Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:15

Mehman Hüseynov: «Məqsədim ölkəni tərk etmək deyildi»


-

Noyabrın 10-da ATƏT-in beynəlxalq tədbirində iştirak etmək üçün Gürcüstana getmək istəyən bloqqer Mehman Hüseynov hava limanında saxlanıb. Polisə, daha sonra Baş Prokurorluğa aparılan bloqqer dindirildikdən sonra sərbəst buraxılıb. AzadlıqRadiosu baş verənlərə aydınlıq gətirmək üçün Mehman Hüseynovdan müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:

- Mehman bəy, nə baş verir?

- Ötən həftə Baş Prokurorluq, Səbail rayon prokurorluğu və rayon polis idarəsinə müraciət etmişdim ki, iki günlük Tbilisiyə getməyimə icazə versinlər. Prokurorluqdan cavab olaraq bildirdilər ki, bizim etirazımız yoxdur. Sadəcə, bu məsələni müstəntiqlə də müzakirə etməyimi istədilər. Müstəntiqə müraciət etdim, o da məsələni «bu gün-sabah»a saldı. Bir neçə ildir mənə qarşı saxta ittihamla cinayət işi açılıb. Həmin iş də 1 ildir dayandırılıb. Əslində mənim ölkədən çıxmağıma heç bir problem olmamalıdır. Məqsədim ölkəni tərk etmək deyildi. Sadəcə, mənə qarşı qanunsuzluğun davam edib-etməməsini yoxlamaq istəyirdim. Təxminən bilirdim ki, buraxmayacaqlar. Əlimdə fakt olmasını istəyirdim ki, məhkəməyə müraciət etməyə əsas olsun. İstəyirdim məni saxlasınlar, ölkədən çıxış üçün icazə verməsinlər. Bu da oldu. Biz bundan məhkəmədə sübut kimi istifadə edəcəyik.

- Saxlanmağınızı nə ilə əsaslandırdılar?

- Sərhəddə pasportumu verəndə bildirdilər ki, mənim ölkədən çıxışıma qadağa yoxdur, ancaq, guya mənim pasportum saxtadır. Həmin pasportda mənim bir neçə ölkəyə giriş-çıxış etməyimlə bağlıməlumatlar var. Saxtadırsa, necə ola bilər ki, mən bu pasportla bir neçə ölkəyə getmişəm?

- Məlumatlar var ki, hava limanında saxlanarkən polislə aranızda problem yaranıb...

- Xeyr. Heç bir problem olmadı. Məni öncə hava limanının polisinə təhvil verdilər. Oradan Səbail rayon Polis İdarəsinə aparıb dindirdilər. Daha sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər İdarəsinə aparıb orada dindirdilər. Burada məlum oldu ki, 2012-ci ildə mənə qarşı qaldırılan və 1 il öncə dayandırılan köhnə cinayət işi bərpa olunub. Həmin saxta cinayət işində göstərilirdi ki, 2012-ci ildə mitinqdə guya polislərə xəsarət yetirmişəm. Cinayət işinin bərpasını da belə əsaslandırdılar ki, həmin polislərlə yenidən üzləşmə olacaq.

- Yuxarıda qeyd etdiniz ki, məqsədiniz ölkəni tərk etmək deyildi. Buraxsaydılar Gürcüstana getməyəcəkdiniz?

- Buraxsaydılar, demək heç bir problem yox idi. Axı mən həm prokurorluğa, həm də polisə müraciət etmişdim və onlar da heç bir problemin olmadığını bildirmişdilər. Mən onların yalanını sübut etdim. Müstəntiq mənə sual verdi ki, nə məqsədlə ölkəni tərk etmək istəyirdin? Bildirdim ki, mənim məqsədim ölkəni qeyri-qanuni yolla tərk etmək deyil. Bundan əvvəl də bir neçə dəfə mənim müraciətimdən sonra müstəntiq ölkədən çıxışıma icazə vermişdi və vaxtında qayıtmışdım. Mənim məqsədim istintaqdan yayınmaq olsa idi, o vaxt yayınardım. Mən bilirdim ki, bunlar mənə icazə verməyəcək.

- Ancaq Daxili İşlər Nazirliyinin mətbuat xidməti sizin ölkədən buraxılmanızla bağlı onlara müraciət etmədiyiniz haqda məlumat yayıb.

- Bu yalandır. Bizim əlimizdə rəsmi məktublar var. Həmin sənədləri yayacağıq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG