Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:53

James Foley-in cəlladının kimliyi müəyyənləşir


Syria -- (DISCRETION ADVISED) grab from 'Islamic State' (formerly ISIS/ISIL) video that appeared 19aug2014 showing beheading of captive believed to be US photojournalist James Wright Foley

Syria -- (DISCRETION ADVISED) grab from 'Islamic State' (formerly ISIS/ISIL) video that appeared 19aug2014 showing beheading of captive believed to be US photojournalist James Wright Foley

-

Britaniya hökuməti Amerika jurnalisti James Foley-i (Ceyms Foley) qətlə yetirmiş şəxsin müəyyənləşdirilməsi üçün bütün qüvvələrini səfərbər edib. Dünyanı sarsıdan edam videosunda cəlladın ancaq gözləri görünür və səsi eşidilir. Britaniya ləhçəsində danışan həmin İŞİD əsgərinin vaxtilə Londonda DJ kimi fəaliyyət göstərən bir rep musiqiçisinin olduğu haqda şübhələr var. Media xəbər verir ki, Britaniya xüsusi xidmətləri - Mİ5 və Mİ6 bir neçə başqa şəxslə yanaşı Londonun şərqindən olan Abdel-Majed Abdel Bary-nin kimliyini araşdırırlar. Bary dostları arasında “cihadçı John” ayaması ilə tanınır.

İŞİD 2012-ci ildə Suriyada oğurlanmış James Foley-nin edamından əvvəl və sonrakı görüntüləri nümayiş etdirən videosüjet yaylıb.

Hazırda Suriya və İraqdakı cihadçıların cərgələrində 500-dək Britaniya vətəndaşının olduğu təxmin edilir.

Cihadçıların pasportlarının ləğvinə çağırışlar

Bu günlərdə ölkənin radikal və cihadçı vətandaşlarına qarşı ciddi tədbirlərin görülməsinə çağırışlar edilib.

Müxalif Leyborist Partiyasının vəzifəli üzvlərindən Yvette Cooper “The Sunday Times” qəzetinə bildirib ki, ölkə vətəndaşlarının bu “vəhşiliyə qoşulması”nın və Britaniyaya qayıdacaq cihadçılardan doğan təhlükələrin qarşısının alınması üçün sərt tədbirlərə əl atılmalıdır.

O deyib ki, gənc britaniyalıların Suriya və İraqa səfər etmələrinin qarşısının alınması tədbirləri görülməli, cihada meylli şəxslərin siyahıları tərtib olunmalıdır.

Hakim Mühafizəkarlar Partiyasından tanınmış millət vəkili David Davies isə məsələni daha fundamental qoyaraq cihada yollanmış britaniylıların vətəndaşlığının ləğv olunmasını təklif edib.

“Bu adamlar artıq başqa bir proto-dövlətə – cinayətkar dövlətə sədaqət andı içiblər” – deyib Davies.

Ölkənin baş xristian ruhanisi, Kanterberi arxiyepiskopu lord Carey də “The Mail on Sunday” qəzetinə müsahibəsində eyni mövqedən çıxış edib.

“Onlar Britaniya pasportu ilə səfər etmək imtiyazından məhrum edilməlidirlər – deyib arxiyepiskop, - və əlbəttə onlar yeni öyrəndikləri vəhşi və qaniçən vərdişlərlə geri qayıtmaq imkanından məhrum edilməlidrlər”.

“Amerika jurnalistinin qətli Britaniyaya xəyanətdir”

Britaniyanın xarici işlər naziri Philip Hammond deyib ki, Amerika jurnalisti James Foley-nin onun ölkəsinin vətəndaşı olduğu düşünülən şəxs tərəfindən edamsayağı qətlə yetirilməsi Birtləşmiş Krallığın dəyərlərinə xəyanətdir.

“The Sunday Times” qəzetində dərc olunmuş məqaləsində cənab Hammond yazır ki, onun hökuməti “vəhşi ideologiya” ilə mübarizə üçün “əhəmiyyətli vasitələrə” malikdir.

O qeyd edib ki, Suriya və İraqdakı münaqişələrdən qaynaqlanan təhlükələr bir nəslin ömrü boyunca davam edə bilər.

“The Sunday Times” qəzetindəki məqaləsində xarici işlər naziri Philip Hammond yazır ki, “bu xain cinayəti törətmiş şəxsin Britaniyada doğulub, boya-başa çatmasını düşünmək belə dəhşətlidir”.

“Bu, bizim ölkəmizə, dəyərlərimizə və Britaniya xalqının təmsil etdiyi nə varsa, hamısına xəyanətdir” – yazır nazir.

Cənab Hammond məqalədə həmçinin yazır ki, hökumət İraqdakı kürd peşmərgə döyüşçülərini lazımi avadanlıqlarla təchiz edir.

O qeyd edir ki, Britaniya kürdlərə Şərqi Avropada istehsal olunmuş silah və hərbi texnika dəstləri göndərəcək.

Hökumət baş müşavirini elçi göndərir

Bu arada Britaniya yeni “təhlükəsizlik elçisi”nin adını elan edib.

Hökumət özünün müdafiə üzrə baş müşaviri general-leytenant, lord Simon Mayall-ı Yaxın Şərqə yeni təhlükəsizlik elçisi təyin edib.

Hökumət sözçüsü bildirib ki, general Mayall gələn həftə Bağdada və Kürdüstan Regional Hökumətinin yerləşdiyi Ərbil şəhərinə səfər edəcək və “bütün İraq icmaları”nın İŞİD-ə qarşı vahid cəbhədə səfərbər olunmalarına kömək edəcək.

Hökumət sözçüsü bildirib ki, İraqın Kürdüstan regionuna diplomatik nümayəndənin göndərilməsi Londonun İraq və Şamın İslam Dövləti (İŞİD) ilə mübarizədə Bağdada dəstəyinin artdığını nümayiş etdirir.

Sözçü həmçinin elan edib ki, kürd qüvvələrinə qeyri-döyüş vasitələrinin göndərilməsinə artıq başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG