Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:46

"İndi həyatımda ən qorxunc şey - soyuducumun boş olmasıdır"


J.K. Rowling
J.K. Rowling

-

"Söz vermişəm ki, heç vaxt “Bozun əlli çaları”nı əlimə almayacam"

Britaniya yazıçısı, "Harry Potter" haqda kitabların müəllifi Joanne Rowling-in həyat qaydaları. "Esquire" jurnalından.

Magiya mövzusu məni dəhşət bezdirib

Bir amerikan jurnalisti məndən soruşdu ki: “Doğrudanmı Harri Potter haqda ilk kitabı tamamilə salfetlərin üzərinə yazıbsınız?” Bir onu xatırlayıram ki, az qaldım cavab verəm ki, “Yox, əzizim, nə danışırsınız, salfet deyil, birdəfəlik çay paketləri idi”.

Kasıblıq – həqarət, qorxu, dərd, ələm və çoxlu başqa qorxunc sözlərlə xarakterizə olunur. Ancaq axmaqlar kasıblığı romantikləşdirir.

Bir neçə il öncə, deyəsən, bir Amerika təşkilatından məni ilin sahibkarı titiluna layiq görmək istəməsi haqda məktub aldım. Onlara cavab yazdım ki, təəssüf ki, bundan imtina etməliyəm, çünki öz istəyilmlə varlanmamışam, sadəcə əvvəldən bəri yaxşı olduğunu bildiyim kitablar yazmışam.

Yəqin ki, potteromaniya bittlomaniya ilə qohumdur, çünki elə məqamlar olub özümü “The Beatles” qrupu kimi hiss etmişəm. Fərq yalnız ondadır ki, onlar üzlərini bir-birlərinə çevirib: “Bax, axır ki, məşhuruq” deyə bilirdilər. Mənimsə yanımda üzümü çevirəcəyim kimsə yoxdur.

Məşhurluq cürbəcür olur, yazıçının məşhurluğu da özünəməxsusdur. Heç kim bikinidə gəzən yazıçını qarabaqara izləməyə paparazzi yollamır.

Həyatımın kifayət qədər yeknəsəqdir, kimlərsə onu darıxdırıcı da saya bilər. Mən yemək bişirməyi, uşaqlarla birlikdə evdə oturmağı sevirəm, bir də ayda-ildə bir dəfə gözəl bir libas geyinib hansısa premyeraya gedə bilərəm.

İndi həyatımda mövcud olan ən qorxunc şey soyuducumun boş olmasıdır. Bax bu dəqiqə soyuducum bomboşdur, heç özüm də bilmirəm nahara nə yeyəcəyik. Belə-belə şeylər. Bundan qorxunc bir şey ağlıma gəlmir.

Heç vaxt gündəlik yazmaq işini iki həftədən artıq davam etdirə bilməmişəm.

Çalışıram evdar qadınlar üçün yazılmış kitablardan, fentezi və elmi fantastikadan uzaq durum, amma əgər bir saat boş vaxtım varsa, əlim yetən istənilən kitaba şans verə bilərəm. Yazmağı öyrənmək üçün çox oxumaq lazımdır, bunun xeyiri olduqca çoxdur.

Redaktoruma söz vermişəm ki, heç vaxt “Bozun əlli çaları”nı əlimə almayacam.

Nağıllarda seksə ehtiyac yoxdur. Heç kimin təkbuynuzun fonunda sevişmir.

Kitablarına öz övladları kimi yanaşanları anlaya bilmirəm. Məsəlçün, mən oğluma baxıram, görürəm o gözümdə idealdır, ancaq kitablarıma baxanda düşünürəm ki, imkanım olsaydı, görəsən, nəyi dəyişərdim.

Gənclər qocalığın nə olduğunu anlaya bilməzlər. Ancaq gəncliyin nə olduğunu unutmuş qocaları da görməyə gözüm yoxdur.

Bilmirəm niyə birdən-birə “gombul” sözü insanın ən qorxunc keyfiyyətinə çevrildi. Məgər gombulluq qisasçılıqdan, paxıllıqdan, dayazlıqdan, şöhrətpərəstlikdən daha darıxdırıcı, yaxud amansız bir şeydir?

Britaniyada heç kim mənə orta təbəqənin siravi üzvündən daha ikiüzlü, lovğa və mənasız görünmür.

İnsanların nadir qabiliyyətlərindən biri də, özlərinə hər şeydən az gərəkən şeyləri seçib almalarıdır.

Mən yaddaşlarda, tanrının bəxş etdiyi istedad çərçivəsində mümkün olacaq hər şeyi əldə etmiş qadın kimi qalmaq istərdim.

Ölümün rutin gəlişi xoşuma gəlir. Biz truba çalınmasını, dəbdəbəli ayinləri, əzəməti gözləyirik. Amma öz doğmalarım arasında ilk üzləşdiyim ölüm, anamın ölümü mənimçün qorxunc bir rutin idi: çünki anam sadəcə öldü.

Dünyada bir ona yanıram ki, anam mənim yazıçı olduğumu görmədən öldü.

Bu yaxınlarda mağazada iyirmi yaşlarında bir qız mənə yaxınlaşıb dedi: “Sizi qucaqlaya bilərəmmi?” Mən razılıq verdim. Ardınca o dedi: “Siz mənim uşaqlığımsınız”. Belə şeyləri eşitmək adama nadirən qismət olur.

Mənə elə gəlir, müharibənin ən dəhşətli yanı, valideynlərini itirmiş uşaqlardır.

Mən həmişə ucadan danışıram. Danışmağa sözün varsa, pıçıldaya bilməzsən.

XS
SM
MD
LG