Keçid linkləri

2024, 26 May, bazar, Bakı vaxtı 10:13

Kefsiz Isgəndər


Yaşar Bünyad
Yaşar Bünyad

-

Dəli kimi yerindən sıçrayıb eyvanın qapısını açmağıyla televizorun üstünə cumub onu iki əlli qamarlayıb eyvandan küçəyə tullamağı bir oldu. Qonşunun qarajının damına çırpılan televizor bomba kimi partlayanda bağırdı:

-Hə, necədi?!...

Yaşar Bünyad

KEFSİZ İSGƏNDƏR

...və ölməyi bacarmayanlara rekviyem

Ağlım üstümdə qalsa, son nöqtəsinə kimi hər şeyi olduğu kimi danışacam.

Düzdür, İsgəndərə söz vermişdim ki, yazmayacam, amma dözə bilmədim, daha olan olub, keçənə də güzəşt edirlər...

Bağışla, İsgəndər, sən canın...

...Ondan gizlətsələr də, həkimlərin qoyduğu diaqnozun nə olduğunu yaxşı anlayan İsgəndər yenə də sabaha olan inamını itirmədən hospitaldan evə buraxılanda səhər açılar-açılmaz elə bil havalanmışdı; dəli bir rüzgar elədən-belə, belədən-elə vıyıldayaraq şəhərin küçələrində olan-qalan zir-zibili göyə sovururdu, sanki həmən vıyıltılı rüzgarın yarısı onun içindəydi və onun içalatını, beyninin dərinliklərində olan-qalan nəyi qalmışdısa onu da bu zir-zibilə qarışdırıb havada oynadırdı...

Son zamanlar belə hallar tez-tez təkrar olunduğundan baş həkim İsgəndəri, onunçun ayırdığı tibb bacısıyla birgə "Təcili yardım" maşınında evə yola salmağı özünə vəzifə borcu bilmişdi və evə dönəndən o, üç gün idi lal-dinməz boz tavana gözlərini zilləyib uzanmışdı...

Demək olardı ki, İsgəndərin yuxusu ərşə çəkilmişdi.Gözlərini qapayıb uzanırdısa da yuxusu gəlmirdi.Tanışlıqla, həm də baha qiymətə tapdığı dərmanlardan qəbul edir, arada beş-on dəqiqə, elə bil gözlərinin acısını alırdı, amma bu beş-on dəqiqədə gördüyü dəhşətli yuxular onu daha da özündən çıxarırdı.

Tez ayağa qalxır, dəhlizdəki şkafın siyirtməsində köhnə pal-paltara büküb gizlətdiyi tapançasını götürüb "İrəli, irəli!..." deyə qışqırır, qışqırır, handan-hana, harda olduğunu anlayandan sonra sakitləşib silahını sinəsinə sıxaraq uşaq kimi ağlayırdı. Həmişə də ağlayanda eyni sözləri pıçıldayırdı:

İlahi, niyə məni öldürmədin?!...

Özündə-sözündə olanda, yəni ağlı başına gələndə, “o qədər ölməli adamlar var, amma ölmür, ölmək istəmir” desə də, ancaq özünə ölüm arzulayırdı və əmin idi ki, çətin ki həmən ölməli adamların gorbagor olacağı günü görə.

Yox, o, dəli deyildi. Dəli özünə ölüm arzulamaz axı, dəli hamıdan çox yaşamaq istəyər. Amma çoxları üzünə deməsə də, arxasınca belə söylənirdi: “Başdanxarab...”

Başa düşürdü ki, qəribəlikləriylə hamıdan fərqlənir. ”Axı nəyimə gərəkdi?” - deyə bilmirdi və onu da anlayırdı ki, dünya necə yaranıb, eləcə də qalır, dərd-sər, ölüm-itim olsa da, həyat davam edir, ağlayıb-sıtqamaqla heç nəyi düzəltmək mümkün deyil, bir də hamının dərdini qarnına doldurub tuluq kimi gəzdirmək ona qalıb?...

