Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:52

Azərbaycanın Mədən Sənayesində Şəffalıq Təşşəbbüsü qrupundakı üzvlüyü ləğv oluna bilər


Bakı

Bakı

Neftlə zəngin Azərbaycanda hüquq müdafiəçiləri və QHT fəallarına hücumlar nüfuzlu beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Belə təşkilatlardan biri - Azərbaycanın da üzv olduğu Mədən Sənayesində Şəffalıq Təşşəbbüsü (Extractive Industries Transparency Initiative - EİTİ) qurumu vəziyyəti öyrənmək üçün Bakıya nümayəndə heyəti göndərib. Xatırladırıq ki, EİTİ təbii ehtiyatlar sənayesi sahəsində çalışan şirkətlər, hökumətlər və QHT-lərin korrupsiyaya qarşı mübarizə üçün könüllü olaraq yaratdıqları təşkilatdır. Onun rəhbəri Jonas Moberg məlumat verib ki, bu araşdırmanın nəticələrindən asılı olaraq Azərbaycanın qrupdakı üzvlüyü ləğv oluna bilər. Bu barədə Financial Times qəzeti xəbər yayıb.

Mətbuat xəbər verir ki, Transparency International təşkilatının korrupsiyanın qavranması indeksinə görə 177 ölkə arasında 127-ci yeri tutan Azərbaycan, son həftələrdə QHT-lərin bank hesablarını dondurmaq və ölkənin üç ən tanınmış insan haqları fəalını həbs etməklə müstəqil səslərə qarşı hücumları gücləndirib.

EİTİ-nin araşdırmaya başlamasına səbəb onun üzərinə beynəlxalq gözətçi təşkilatların, habelə Azərbaycana investisiyalar yatıran şirkətlərin təzyiqi olub.

Nyu Yorkda mənzillənmiş Human Rights Watch (HRW) təşkilatı ötən həftə Azərbaycanda ən böyük xarici investor olan BP-yə məktub yazaraq şirkəti Azərbaycanın EİTİ-nin nizamnaməsinə zidd olaraq vətəndaş cəmiyyəti üzərinə hücumlarını açıq pisləməyə çağırmışdı.

BP ötən şənbə Azərbaycan qazını ilk dəfə olaraq Avropaya nəql edəcək 50 milyard dollarlıq Cənub Dəhlizi kəməri layihəsinin təntənəli inaqurasiya mərasiminə ev sahibliyi etmişdi. Bu tədbirdə Birləşmiş Krallığın ticarət naziri Lord Livingston da iştirak edirdi.

EİTİ-nin Azərbaycanda aparacağı təhqiqat həm də təşkilatın insan haqları məsələsinə münasibətinin sınağı olmalıdır.

Britaniyanın o zamankı baş naziri Tony Blair-in təşəbbüsü ilə 10 il əvvəl yaradılmış EİTİ təbii ekhtiyatların istehsalı ilə məşğul olan şirkətləri və təbii sərvətlərlə zəngin ölkələrin hökumətlərini şəffaflığın artırılması və korrupsiyaya qarşı daha səmərəli mübarizə məqsədilə bir araya gətirir. BP-nin rəhbərlik etdiyi konsorsium bu yaxınlarda cənab Blair-i Cənub Dəhlizi layihəsinin siyasi və reputasiya məsələləri üzrə müşaviri vəzifəsinə dəvət edib.

Mətbuatda yayılan məlumatlarda deyilir ki, EITI öz fəaliyyətində üzv ölkələrdəki yerli QHT-lərə arxalanır, lakin Azərbaycanda EİTİ ilə əməkdaşlıq edən 110 QHT-dən yarısının bank hesabları hökumıət tərəfindən dondurulub və qrantlarının qeydiyyatından imtina edilib.

Bununla yanaşı, son iki ayda Azərbaycanda tanınmış insan haqları fəalları Leyla Yunus, Arif Yunus və Rəsul Cəfərov vergidən yayınmadan tutmuş dövlət xəyanətinədək müxtəlif ittihamlarla həbs olunublar. HRW bu ittihamları “qondarma” adlandırıb.

Xəbər verilir ki, Azərbaycanda vətəndaş cəmiyyəti üzərinə hücumlar bir il əvvəl, prezident seçkilərindən əvvəl başlanıb, lakin insan haqları müdafiəçilərinin və müxalifət fiqurlarının vəziyyəti ötən yay ərzində xüsusilə pisləşib.

HRW təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Hugh Williamson deyir ki, Azərbaycan bizneslə yanaşı mövcud olmalı olan vətəndaş cəmiyyətinin söz azadlığındakı funksiyasına, demək olar, tamamilə dözümsüzləşib”.

HRW təşkilatına cavab məktubunda BP, EİTİ-nin Azərbaycandakı vəziyyəti araşdırmasını salamladığını bildirir.

Cənab Moberg deyib ki, EİTİ Azərbaycanda “problemlərin olduğunu” müşahidə edib və təşkilatın bu məsələyə münasibəti onun oktyabr ayında keçiriləcək geniş şurasında bildiriləcək.

O bildirib ki, əgər Azərbaycan EİTİ-nin standartlarını pozubsa, onun üzvlükdən çıxarılması baş verə bilər.

Bununla yanaşı, cənab Moberg əlavə edib ki, EİTİ üzv ölkələrdə islahatların həyata keçirilməsi sahəsində də çalışır.

Bu xəbərləri şərh edərkən Azərbaycanın Xarici İşlər Nazirliyi ölkənin “demokratik inkişafa sadiq olduğunu” bildirib. Nazirliyin şərhində deyilir:

“QHT-lər tərəfindən verilən bir sıra hesabatlar Azərbaycandakı real situasiyanı əks etdirmir."

XS
SM
MD
LG