Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:38

Yaşar Kamalın səhhətindən son xəbər - Son müsahibəsi


Yaşar Kamal
Yaşar Kamal

-

"İlk dəfə məni həqiqətən silkələyən kitab "Don Kixot" olub".

"Dəyərlər alt-üst olub. İnsanı insan edən bir çox dəyər yoxa çıxır.

Bugünkü dünya düzəni dünyamızın axırına çıxa bilər".

Türk ədəbiyyatının canlı klassiki Yaşar Kamalın səhhətində müsbət dəyişiklik var. İstanbulda xəstəxanaya yerləşdirilmiş 91 yaşlı yazarın həyat yoldaşı Ayşe Semiha Baban deyib ki, “Doktorlar biraz daha ümitli bakıyor. Durumunun daha iyiye gitmesi sevindirici”.

Səhhətinə görə uzun müddətdir müsahibə verməyən Yaşar Kamal son müsahibələrindən birini “Yapı Kredi” yayınlarına verib. O, müsahibəsində yazmağa necə başladığını və səkkiz ildən bəri yazdığı, dörd kitabdan ibarət son romanı olan “Bir ada hekayəsi”ndən bəhs edib.

- Sizi yazmağa sövq edən nəydi? Nə vaxt və necə yazmağa başladınız?

- Ədəbiyyatla uşaqlıqdan maraqlanıram. Mən uşaq olanda kəndimizə çoxlu aşıqlar, dastançılar gəlirdi. Onların yolunu dörd gözlə gözləyirdim. Kəndə hardan bir dastançı gəlib çıxsa mütləq özümü onun yanına çatdırırdım.Sonradan onlar kimi məclislərdə şeir deməyə başladım. Kəndin qayalıq dağlarına dırmaşıb, çiçəklərin üstündə öz-özümə xalq mahnılarını zümzümə edirdim.

Eposların az da olsa yaşadığı belə bir dünyada böyüyüb boya-başa çatmışam. Əgər çağdaş ədəbiyyatla tanış olmasaydım, mütləq dastançı olacaqdım. On altı, on yeddi yaşlarımda folklor toplamağa başladım. Yanıltmaclar, dastanlar, nağıllar toplayırdım.

Məktəbi atdıqdan sonra Ramazanoğlu kitabxanasında işə girdim, gecə-gündüz demədən oxudum. Mən Cümhuriyyət Tərcümə Bürosunun çevirdiyi kitablarla yetişmişəm. Tərcümə bürosuna gələn kitabları acgözlüklə oxuyurdum, klassikləri, dünya romanlarını, tarix kitablarını oxuyurdum. Mənim ustadlarım, yurdumuzun şifahi xalq ədəbiyyatıdır.

Stendal, Tolstoy, Qoqol, Dikkens də sevimli yazarlarımdır. Bir yazıçı Folkneri, Kafkanı, klassikləri, şərq və qərbin böyük ədəbiyyat ustadlarını mənimsəmədən necə roman yaza bilər?

Daim məndən soruşurlar ki, nə üçün roman yazırsan? Deyirəm bilmirəm, bilsəm deyərdim. Bircə onu bilirəm ki, həyatımın yeganə bir qayəsi var, o da, yaşım artdıqca daha yaxşı və daha yaxşı yazmaqdır.

- İlk oxuduğunuz romanı xatırlayırsınız?

- İlk oxuduğum roman Alfons Dodenin “Körpə” romanıdır. Dodenin nəvəsinin Ceyhanda ferması və fabriki vardı. Kitabını da Amasyadan olan bir müəllim çevirmişdi. Onun ardınca da "Əsli və Kərəm"i oxumuşam. İlk dəfə məni həqiqətən silkələyən kitab Don Kixot olub. Onu oxuyanda on yeddi yaşım vardı. Əvvəllər Don Kixotdan parçaları orta məktəb kitabından oxumuşdum, amma elə də ciddi qarşılamamışdım. Don Kixotu oxuyanda qarşımda yeni bir dünya açıldı. Günlərlə təsirindən çıxa bilmədim. Servantes minlərlə insanın qəlbində gizlətdiyi bir çox sirrin üstünü açmışdı. Əvvəl gözlərimə qaranlıq çökmüş, sonra isə içimdə yeni bir işıq doğmuşdu.

- “Bir ada hekayəsi”ni yazmaq fikrinə nə vaxt və necə düşdünüz?

- Bizim kəndimizdə məktəb yox idi. İbtidai sinifləri oxumaq üçün qonşu Qədirli kəndində yaşayan qohumlarımızın evinə yollandım. Bir müddət orda qalmalı oldum. Sonradan o evdə qalmaq istəmədiyimdən məktəbə öz kəndimizdən piyada gedib-gəlməyə qərar verdim. Dərsə gedərkən həmişə bir kənddən keçirdim. Bu kəndlə bağlı ağızdan-ağıza bəzi söhbətlər gəzirdi. Burda yad ellərdən köçüb gələnlər məskunlaşıbmış. Yerli xalq onları qorxu-hürküyə salıb, perikdirib, başlarına açmadıqları oyun qalmayıbmış. İbtidai sinfin sonuna qədər o kəndin böyrüylə gedib-gəldim. Həmişə ordan-burdan kənd əhlinin kədərli əhvalatlarını eşidirdim. Bir az da böyüdüm, orta məktəbin sonlarına çatdım. Günlərin bir günü kəndin yanından keçəndə gözüm böyük bir bacaya sataşdı. Bu bacanı Ceyhan çayından yığılmış daşlarla tikmişdilər. Enli, hündür bir bacaydı...

Yuxarı siniflərdə oxuyanda Hemite kəndində atamın qohumlarından , anamın da rəfiqələrindən olan bir qadın mənə o kəndin sirli tarixçəsini açıb danışdı. Qadınla birlikdə meşəyə gəzməyə yollandıq. “Qulaq as oğlum” – dedi və davam etdi: “Buraya mühacir qaçqınlar köçürülmüşdü. Yunanısatandan gələn türklər idilər. Anavarzanın yan-yörəsində bunun kimi üç kənd daha vardı. Çox gözəl kəndlər idi”.

Beləliklə kəndin tarixçəsini öyrəndim. Mühacirlər kəndə köçürüləndə çox gözəl evlər tikiblər, kəndi gözəlləşdiriblər. Qonşu kəndlərin camaatı bu insanları həzm edə bilməyib, onları gözümçıxdıya salmağa başlayıblar. Bu insanlar da “bir gün başımızı götürüb gedəcəyik”, deyərək çıxıb gediblər. 15-16 yaşlarımda onların haraya getdiyini öyrənməyə çalışdım. Öyrənə bilmədim. Öyrənə bilmədiyim üçün də xeyli kədərləndim.

Abidin Dino, İstanbuldakı heykəli
Abidin Dino, İstanbuldakı heykəli

Günlərin bir günü Abidin Dinoyla (Türk rəssamı – tərc) söhbətdə Çuxurobadakı o kəndin, oraya köçürülmüş qaçqınların tarixçəsini danışdım. “Nəyi gözləyirsən, bundan gözəl mövzumu var? Özü də indiyə qədər bir insan bəndəsi yerli-yataqlı yazmayıb bunu. Nə yerli-yataqlı, heç ümumiyyətlə yazan olmayıb” dedi. Abidin bəy, yunanca, inigliscə, fransızca, rusca bilirdi. Eh, bir də rəssamlığı bilirdi.

Mən “Bir ada hekayəsi”ndə (Yunanıstan və digər ölkələrlə Türkiyə arasındakı) əhali mübadiləsindən yazmışam. Bizim ailəmiz də mübadilədən keçmişdi. Ruslar Vana gələndə bizimkiləri sürgün ediblər. Bütün Anadolunu gəziblər, axırda Çuxurobada bu kənddə məskunlaşıblar. Bax o mübadilənin tarixçəsini belə bir əzmlə yazdım.

- “Çılpaq dəniz, çılpaq ada”nın redaktorlarından Güvən Turan deyir ki, “Yaşar Kamal klassikdir. Həm diliylə, həm də yaratdığı obrazlar və təbiət təsvirləri ilə Yaşar Kamal romaçılığı türk ədəbiyyatında yeni bir nəfəsdir. Yaşar Kamal mif yaradıcısıdır... O, təhkiyəsini mərsiyələrin, xalq şeirlərinin diliylə (heç bir yazarınkına bənzməyən və təqlid edilməsi mümkünsüz) yoğrulub tərcüməyə belə yatmayan özünəxas bir dillə qurub”. Bununla bağı nə demək istərsiniz?

- Son romanım - dörd kitablıq “Bir ada hekayəsi”, öz dilini özü ilə gətirdi. Deyə bilmərəm ki, yazdığım bu dörd kitabdan mənə yazmaqdan başqa bir şey qalmadı. Roman yazarkən dil vacib şərt olsa da, ondan da vacib şeylər var, məsəlçün romandakı obrazların daxili aləmi, içinə düşdükləri vəziyyətə qarşı davranışları. Romanın müəllifi hansı hadisəni təsvir edirsə, yazmaq kimi, o hadisənin içinə girmək, ordakı insanların vəziyyətlərini təsvir etmək də ayrıca bir zövqdür, o vəziyyəti qavramaq üçün ayrıca bir səy göstərir.

Yunanıstandan gələnlərin başları nə çəkibsə, müharibə üzündən ev-eşiklərini itirən Balkan yarımadası, Şərqi Anadolu, Qaradəniz bölgəsi qaçqınlarının dərin əzablarını öz içimdə yaşadım. Romanı oxuyanda müəllifin onu hansı səbəbdən yazdığı dərhal aydın olur. Bu roman mənim uşaqlığımdan bəri sürməkdə olan macəramdır. İnsanın torpağından ayrı düşməsinin nə yanıqlı dərd olduğunu həmişə köksümün altında hiss etmişəm, onun mərsiyələri, dastanlarıyla böyümüşəm. “Haribe vay haribe”! (kürdcə mərsiyyə - tərc). Bu roman da “Dağın o biri üzü” trilogiyası kimi həyatıma şahidlik edir.

- Dörd cildinin hamısını yazmağa nə qədər vaxt sərf edibsiniz?

- 1996 -cı ildə “Bir ada hekayəsi”nin ilk cildini yazmağa başlamışam. “Çılpaq dəniz, çılpaq ada”nı səkkiz ilə yazıb qurtardım. Bu günə qədər heç bir romana səkkiz ilimi sərf etməmişdim. Yazmağa başlayanda xəstəxanadaydım ancaq özümə söz verdim ki, nə olursa-olsun romanı bitirəcəyəm.

- “Bir ada hekayəsi” neçə dildə və hansı ölkələrdə çapdan çıxıb?

- “Bir ada hekayəsi”ndən olan kitablar Almaniyada, Fransada, Yunanıstanda və İtaliyadan yayımlandı. İran və mənim bilmədiyim başqa ölkələrdə də çevrilib yayımlanır. Bəzi ölkələrdə müəllif haqları olmadığı üçün məndən icazə almadan, heç bir nüsxə belə yollamadan kitablarımı çap edirlər. Ancaq hansısa dostum kitabı tapıb mənə göndərsə xəbər tuturam.

- Adətən romanlarınızı yazmazdan öncə uzun müddət beyninizdə canlandırdığınızı demişdiniz “Bir ada hekayəsi”ni yazarkən də eyni üsuldanmı istifadə edibsiniz?

- Bütün kitablarımı yazmazdan öncə illərcə beynimdə canlandırıram. Uşaqlığımda sıx-sıx ağlımdan keçən bir məsələ var idi, bu günlərdə yenə də onu düşünürəm – bu, meşə problemidir... Yaddaşımda yatıb qalan başqa mövzular da var. Onlardan biri iki qadınla bağlıdır. Osmanlı dövründə qəhrəmancasına işləyən qadınlardır.