Yəqin dəli olmadığı üçün başa düşürdü bunu, amma onu da yaxşı dərk edirdi ki, həyat davam etsə də, nədənsə çox ədalətsiz, insafsız, yəni, “birinə hər şey, yüzünə heç nə “ prinsipiylə davam edir. Bax onda beyn qapağının altında soyuq küləklər əsməyə başlayardı, heç kefi olmurdu İsgəndərin.

Tutmaları tutanda heç nəyin fərqində olmurdu. Əvvəllər aradabir tuturdu, yuxusu da pis deyildi, ən azından, şikayət etmirdi. Əsasən qarışıq yuxular görəndə, ya da televizorda müharibə filmlərinə baxandan sonra son döyüş zamanı gizləndiyi səngərin beş addımlığında partlayan mərmilərin uğultusunu eşidir, döyüş yoldaşlarının yanıb qaralmış bədən hissələri gözünün qabağına gəlirdi.

Şənbə günləri "Şəhidlər xiyabanı"nı ziyarət edirdi. Hamı kimi təqvimə əbədi qara yazılmış günlərdə yox, hər şənbə yad edirdi onları. Hər məzarın qarşısında dəqiqələrlə dayanıb, sakitcə nəsə pıçıldayırdı. Kənardan baxana elə gələrdi ki, o dua edir. Tanışlığımızdan sonra bir dəfə onunla ziyarətə gedəndə İsgəndərin sükuta qərq olmuş məzarlara nə pıçıldadığını öz qulaqlarımla eşitdim və tüklərim biz-biz oldu. Təsəvvür edirsən, hər məzarın qarşısında dayanıb ehmalca səcdə qılır, sonra da məzara tərəf əyilir, sanki şəhidin diri ruhuyla danışırmış kimi deyirdi:

-Sənin yerində olaydım!...

-Sənin yerində olaydım!...

Bir dəfə soruşdum : Niyə ölmək istəyirsən? O mənə fikirləşmədən cavab verdi ki, mən çoxdan ölmüşəm, çoxdan...

...Gec də olsa, 20 Yanvar meydanında abidə qoyulanda uşaq kimi sevinənlərdən biri də İsgəndər olmuşdu. Amma çox keçmədi, abidənin yan-yörəsini kafelər, çayxanalar, pivəxanalar dövrəyə aldı, isti yay axşamları hava qaralanda, çayxanalarda, pivəxanalarda gün keçirənlərin əksəriyyəti sidik kisəsi qaynayanda pullu tualetə getməkdənsə abidənin arxasına boşalıb rahatlıq tapanda, bu sevincini acı bir kədər yuyub apardı, İsgəndər başa düşdü ki, yox, biz düzələn deyilik, biz ölümüzə ən uzağı qırx gün hörmət etməyi bacarırıq, qurtardı getdi!...

Deyə bilmirdi ki, bığıburma cavanların əlləri pivə bokalı yox, silah tutmalı, sinəsiylə küçə fahişələrinin dalını yox, səngəri qucaqlamalıdı. Axı kimə deyəydi, haramı dadıb nakam şəhid abidəsinin arxasına işəyənlərə?... Bir dəfə demişdi...və cavabını da almışdı:

-Döyüşmüsən, əcəb eləmisən (“əcəb eləmisən” yox, başqa cürə demişdi, özün başa düşərsən), minnət qoyma boynumuza... Sağ qalmısan, Allahına şükür elə...

Belə biganəliklərə dözə bilmirdi və içində elə fırtınalar qalxırdı ki, az qala dünyanı başına çevirə.

Daha, nə ölüsünü yerdən götürmək üçün qohum-əqrəbasına borclu, minnətli qalıb qonşudan geri qalmamaq üçün dəbdəbəli-çil-çıraqlı, yeri xalça , tül pərdəli, ofisiantlı, mikrofonlu molla kürsüsü olan-yas mərasimi keçirənləri, nə də ki, 250 manat məvacib aldığı halda, qaytaracağına ümidi olmadan banklardan külli miqdarda kredit götürüb uşaqlarına maşın, bahalı telefonlar, brend geyim-keçim alan axmaq adamları qınamırdı.

Başı çevrilsə də, qınamırdı; qanı zəhərləmiş, illər uzunu öz işini görmüş mikrob-paxıllıq, təkəbbür, quru lovğalıq milli xəstəlik simptomuna çevrildiyindən bu barədə mülahizə yürütmək belə, onu gülüş obyektinə çevirərdi, çünki bu dünyanın adamı deyildi İsgəndər.

Ağır döyüşlərdən beyin travmasıyla qayıdan İsgəndər düşmən tərəfindən işğal olunmuş şəhər və kəndlərin yasını saxlayır, saqqalını təraş etmirdi.

Beləcə, iki-üç il saqqallı gəzib-dolandı. Çoxları onu rişxəndlə “patriot” adlandırırdısa da, bundan incimir, camaat arasına çıxanda onu barmaqla göstərənləri vecinə də almırdı.

Amma şəhərdə saqqallıların sayı getdikcə çoxalanda fikirləşirdi ki, görürsən, patriotlar hələ ölməyib-yaşayır, çoxalır...

Sonradan dərk edəndə ki bu saqqal o saqqaldan deyilmiş, onun özgə məramı, məqsədi var və patriotluqla da heç bir əlaqəsi-zadı yoxdu, onda ürəyi göynəmişdi. Əlqərəz, yas saxlamağı özünəməxsus borc bilirdi, o vaxtacan ki, təsadüfən, “Şamaxinka” tərəflərdə yay kafesinə çay içməyə girdi.

Bir boğanaqlı iyul axşamıydı. Beşmərtəbəli binaların arasında şam ağaclarının altındakı kafeyə daxil olub, çətinliklə bir boş yer tapıb oturdu.

İlk baxışdan hiss olunurdu ki, kafe yay sezonunda qaz vurub-qazan doldurmaq üçün nəzərdə tutulub; ucuz plastmas stol-stul, kohnə-külə qab-qacaq, qəzet parçasından kəsilmiş dəsmallar, lap arxada taxta budkanın yanında tüstülənən köhnə dəmir manqal da “bugün-sabahlıq”dan xəbər verirdi.

Açıq havada olmasına baxmayaraq pivə içib çığıra-çığıra danışan müştərilərin səsindən ağız deyəni qulaq eşitmirdi.

İsgəndərin ağlına birinci gələn o oldu ki, ayə, bu binalarda yaşayanlar bu hay-haraya necə dözür görəsən? Bir də ağlına gələn bu oldu ki, bir-iki il əvvəl, dava başlayanda bu qədər cavan-cuvanı gündüz də çıraqla tapa bilməzdin...

Ən diqqəti çəkən isə iki stoldan birinə qulluq edən cavan qız-gəlinlər idi, onlar da özlərini elə aparırdılar ki, bura pivəxanadan çox başqa ....xanaya bənzəyirdi.

Çay sifariş verəndə ofisiant qız ağız büzüb dedi ki, ünvanı səhv salmısan, burada kabab, pivəylə noxud verilir. İsgəndər üzr istəyib güclə tutduğu yerdən qalxıb çıxmaq istəyəndə pivə bakallarıyla dolu podnos əlində, məsti- xumar olmuş cavanlara dalını sürtə-sürtə cərgələrin arasıyla keçib axırıncı şam ağacının kölgəsində oturan kişilərə yaxınlaşan qonşusu Vaqifin arvadı Şəhlanı görəndə donub qaldı.

”Əşi, mənə nə, özü bilər, əri bilər... Əri oğraş bilmir ki, arvadı harda işləyir?” dedi ürəyində və aralıdan keçib getmək istəyirdi ki, yekəpər bir kişinin stolun üstünə pivələri düzən Şəhlanın yumru dalına əlini qoyub qulağına nəsə pıçıldadığını gördü.

Şəhla da qaqqanağ çəkib güldü. Kişi hələ də əlini onun dalında gəzdirir, Şəhla da xoşallanıb əndamını yellədirdi. İsgəndəri elə bil tok vurdu. İstədi stolu çevirsin kişinin başına, amma arvadın öyrəncəli olduğunu görəndən sonra fikrindən vaz keçdi.

Öz-özünə: “Görəsən qeyrətdən-namusdan danışıb məhlədə hamıya bir vedrə bağlayan Vaqifin xəbəri var ki, arvadı sərxoş kişilərlə küçənin ortasında mırt vurur?!... Əlbəttə var... Niyə dağılmırsan, a dünya?!” – deyib ötüşəndə Şəhla onu saqqalından tanımışdı.

O gündən Vaqiflə salam-kəlamı kəsdi, gördüklərindən elə təsirlənmişdi ki, saqqalını da ülgüclə qırxmışdı;”Millət kefindən qalmır, mən yas saxlayıram. Kimin, nəyin yasını?...”

Bu hadisədən Vaqifin xəbəri yox idi, amma İsgəndərə etibar etməyən arvadı onu dəfələrlə binanın tinində yaxalayıb aralarındakı sirrin batması təqdirində özünü ona təslim etməyi də utanmadan təklif etmişdi və İsgəndər də ona demişdi ki, mən kantujenni olsam da, sənin ərin kimi cındır deyiləm, həm də sən mənim zövqümdə deyilsən...

...Hə, dedim axı, donuq gözlərini tavana zilləyib uzanmışdı ki, divar qonşusu Səmayənin cır bağırtısına diksinib ayağa durdu.

Hava bürkülü olduğundan tibb bacısı gedərkən eyvanın qapısını açıq qoymuşdu. Ona görə də “hava həyəcanı”na bənzər səs otağı başına götürdü. İsgəndər:

-Yenə başlandı, - deyib eyvana çıxdı. İstədi Səmayədən xahiş eləsin ki, səsi başına düşür, bir az yavaşca qışqırsın. Səmayə də elə bunu gözləyirmiş kimi ətəyini aldı əlinə:

-Nə olub, ay İsgəndər, yenə pis yuxu görmüsən? Bissimillah!... Ədə, cəftə suyundan-zaddan iç, özüvə gəl...İşə düşmədüyy?!...

Arvadın tikanlı sözləri onsuz da özündən çıxmış İsgəndərə kibrit çəkdi.

-Ay Səmayə xala, hansı yuxudan danışırsan? Sənin səsindən divarlar lərzəyə gəlir, binanın özülü tərpənir... bu səsdə yatmaq olar?... O kişini bundan sonra adam eləyə bilməyəcəksən ee, başa düş, qan ki, zəhərləndi, daha faydası yoxdu, qozbel-qəbir məsələsi... başa düşdün?! Qoymazsan xarabamızda rahatca ölək?!...

Səmayə səsinin gur yerinə saldı. Arvad qışqırdıqca elə bil səsi açılırdı:

-Adə, yenə nə gicdəmisən, başün çörülüb? Təzə çıxmısan ki?!... - Daha dalısını gətirmədi dilinə, köhnə ənənəsinə sadiq qalaraq başladı qarabasdıya. - Axşam indi düşüb ki, balam, nə şüvən qopardırsan?... Yox bir, bina uçdu, məhlə qaçdı... Mənim heç səsim çıxıb?... Ay camaat, kişi bir az içib, içib da... Mən yazığın görəcəyi var eee, ay başuza dönüm, içim özümü yandırır, çölüm də İsgəndəri!... - Ayaqüstə güclə dayanan Ağakişi eyvanın qapısında görünəndə Səmayə qapıqarışıq onu içəri itələdi. - Sən də əl-ayağıma dolaşma görüm !... Külü qoyum təpənə, sənə görə hər başdanxarabla ağız-ağıza gəlirəm... Alkaş !...

Xasiyyətinə bələd olan qonşular onsuz da səsə çıxan deyildi, çünki bilirdilər ki, həndəvərində çoxlu adam görən Səmayə daha da qudurur, dil boğaza qoymur. Ağakişini içəri itələyəndən sonra İsgəndəri təzədən qaralamaq istəyən Səmayənin arzusunu ürəyində qoydu; eyvanın qapısını bərk-bərk bağlayıb vanna otağına keçdi, üzünə soyuq su çəkib qurulandı.

Hələ də Səmayənin cır səsi cingildəyirdi: “Səni heç sağ yatmayasan!... Bəxtəvər başıma, mənə başdan qrija İsgəndər ağıl öyrədir... Dağıl, a dünya!...”

İyirmi beş illik qonşusu Səmayənin vay-şüvənliyinə vərdiş etdiyindən daha əsəbiləşmədi, nə də baş qoşmadı bu qancığa. Pencəyini çiyninə atıb həyətə düşdü ki, bir az sakitləşsin. Səmayənin qulaqbatıran cır səsi hələ də gəlirdi, deyəsən yatmamışdan qabaq ərinin "aşını-suyunu" verirdi ləçər...

Əvvəllər Səmayənin səs-küyü ona lap ana laylası kimi şirin gələrdi. Heç Ağakişi də əvvəllər çox içməzdi; bayramdan-bayrama, toydan-toya yüz-yüz əlli qram gillədərdi. Sərdarov zavodunda yaxşı işi, hörməti vardı.

Qızlarını köçürəndən bir il sonra zavod bağlandı, qaldı işsiz və hər gün “gül kimi dövləti dağıtdığına görə” Qorbaçovu söyə-söyə içməyə başladı. Bir tərəfdən də arvad ona göz verir, işıq vermirdi.

İsgəndər də əməlli-başlı adam idi; universiteti fərqlənmə diplomuyla bitirib elmi-tədqiqat institutunda işləyir, elmi iş üzərində çalışırdı. Amma arzuları bircə anın içində puça döndü İsgəndərin, özü də təkcə onun yox, çoxlarının.

Elan olunmamış müharibə məmləkətin altını üstünə çevirəndə “zəmanə adamları” işbazlıq etmək üçün yaranan münbit şəraitdən səmərəli istifadə edib arxa cəbhədə və zəmanədən geri qalanlar silaha sarılıb müharibəyə, döyüşə getdi. Onların yarısı şəhid, çoxu da İsgəndər kimi yararsız, yəni şikəst oldu ömürlük.

Döyüşdən cəmiyyətə “yararsız” qayıdan İsgəndərin faciəsi də o gündən başladı; institutda hansısa məmurun bacanağının oğlunu onun yerinə götürmüşdülər və “elm can verir, bala, akademiyada “sokraşeniya” gedir, oğul” deyib, hospitaldan verilmiş arayışdakı diaqnozu üzünə vurmadan, mədəni formada yola salmışdılar. Həmən arayışa görə, elə ilk baxışdan özündən ixtiyarsız xəstəliyini biruzə verən İsgəndərin üzünə bütün qapılar bağlandı.

Ümidi tanışlıqla düzəltdiyi əlillik pensiyasına qaldığından qəpik-quruşla dolanır, bəzən də məhəllədən uzaqlarda yerləşən marketlərdə, bazarlarda yük daşımaqla çörək pulu qazanırdı.

İndi Səmayəyə baş qoşmaq güclə tapıb aldığı bahalı dərmanları zibilliyə tullamaq, dərdinin üstünə dərd gətirmək olardı. Həyətə düşüb qoca tut ağacının altında oturub sakitləşmək istədi, siqaret tüstülədə-tüstülədə tindən çıxan Vaqifi görəndə fikrindən daşındı, bu oğraşla üz-üzə gəlməməkçin cəld geri qayıtdı, evə girib soyuducudan ayran götürüb içdi, televizoru qoşub divana yayxandı.

Televiziya verlişini aparanın səsi hələ də deyinən Səmayənin səsini batırdı. Məşhur müğənnidən müsahibə alan aparıcı soruşdu:

-İndi də son layihələrinizdən danışın, xahiş edirəm.

“Sizin zatınıza lənət!... Onun da layihəsinə... Camaat nə gündədi... Tfu!...”

Deyəsən, əməkdar, ya da xalq artistiydi, əynindəki paltardan kişi olduğu bilinirdi, amma incə xanımlar dəstiri barmağının ucunu təzəcə alınmış qaşlarının altında gəzdirdi, bir az nazlandı, qulağındakı sırğanı barmaqlarının arasında oynada-oynada gözlərini süzdürüb cavab verdi:

-Hamı yaxşı bilir ki, mən hərbi hissələrdə çoxlu konsertlər verir, hərbiçilərdə döyüş ruhunu aşılayan nəğmələr oxuyuram...

“Bunun sırqalarına bir bax!... A səni əkənin!...”

-Bu torpağın qeyrətli oğlu kimi Qarabağ haqqında silsilə mahnılar üzərində işləyirəm. İstərdim ki, gələn Novruz bayramında Şuşada konsert verəm. Mətbuat katibim Sema, prodüsserim Kama...

Dəli kimi yerindən sıçrayıb eyvanın qapısını açmağıyla televizorun üstünə cumub onu iki əlli qamarlayıb eyvandan küçəyə tullamağı bir oldu.Qonşunun qarajının damına çırpılan televizor bomba kimi partlayanda bağırdı:

-Hə, necədi?!... Lənətə gələsiz!... Başımızı dik tutub gəzirik də!... Lənətə gələsiz!...

***

...Əvvəlcə damcılar ara-sıra yanağına düşdü, elə bildi yuxu görür, sonra su şırhaşırla axmağa başlayanda hövlnak yerindən qalxıb daş kimi yatan ərini dümsükləməyə başladı:

-Qarabala, adə, Qarabala, ölmüsən?! Dur ee, evi su basıb, dur!... Belə qonşuluq olar, sən Allah?!...

Birinci mərtəbədə yaşayan Qarabala arvadının səsinə ayılanda gözlərinə inanmadı; yarıqaranlıq otağın tavanından, divarlarından şırhaşırla su axırdı.İkisi də döyüküb bir-birinə baxırdılar ki, yuxarı mərtəbədən də hay-harayı eşidib eşiyə çıxdılar.

-Vaxseyy!... Evimiz yıxıldı!... Biz indi haranın daşını tökəy başımıza?!... Kreditlə təzəcə təmir eləmişdik evi... Poxa döndü ki...

Bu, Qasımın arvadının çıqırtısıydı. Bütün bina hay-küyə yığışanda baxdım ki, su üçüncü mərtəbədən axır - İsgəndərdən başqa hamı - uşaqlı-böyüklü pilləkənlərə yığışıb. Başqa vaxt cirəylə verilən su da sanki hikkəylə aşıb-daşır, üst-üstə iki mərtəbəni islahatdan çıxarmışdı.

Hiss elədim ki, nəsə olub, yuxarı cumub var-gücümlə İsgəndərin qapısını döyəclədim, hay verən olmadı. Bu vaxt gecə köynəyində, əsnəyə-əsnəyə qapıdan çıxan Səmayə xala məndən soruşdu:

-Ay oğul, qapını niyə sındırırsan? Nolub ki? Aaa...

Üzbəüz qapının altından pilləkənlə süzülüb axan suyu görəndə arvadın rəngi ağardı.

-A başuva dönüm, bu nədi belə?! Suyun rəngi niyə qırmızıdı? Bıy, başıma xeyir!...

Mən heç fikir verməmişdim, doğrudan da su qırmızıya çalırdı. Mən elə qapını döyəcləyir, İsgəndəri haylayırdım. Səmayə dedi ki, gəl eyvandan keç içəri, gecələr qapını açıq qoyur o başdan qrija!...

Səmayəgilin mənzilindən eyvana çıxıb içəridən dəmir qapını açmağım beş dəqiqə çəkdi.Qonşular İsgəndərin birotaqlı mənzilinə doluşdular. Kimsə boğuq səslə “vaxseyy!” deyə qışqırdı, kimsə su kranını bağladı, Səmayə də “A başı xərab, niyə belə etdün?!” deyib kişiləri köməyə çağırdı.

Həyatımda belə dəhşət görməmişdim; şah damarını üzdürmüş İsgəndər vanna otağında al qanın içində üzüquylu uzanmışdı...

***

Təzəcə açılmış səhərin dəlisov küləyi şəhərin üzünü sığallayanda İsgəndərin cənazəsi on-on beş qonşunun müşayiətiylə 20 Yanvar meydanının ətrafındakı səs-küylü pivəxanaların yanından ötüşüb Yasamal qəbiristanlığına üz tutdu.

Bu gün çoxlarının dərdini özünə yük etmiş Kefsiz Isgəndər kefindən qalmayan dünyadan köçdü. Kəlləsində ilişib qalmış balaca qəlpə onu bir daha incitməyəcəkdi...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG