Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:38

Azərbaycan müəllimlərinin I qurultayından 100 il ötdü...


100 il bundan əvvəlki qurultayın nəticələri indi də aktualdır
100 il bundan əvvəlki qurultayın nəticələri indi də aktualdır

«İz» mədəniyyət proqramı Azərbaycan Müəllimlər Qurultayının 1 əsrlik yubileyininə ayrıca diqqətə yetirir. Mövzu bələdçisi araşdırmaçı jurnalist Tahir Aydınoğlu və Vasitf Quliyevdir. Müəllimlərin ilk qurultayından 100 il ötdü. Öyünməyə, yoxsa deyinməyə meyllənək?


TAHİR AYDINOĞLU: Əlbəttə, öyünməyə! «Əkinçi» qəzetinin nəşrindən sonra sözügedən qurultay Azərbaycanın mədəni həyatında 2-ci çox böyük hadisə sayıla bilər.


VASİF QULİYEV: Ötən əsrin əvvəlində, çox qarışıq bir dönəmdə, həyati təhlükələr məngənəsində Azərbaycan müəllimləri bir araya gələ və gələcək anadilli təhsilin təməl prinsiplərini yarada bildilər. O dönəmlərin ictimai rəyinə çox güclü impuls verildi... Bir il sonra müəllimlərin 2-ci qurultayı da gerçəklişdi.


AZADLIQ: Birinci qurultaydan söz açanlar, istər-istəməz, Hacı Zeynalabdin Tağıyevlə doktor Nəriman arasındakı anlaşmazlığı ön plana çəkirlər. Bəlkə söhbətin nədən getdiyini dinləyicilərə xatırladaq?


VASİF QULİYEV: Doktor Nərimanov məktəblərin acınacaqlı durumunda, anadilli təhsil sisteminin gəlişdirilməməsində çar hökumətini təqsirli bildiyindən vəziyyəti düzəltmək üçün hökumətə tələbnamə yazmağı təklif etdi, ancaq Həsən bəy Zərdabi bir az ağılla və tədbirli davranmağı tövsiyə edərək, «tələb» sözünü «xahiş»lə əvəzləməyi məsləhət gördü...



«Azərbaycan müəllimlərinin qurultayında türk müəllimləri böyük bir cəsarətlə öz dərdlərini söylədilər və bir çox qorxular altında olduqları halda yenə türk dilinin məktəblərdə keçirilməsi yolunda böyük təşəbbüslərdə bulundular». «Maarif işçisi» jurnalı. 1925-ci il.


TAHİR AYDINOĞLU: Amma qurultay səs çoxluğu ilə Nəriman Nərimanovun təklifini qəbul etdi. Hətta ağsaqqal Zərdabini «ağıl yaşda deyil, başdadır» məsəliylə alçaldanlar da tapıldı. Zərdabinin inciyib qurultaydan getməsi onun xətrini çox istəyən Hacı Zeynalabdin Tağıyevi qəzəbləndirdi və o, qurultaya gələrək iştirakçılardan «cibində bir qəpiyi olmayan və şəxsən ödədiyi təqaüdlə oxuyan Nərimanova uymamalarını» istədi. Və... bu dəfə də doktor Nəriman inciyərək Hacının təqaüdündən imtina etdiyini dilə gətirdi... Ancaq bütün bunlar qurultayın miqyası və faydalı işləri müqabilində xoşagəlməz də olsa, çox xırda epizodlar kimi qiymətləndirilə bilər.

AZADLIQ: Qurultay keçirmək fikri hardan yarandı? Kimlər təşkil etdi və kimlər qatıldı bu böyük məclisə?


TAHİR AYDINOĞLU: «Nicat» cəmiyyəti xalqın maariflənməsi üçün ardıcıl layihələr həyata keçirməyə çalışırdı. Həsən bəy Zərdabinin sədrliyi ilə 1906-cı ilin mayında yaradılan komissiyaya müəllimlərin qurultayını təşkil etmək tapşırıldı və bu yöndə ardıcıl fəaliyyət həmin ilin avqustunda həmin məclisin gerçəkləşdirilməsinə imkan verdi.


AZADLIQ: Qurultayın gündəmində hansı məsələlər vardı? Və niyə belə uzun çəkdi bu qurultay? Yanılmıramsa, yarım ay çəkdi, hə?


VASİF QULİYEV: Elədir. Azərbaycan türk dilinin tədrisində, ümumiyyətlə anadilli təhsilin gerçəkləşdirilməsində irəliləyişə nail olmaq qurultayın başlıca hədəfi idi. Rus və erməni məktəbləri inkişaf edirdi, ancaq Azərbaycan məktəblərinin açılmasına diqqət duyulmur, əksinə, əngəllər yaradılırdı. Xüsusən qəzalarda, kənd yerlərində yaşayan müəllimlər özlərinin rus və erməni həmkarlarından qat-qat aşağı maaş alır, acınacaqlı durumda yaşayırdılar.


TAHİR AYDINOĞLU: Onların həyat şəraitinin yaxşılaşdırılması, ibtidai məktəblərdə «türk dili»nin icbari tədrisi, ilk siniflərdən tutmuş yuxarı pillələrədək «Ana dili» dərsliklərinin hazırlanması, təhsil standartlarının müəyyənləşdirilməsi və s. məsələlər müzakirəyə çıxarılmışdı. Müəllimlərin rəyi öyrənilmiş və qərarlarda əksini tapmışdı. Daha sonralar neçə-neçə «Vətən dili», «Ana dili» kimi dərsliklər məhz 1-ci qurultayın mədəniyyətə verdiyi impulslar nəticəsində gerçəyə çevrilmişdi.


AZADLIQ: 1-ci qurultay nələri çözdü və çözülməyən məsələlər sırasında bu gündə aktual olanları varmı? Axı «Təhsil haqqında qanun» payızda Milli Məclisin təkrar müzakirəsinə çıxarılacaq...


TAHİR AYDINOĞLU:...hətta Qori Seminariyası filialının sonralar - ADR zamanında Azərbaycanda açılmasına məhz 1-ci qurultayın qatqıları danılmazdır. Çox istərdik ki, «Təhsil haqqında qanun» məktəb dərsliklərinin məzmunu, dili, pillə-pillə inkişafı, dünya standartlarına uyğunlaşması baxımından 1-ci qurultayın tələblərini nəzərə alsın. 100 il öncə olmuş qurultay 100 il sonra da çox önəmlidir və ayrıca qeyd olunmağa layiqdir.


Buna da bax:

XS
SM
MD
LG