- Adətən romanlarınızda hər bir ictimai dəyişiklik dövründən bəhs edirsiniz. Keçmişlə müqayisədə hər şey daha tez dəyişir, başqalaşır. Bu hal sizi narahat edirmi?

- Elə nə yazıramsa dəyişiklikdən bəhs etmirmi? “Dəmirçilər bazarında cinayət”, “Yusufcuk Yusuf”, “Minboğanın əfsanəsi” (ən çox bu romanı yazdığım üçün xoşbəxtəm), bəs ilk romanım “Təpədəki nar ağacı”, “Al gözlüm Seyreyle Salih”, bir də indi yazdığım “Bir ada hekayəsi”... Hələ yenə də saya bilərəm. Əlbəttə, bundan sonra da dəyişikliklə bağlı romanlar yazacağam.

- Bu günkü biliklərimiz göstərir ki, baş verən dəyişikliklər dünyanın, kainatın təbii halıdır?

Yaşar Kamal
Yaşar Kamal

Dövrümüzdə dünya hər tərəfiylə dəyişir. Dəyərlər alt-üst olub. İnsanı insan edən bir çox dəyər yoxa çıxır. Mən bunu çox vaxt ilanın qabıq dəyişdirməsinə bənzədirəm, çünki ilanın qabığından sıyrılıb çıxması inanılmaz dərəcədə çətin bir şeydir, baxanın ürəyini parçalayır. İlan qabığını dəyişdirəndən sonra yerinə başqa bir qabıq gəlir, köhnəni atıb həyatını davam etdirir.

Ölən dəyərlərin yerinə isə əvvəlki çapda dəyərlər gəlmir. Necə ola bilər ki, insan bu dəyişikliyin ağrısını hiss etməsin? Bugünkü dünya düzəni dünyamızın axırına çıxa bilər.

- Romanlarınızın əksəriyyətində hadisələr Çuxurobada baş verir, qaçqınlıq həyatından bəhs edir. Qarşılıqlı olaraq ölkələrindən qovulmuş insanların bədbəxtliyi və narahatçılığı sadəcə roman mövzusudur, yoxsa öz həyatınızla da əlaqədardır?

- Amerikada iştirak etdiyim bir görüşdə, dinləyicilərin arasında oturmuş böyük bir yazıçı ayağa durub dedi ki, “Niyə həmişə Çuxurobadan yazırsan?”. “Axı, mən təkcə Çuxurobadan yazmıram” – deyib bir az gözlədim. “Başqa nə yazırsan ki?” – deyə soruşdu. “Çuxurobanı təkcə mən yazmıram. Tolstoy yazır, Dostoyevski yazır”. Çuxurobasını yazmayan heç bir yazıçı böyük romançı ola bilməz. O hətta özünü yazıçı adlandırsa da, yazıçı deyil. Mən Çuxurobanı hər kəsin yazdığı qədər yazdım. Stendal da öz Çuxurobasından yazmışdı. Yuxarıda bəhs etdiyim kimi öz ailəmiz də qaçqınlıq yaşadı, mənim özümün yaşadığım qaçqınlıq da var. Mənim bəhs etdiyim Çuxurobada da qaçqınlıq var.

- Adətən romanlarınızı insanlara ümüd verəcək sonluqla bitirirsiniz. “Bir ada hekayəsi” dordlüyü də beləmi bitir?

- Yazıçının əsas borcu təkcə ümüd vermək deyil. İnsanın yaşadığı dərin və bir-birindən fərqli dərdlər var. Onunçün də yazıçı insanların macərasını çox yaxşı bilməlidir. Ancaq insanların macərasından halı olan yazıçılar böyük yazıçılardır. Hər romanın sonu yazıçının öz versiyasıdır. Yazıçının ürəyindən romanı belə bitirmək keçib. İnsan təxəyyülü çox zəngindir, başqa bir yazıçı olsaydı, o romanı başqa cür bitirəcəkdi.

2 oktaybr 2012

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG