Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:28

Bloqqer Mehman Hüseynov sərbəst buraxıldı


Jurnalist Mehman Hüseynov
Jurnalist Mehman Hüseynov

-

Noyabrın 10-da bloqqer Mehman Hüseynov ATƏT-in konfransında iştirak üçün Tbilisiyə yola düşərkən hava limanında saxlanıb. 2012-ci ildə Mehman Hüseynova Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. O, polisə müqavimət göstərməkdə ittiham olunur. İşlə əlaqədar istintaq aparılır. Son üç ildə bloqqerə səyahət qadağası qoyulub.

Yazı yenilənir. Ən son xəbərlər mətnin əvvəllindədir.


AzadlıqRadiosu-nun müxbiri xəbər verir ki, bloqqer Mehman Hüseynov Səbail polis idarəsindən Baş Prokurorluğun Ağır cinayətlərə dair istintaq idarəsinə gətirilib. İdarədə dindirildikdən sonra buraxılıb.

«SƏNİN MƏSƏLƏNİ YUXARIDAKILAR HƏLL EDİR»

Daxili İşlər Nazirliyi bloqqerin ölkədən çıxmaq üçün istintaq orqanına müraciət etmədiyini bildirir. Lakin Mehman Hüseynov noyabrın 9-da facebook səhifəsində yazıb ki, ölkəni tərk etmək üçün hüquq-mühafizə orqanlarına müraciət edib:

​«YASAĞA MƏHƏL QOYMADAN ÖLKƏDƏN ÇIXMAĞA CƏHD EDİB»

Daxili İşlər Nazirliyi (DİN) bloqqer Mehman Hüseynovun polis tərəfindən saxlanılmasına aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, 2012-ci ildə Mehman Hüseynovuna Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Həmin cinayət işinin istintaqı ilə əlaqədar onun ölkədən çıxışı qanuna müvafiq qaydada yasaqlanıb:

“Lakin Mehman Hüseynov bu yasağa məhəl qoymadan ölkədən çıxmağa cəhd edib və polis bu cəhdin qarşısını alıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır”.

E. Zahidov M. Hüseynov barəsində cinayət işi başlanandan bir il sonra, 2013-cü ildə onun ölkədən çıxmasına necə razılıq verilməsini də izah edib:

“Həmin vaxt Mehman Hüseynovun özü və vəkilləri istintaq orqanına müraciət edərək onun xarici ölkələrdən birində təşkil olunmuş tədbirdə iştirakına icazə istəmişdilər. O zaman onun ölkəni tərk etməsinə icazə verilmişdi. Lakin bu dəfə nə Mehman Hüseynov özü, nə də onun vəkili bu barədə istintaq orqanına müraciət etməyiblər”.

***

AzadlıqRadiosu-nun müxbiri xəbər verir ki, Mehman Hüseynov Səbail rayonu 9-cu polis bölməsindən Səbail rayonu polis idarəsinə aparılıb.

***

Bloqqer Mehman Hüseynov Azərbaycanı tərk etmək istəyərkən Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə report.az saytına Səbail Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

Məlumata görə, bir müddət əvvəl M.Hüseynovun Səbail RPİ-də Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə başlanılan cinayət işinin istintaqı davam etdirildiyindən, ölkəni tərk etməsinə qadağa qoyulub. Bu maddə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri nəzərdə tutur. M.Hüseynovun həbs edilib-edilməyəcəyi istintaqa təqdim olunandan və məhkəmə qərarından sonra məlum olacaq.

BLOQQERİ QOLU QANDALLI ÇIXARIBLAR

Hazırda Mehman Hüseynovla əlaqə kəsilib. Bloqqeri hava nəqliyyatı polisindən qolu qandallı çıxarıblar. Bu barədə AzadlıqRadiosuna onun nümayəndəsi, RATİ-nin hüquqşünası Günay İsmayılova məlumat verib.

Günay İsmayılovanın sözlərinə görə, Mehman Hüseynovun pasportu 2019-cu ilədək etibarlıdır.

«DÖVLƏT ONUN VƏTƏNDAŞLIQ PASPORTUNU TANIMIR»

Bloqqer Mehman Huseynovu ATƏT-in konfransında iştirak üçün Tbilisiyə yola düşərkən hava limanında saxlayıblar. Ona pasportunun sistemdə olmadığını, saxta olduğunu deyiblər. Bu barədə jurnalist Xədicə İsmayılova facebook səhifəsində yazıb:

“İndi hava limanının polis idarəsinə aparırlar. Mehman Hüseynov üzərindəki səyahət qadağasının qaldırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Ona müraciətinə müstəntiqin baxdığı haqda cavab gəlmişdi. Müstəntiq də belə baxıbmış”.

Son üç ildə bloqqer Mehman Hüseynova səyahət qadağası qoyulmuşdu. Ona polisə müqavimət ittihamı irəli sürülmüşdü, istintaqın getdiyi bildirilirdi.

“İstintaqın müddəti limiti keçdiyindən, Hüseynov qadağanın götürülməsi üçün müraciət edib. Prokurorluq bu məsələnin polis müstəntiqinə aid olduğunu deyib. Polisdən cavab gəlməyib. Konfrans bu gün başlandığından Mehman sərhəd xidmətinin reaksiyasını yoxlamağa cəhd edib. İndi isə dövlət onun vətəndaşlıq pasportunu tanımır,” Xədicə İsmayılova yazır.

Mehman Hüseynov AzadlıqRadiosuna deyib ki, hazırda hava limanın polis idarəsində olduğundan danışa bilmir. O, Səbaill rayon polis idarəsinə təhvil veriləcəyini bildirib.

***

Bloqqer oktyabrın 27-də də polis tərəfindən saxlanıb. O, Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə gətirilib. Sonradan Mehman Hüseynovun AzadlıqRadiosuna dediyinə görə, istintaqda ondan "Sancaq" dərgisi və qardaşı Emin Hüseynov haqda soruşublar.

Emin Hüseynovun direktoru olduğu Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisində prokurorluq əməkdaşları axtarış aparıblar. Ofisin qapıları möhürlənib. Emin Hüseynovun harada olması barədə məlumat yoxdur.

2012-ci ildə Mehman Hüseynova qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə (xuliqanlıq) cinayət işi açılıb. O, polisə müqavimət göstərməkdə ittiham olunur. Amma M. Hüseynov ona qarşı açılan cinayət işinin saxta olduğunu və "Eurovision" ərəfəsində təşkil olunan "Demokratiya naminə oxu" kampaniyasında iştirakı ilə bağlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG