəndaş müharibəsinə...

Gəncliyimdə görüşdüyüm bütün qızlar kitabxanaçı olub.

Yaxşı evlilikdə tərəflər daim bir-birlərini öyrədir. Siz bir-birinizə həyat elmini öyrədirsiniz. Hər gün eyni yastığa baş qoyaraq, bir-birinizin iradəsinə təsir edirsiniz.

Tək bircə ağlın gücüylə yazmaq olmaz, gərək yazının içinə düşəsən, yazı makinası arxasında həyatını yaşayasan.

Partlayış və digər bayağılıqlarla dolu filmlərin hamısını izləməyə çalışmayın. Böyük rejissorları izləyin. Bax bu yaxınlarda Devid Linin “Ərəbistanlı Lourens” filminə baxdım. Belə bir rejissora ssenari yazmaq üçün canımı da qoyaram.

Yaxşı kinorejissor həm də yazıçı olmalıdır. Gərək onun yaddaşı ağzına kimi detallarla dolu olsun.

Gərək daim nəyinsə eşqi ilə yaşayasan. Mənim vəziyyətimdə bu, kitablar və yazıçılıqdır.

Ölüm haqda düşünmürəm, çünki həmişə burda olacağam. Filmlərimlə dolu yeşiklər və kitablarımla dolu rəflərə baxıb, hələ irəlidə məni minlərlə ilin gözlədiyinə arxayın oluram.

Ölüm - var olmaq dəbdəbəsinə görə kosmosa ödədiyimiz haqqdır.

Özüm haqqında əminliklə deyə bilərəm ki, ömrümün səksən ilinin hər günündə yaxşı işlər görməklə keçirmişəm. Bu dediyim ən xas həqiqətdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG