Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 23:45

Qoşalülə


-

"Ədəbi Azadlıq-2014" Milli Müsabiqəsinin 10-luğundan.


Yaşar Bünyad


QOŞALÜLƏ


Canı yanmış elə gözəl idi, kəndimizdə oğlan tapmazdın ki, onun dimdik duran döşlərini heç olmasa bircə dəfə əlləmək xəyalından keçməsin. Onunla qol-boyun olub yatanlar da az deyildi... yuxularında.

Doğrusu, oğlanları beləcə havalandıran elə Nazpərinin özüydü; kənd qızlarından fərqli, gözümüz öyrəşməyən açıq-saçıq geyimi, qırmızı, toppuş yanaqlarından əskik olmayan gülüşü, gözləri- ilahi, sanki sürmə çəkilmiş kiprikləri onun iri, mavi gözlərini bədnəzərdən qoruyan keşikçiləridi – özünə çəkirdi hamını. Qızın ədası neçə canları oda yaxmışdı. Yeriyəndə küçə də dar gəlirdi ona. Bir suyu Sibel Cana oxşayırdı.

Tellərini də o sayaq kəsdirirdi. Kəndimizdə ona görə tanımışdılar Sibeli, yoxsa bu ucqar kənd hara, Sibel Can hara...

Amma bir kişi də deyə bilməzdi ki, mən onunla “olmuşam”. Xəyalından keçirərdi, bəlkə yuxusunda sevişərdi də... amma deyə bilməzdi.

Qoca bibisinin himayəsindəydi Nazpəri.

Atası Qasım Rusiyadan bəh-bəhlə gətirdiyi Aksananı (guya bu boyda kənddə qız qəhətmiş) əvəllər daşa-divara qısqanırdı, sonra da rayondan gələn cavan “uçastkovı”ya . Başı necə dönmüşdüsə, uçastkovını otağında, Aksananı da saman damında, qoşalüləylə qanına qəltan etmişdi . Beş ilin gəlininin son nəfəsi çıxanacan gözlərinin içinə baxıb, tüfəngi parçalanmış sinəsinə tullayıb, üzünə tüpürmüşdü də... Ən dəhşətlisi o idi ki, arvadını Nazpərinin gözü qabağında öldürmüşdü Qasım...

Qasıma neçə il iş verdilər, hara göndərdilər, bilən yox idi; guya Aksanayla uçastkovı arasındakı “him-cim”i hannan-hana duyub, öz aralarında Qasıma haqq qazandırsalar da kənddən heç kəs məhkəməyə getməmişdi.

Qasımdan qalan ikimərtəbəli evdə, qız qarımış bibisi Məsməylə yaşayırdı. Bibisi məktəbin xadiməsiydi. İnsafən yaxşı baxırdı qıza. Nazpəri səkkizillikdən sonra texnikumu bitirib tibb bacısı işləyirdı. Ərə getməli vaxtı olsa da, elçi düşəni yox idi. Əslində, Nazpərinin də xoşuna gələn oğlan yox idi, Mirişdən savayı...

Nazpəridən on yaş böyük olsa da, ikinci arvadı qaçıb gedəndən sonra, Mirişin anası Məsməyə eşitdirmişdi ki, bəs, gədənin qızdan xoşu gəlir. Qızın da ürəyindən idi, amma, nə fayda, bizim kənddə bu qədər dedi-qodudan sonra qarımış qızıni belə qapıya it yerinə bağlayardılar, amma ona verməzdilər. Birinci toy gecəsindən sonra kənd arvadları nələr danışmırdı, nələr...

Miriş meşəbəyi idi. İki dəfə evlənmişdi yazıq, əgər buna evlənmək demək olardısa; birinci elə toy gecəsi qanaxmadan dünyasını dəyişmişdi. Qonşu kənddən aldığı qız da uç aydan sonra atası evinə qaçmışdı. Anası dərddən xəstələnib öləndən sonra Miriş də qalmışdı tək, uzunqulağıyla...

Nazpəri Mirişə qarşı olan hisslərinin əlində aciz qalsa da, bunun sevgi olduğuna çox inanırdı. Çünki hər dəfə onun adı çəkiləndə, rastına çıxanda, neçə il qabaq meşədə, kolluğun dibində baldırından üzüyuxarı qalxan qəribə istini duyurdu. Bax onda bədəni təndir kimi çırtlayırdı , dili-dodağı titrəyirdi. İxtiyarsız olaraq yanaqları alışıb yanırdı. Miriş də az aşın duzuna oxşamırdı. Yaddaşında toxtamış o baxışlarda yaşına uyğun olmayan iyrənc hərəkətinə görə ona qarşı ikrah hissi yox, nəsə başqa bir istək olduğunu görmüşdü, duymuşdu deyən, hər dəfə Nazpərini görəndə, qızara-qızara “hoşşa !”-deyə eşşəyini soncuqlayardı ki, ondan uzaqlaşsın.

İkisi də yaxşı xatırlayırdı o günü.

...Səkkizilliyi bitirəndə sinif yoldaşlarıyla kəndin qırağındakı meşəyə getmişdilər. Hərə yeməyə bir şey götürmüşdü. Meşənin qırağında palıd ağacının altına palaz sərib deyə-gülə yeyib-içdilər, sonra, Səttar hardansa köhnə vedrə tapıb gətirdi. Başladılar çalıb oynamağa. Vallah, bir vur-çatlasın oldu ki, gəl görəsən!

Qəfil Nazpərinin qarnı sancılandı. Uşaqlardan aralanıb meşənın dərinliyinə qaçdı. Qalın kolun dibində çömbəlmək istəyirdi ki, dərədən gələn səsə karıxdı – Mirişin uzunqulağı nalə döyürdü. Kolun budaqlarını aralayıb uzunqulaq tərəfə baxanda, qız yerindəcə donub qaldı; Miriş, onun quyruğunu qaldırıb, tez-tez qabağa-dala hərəkət edirdi. Eşşək də anqırırdı.Əvvəlcə heç nə başa düşməyən qızı handan-hana maraq götürdü: “Görəsən, o, eşşəyin dalında nə edir? Aman Allah, yəni?... Vax...seey!...” Nazpəri dilini dişlədisə də, gah haldan hala düşən Mirişə, gah da dişləri irişən uzunqulağa tamaşa edirdi. Birdən ona elə gəldi ki, baldırının arası alışıb yanır. Bir azdan bu isti yavaş-yavaş yuxarıya qalxıb döşlərinin giləsinə dirəndi...

Sancısı yadından çıxdı. Hələ ki onu görən yoxdu, tez buradan uzaqlaşmaq , uzaqlaşmaq... istədi. Qaçarkən özünü saxlaya bilməyib bir də geriyə çevriləndə qan-tər içində olan Miriş ona baxıb bic-bic gülümsəyirdi...

...Cavan, yaraşıqlı coğrafiya müəllimi təyinatla kəndimizə gələndə hər şey dəyişdi.

Lap dünyanın axırı olmasa da, tanrının yadından silinən kəndimizə işləməyə gələnlər “dayı”sızlar olurdı. Murad müəllim də internatda böyümüş, öz gücünə müəllimlik oxumuşdu. O boylu –buxunlu, sarışın, həm də çox şirindil idi. Şagirdlərinin sevimlisinə çevrilmişdi az vaxtda. Elə fənn otağında da yaşayırdı .Maarif şöbəsində həmişəki kimi söz vermişdilər ki, yaxında evlə təmin edəcəklər.

İndi bekar arvadların söz-söhbətləri Murad idi - Murad müəllim... Miriş, deyəsən, yaddan çıxmışdı.

Bir gün direktorumuz Qulu müəllim məktəbdə xadimə işləyən Məsməyə deyib:

-Ay Məsmə arvad, maşallah, o boyda evdə bir sənsən, bir də qardaşın qızı... Gəlsənə, alt mərtəbədə bir otaq ayırasan, şəhərdən gələn qonağımız qalsın, həə ? Allaha da xoş gələr, yetim uşaqdı...–Sonra da yarızarafat, yarıciddi əlavə etmişdi , - Bəlkə qismətdi , qızdan da xoşu gəlsə, lap qohum olarsız, inşallah!

Vallah, bu Qulu müəllimin ağzı falmış. Məsmə razılıq verən gündən heç bir ay keçməmiş Murad müəllim direktora utana-utana deyib ki, bəs, o qızdan xoşu gəlir. Bu xəbəri gözləyən direktor sevinmişdi.

-Günü sabah elçi gedərik! – deyib. - Qizımız da yaxşı qızdı haa...- Bunu da xüsusi vurğuyla əlavə etmişdi.

...Bir aydan sonra bütün kənd yığışıb Muradla Nazpəriyə toy etdi. Hamı sevinirdi. Ən çox sevinənsə Məsməydi. Qardaşı tutulandan bəri kişi ayağı dəyməmişdi bu qapıya.

Düz doqquz aydan sonra kişilərin sayı artdı bu evdə; Nazpəri Murada bir oğlan doğdu, adını Şahin qoydular...

Məsmə, gözlədiyi vüsala yetişmiş kimi ömrünün son günlərini səadət içində yaşadı. O, dünyasını dəyişəndə Şahinin iki yaşı vardı.

Şahin böyüdükcə, Nazpərinin ərinə olan sevgisi artırdı. Feldşer məntəqəsinə gedib-gələndə çalışırdı ki, Mirişlə üzləşməsin. Unutmaq istəyirdi hər şeyi. Adını eşidəndə də bədəni alışıb yanmırdı daha...

...Qarabağ savaşı başlayanda bütün qeyrətli cavanlar kimi Murad da könüllülərə qoşuldu. Onsuz da kənddə cavan-cuvanı barmaqla sayardın. Vəziyyətin ağırlığına dözə bilməyənlər çörək pulu dalınca Rusiyaya üz tutmuşdu. Nənəm demişkən “əfəl-üfəllər“ ilişib qalmışdı burda...

Bu yerlərin qara günləri başladı, nə başladı. Əvvəllər ara-sıra sönən işıqlar sonradan tamam kəsildi. Kənddə başı papaqlı beş-altı qoca qalmışdı, bir də ki, meşəbəyi Miriş. Rayondan deyiblərmiş ki, camaatın qazı yox, işığı yox, heç olmasa odun tədarük eləsin, arvad-uşaq soyuqdan qırılmasın.

İl yarım idi qanlı müharibə gedirdi. Camaat hər gün yeni müjdə sorağında havaxt İslam kişinin qaltaq “PAZ”ının yırğalana-yırğalana kəndə sarı gələcəyini gözləyirdi..

...Atamdan eşitmişdim ki, kəndimizdə “Zəng yeri” deyilən yer olub. Camaatı əkin-biçin vaxtı bir yerə yığmaq üçün həvəngdəstəyə oxşar, iri zınqırovlu zəng vurulardı; əkin vaxtı öküzünü, xışını, biçin vaxtı orağını, dəryazını götürən mal-qarasını “Əhməd dərəsinə” tərəf ötürüb yığılarmış həmən “Zəng yeri”nə. 1937-ci ilin yazı təzəcə girəndə, əkin-biçinə xeyli qalsa da böyüklü-kiçikli bütün kənd “Zəng yeri”nə yığılmışdı. Rayon mərkəzindən gələn “qonaqlar” kəndimizin sayılıb-seçilən kişilərindən yeddisini sorğusuz-sualsız maşına mindirib aparıblar. Bax, o vaxtdan neçə gözlər dikili qalıb kişiləri aparan boz yolun sonsuzluğuna. O gün vurulan zəngin qulaqlarda qalan cingiltisində neçə-neçə ümidlər xıncım-xıncım olmuşdu...

43-cü ildə isə camaatı məlumatlandırmaq üçün həmən yerə yekə bir dirək basdırıb, lap təpəsinə də qrammofona bənzər radio asıblar. Ucu toz-dumanda qırılan boz yoldan yığılan yorğun nəzərlər o dirəyə dikilərmiş hər gün, taa müharibə bitənə kimi...

İndi nə “Zəng yeri” var, nə də qrammofona bənzəyən radio! Hamının ümidi həftədə bir dəfə rayondan gələn köhnə avtobusun sürücüsü İslam kişi idi. İslam kişi hər dəfə bir xəbər gətirirdi. Çox vaxt pis olurdu onun xəbərləri. Bu dəfə də dedi ki, Daşaltıda, rayonumuzun batalyonunu qırıblar, bir nəfər də sağ qalmayıb. Hərbçilər nə qədər çalışıb, ölüləri çıxarmaq mümkün olmayıb. Hamı qara geyib yas saxladı...

“Yetim yarımaz...”deyiblər. Nazpəri qismətində başdaşı da olmayan Muradın yeganə şəklinə baxıb göz yaşı tökürdü. Çox vaxt da bibisinin qəbri üstünə gedir, hər ikisini yadına salıb toxdayırdı.

İki məşəqqətli il də beləcə ötdü.

...Kənd uşaqları hərdən Mirişə köməyə gedirdilər. Qoca, çürük ağacların qırılıb tökülmüş budaqlarını meşənin qırağına toplayar, sonra da ehtiyacı olanlar üçün şələ bağlayardılar. Atasından qalma köhnə araba da Mirişin karına gəlirdi. Daha odunları yazıq eşşəyin belinə yox, arabaya yükləyərdi. Şahin də bir neçə dəfə uşaqlarla kol-kos toplamağa getmişdi. Yaş, doğranmamış odunlara gücü çatmasa da, əl-ayaq eləməyi vardı. Kişiydi axı! Bir dəfə meşəbəyinin ərklə: “ay uşaq, o yana dur... gücün çatan işin qulpundan tut...” deməyi yer eləmişdi ona. Həmən axşam:

-Ana, gəl alma ağacını kəsək, - demişdi.- Onsuz da quruyur..Heç... meyvəsi də olmur. Bax, kəssək, bütün qışı yandırarıq... heç kimə , heç kimə möhtac olmarıq.

Nazpəri oğluna bələd idi. Bildi ki, kimsə xətrinə yaman toxunub. Nəvazişlə onun saçlarını tumarlayıb alnından öpdü.

-Qurban olum balama! - deyib, bağrına basdı.- İndi ağac kəsməzlər. Hələ qurumayıb da...Hayıfdı axı... Allah kərimdi, bir şey fikirləşərik... Ölmərik soyuqdan...

Elə həmən axşam Miriş bir eşşək arabası doğranmış odunu gətirmişdi Nazpərinin qapısına və demişdi ki, uşağa zülm eləməsin... Nə qədər yanacaq lazım olsa, gətirəcəm... Yazıq uşağın bir şələlik canı da yoxdur...

Bütün bacalardan burula-burula göyə qalxan tüstü soyuq qış axşamlarında evlərin isti olmasından xəbər verirdi. Nazpərinin də sobasının tüstüsü tüstülərə qarışmışdı...

Yenə də Miriş kənd arvadlarının dilindən düşmürdü. “Allah köməyi olsun! Şəhid ailələrinə əl tutur... Sağ olsun, camaatın qeydinə qalır!”-deyirdilərsə də, bəziləri Məsmə arvad kimi dildə demədiyini ürəyində çək-çevir edirdi ki, Mirişdən çıxmayan iş... Gün hayandan doğub, balam?... –deyə fikirləşirdi.

Məsmə arvadın yetmişə yaxın yaşı vardı. Sonsuz olduğundan, əri Hacıbala kişi öləndən sonra ikimərtəbəli evdə tək-tənha qalmışdı. Kəllə otağının pəncərəsi düz Nazpərigilin doqqazına baxırdı. Son vaxtlar Mirişin Nazpərigilə ayaq açması arvadın ürəyincə deyildi. Bütün kənd bilirdi ki, bir vaxtlar Nazpərini istəmişdi canıyanmış, amma bibisi verməmişdi. Nəsə, onun Mirişdən heç xoşu gəlmirdi.

Bir neçə dəfə görmüşdü odunu necə gətirir, necə şələni boşaldır damın altına. Əl-qolunun hərəkətindən başa düşürdü ki, Nazpəri onu çaya dəvət edirsə də, qalmır, tez eşşəyini sürüb uzaqlaşırdı doqqazdan - kənd yerində, başsız, cavan gəlinin evinə girməyin nə olduğunu yaxşı bilirdi Miriş...

...Yenə bir şaxtalı qış gecəsiydi. Qar altında qalmış damları bacasından göyə qalxan boz tüstüdən ayırmaq olurdu.Tək-tük evin pəncərəsindən kerosin lampasının zəif şöləsində bərq vuran insan siluetləri görünürdü. Sanki səssiz kölgə teatrındasan: Bax, Əliheydərin külfəti şam yeməyindən çəkilib arxa otağın qaranlığında gözdən itdi... Muxtarın qızları yastlq davasını bitirdi, arvadı yorğun düşmüş uşaqların yerini sərbirah edib yatızdırdı... Qara Fərəcin deyingən arvadının cır səsi lampa sönəndən sonra kəsildi... Evlərə zülmət çökdü... Tamaşa qurtardı... Bir Məsmə arvadın lampası közərirdi. Heç yuxusu yoxmuş bu arvadın!

...Miriş oğrun-oğrun doqqaza yaxınlaşdı. Qapını itələdi - açıq idi. Təzə yağmış qarı ehmalca tapdayırdı ki, xırtıldamasın. Alma ağacının altından keçib pilləkənləri qalxdı. Qapını ehmalca açıb içəri girəndə, əlində zəif közərən lampa, bayaqdan onu gözləyən Nazpərini gördü. Ev istiydi. Mirişi görən kimi güllü xalatının altında vücudu titrədi, yanaqları pörtdü, yenə keçmişdə qoyduğu o hisslər sarmaşıq kimi canına sarıldı.

Kürkünü çıxarıb qapının yanında divara vurulmuş mismardan asdı. Əsgərlikdən gətirdiyi, altının xırı getmiş uzunboğaz çəkməsini çıxarıb, başını tərpətdi ki, yəni, “hara keçim.” Nazpəri qapını göstərdi, özü Şahin yatan otağın qapısını aralayıb baxdı; uşaq dünyadan xəbərsiz, isti yorğan-döşəyində mışıl-mışıl yatırdı. Tez yataq otağına girib qapını örtdü. Lampanı mizin qırağına qoyub baxdı - Miriş soyunub girmişdi yorğanın altına. Nazpəri xalatının düymələrini açanda Mirişin gözləri yerindəcə oynadı. Çoxlarının əlçatmaz sandığı Nazpəri anadangəlmə onun qarşısında dayanmışdı. İllər boyu bütün kənd cavanlarını dəli eləyən ağ bədən, qız vaxtındakı cazibəsini itirməyən sinə, Şahin doğulandan bir ay sonra süddən kəsilən iri döşləri indi tir-tir əsirdi. Miriş yorğanın bir ucunu qaldırdı ki, “tez gəl”.

Lampanı üfürüb söndürdü. Sanki şüşədən tüstülənə-tüstülənə göyümtül cin çıxdı, qaranlıqda burula-burula da yox oldu...

Ona elə gəldi ki, həmişə, lap Muradla evliliyində də bu güclü qolların arasına can atıb, onun olmaq istəyib. Yatağa girən kimi Miriş onu necə qucaqladısa, ağlı başından çıxan Nazpəri, onun tüklü bədənindən gələn tər iyini belə hiss etmədi.

Çox keçmədi, onlara dəmir çarpayı darlıq elədi...

...Qapının çırıltısıyla dəmir çarpayının taqqıltısının kəsilməyi bir oldu. Təşvişə düşmüş Nazpəri yarısı sürüşüb yerə sərələnmiş yorğanı Mirişin üstünə atıb kiridi. Nəfəsini içində boğub qapıya sarı baxdı. Alaqaranlıqda iki parıldayan həlqə ona sarı tuşlanmışdı...

Yaddaşında ilişib qalmış uzaq uşaqlıq illərində, samanlıqda, dalbadal açılan qoşalülənin qırmızı od saçan həlqəsiydi, indi onun alnına tuşlanmışdı. Sanki dalbadal açılan güllələrin boğuq səsini eşitdi. Qırmızı alovdan sonra havada oynayan göyümtül tüstünü də gördü, burnuna dolan barıt qoxusunu da ciyərinə çəkdi...

“Bəlkə... bəlkə heç, Murad ölməyib?... Qayıdıb... Bax, nəfəsini də duyuram... İlahi... odur, qayıdıb... Rüsvay olduq!...”

Yorğanın bir ucunu sıxaraq, kipriyinin ucuyla, yavaş-yavaş dağılan zülmətin içində ona yaxınlaşan, yaxınlaşdıqca da böyüyən, parıldayan bir cüt göz gördü - qorxudan diksinib yuxudan ayılan Şahinin gözləri ona zillənmişdi.

Qorxut...dun məni, - udqunaraq ,çaş-baş qalmış Nazpəri dilləndi.
Uşaq yarıyuxulu , qaranlıq otaqda nəsə axtarırmış kimi o yan- bu yana baxdı.

Boğurdulaar...yuxuda? - deyə soruşdu.
-Yoox...-deyə tələsik döşəməyə atdığı xalatını götürüb birtəhər əyninə keçirib ayağa qalxmaq istədi, lakin ayaqları sözünə baxmadı. Baldırlarınin əsməsi dayanana kimi oğlunu sinəsinə basıb gözlədi.” Qorxma, mənim balam... Görürsən, mən burdayam... Gedək, gedək yatağına”- deyib uşağı otaqdan çıxardı. Şahin mızıldadı.

Yorğanın altında, nəfəsini dərmədən ölü kimi halsız qalmış Mirişi soyuq tər basmışdı.

Şahini yerinə uzadıb gözlərindən, alnından, saçlarından öpdü, öpdü... Gözlərindən axan yaşı saxlaya bilmədi. Anladı ki, o , qarşısı alınmaz rüsvayçılığın bir addımlığındaydı. Arxada qoyduğu, adına yazdığı xəyanəti özünə bağışlaya bilmədi. Bir an ona elə gəldi ki, oğlu da, əri Murad da, elə atası Qasım da burda imiş, görürlərmiş onu. Hətta atasının boğuq, əsəbdən titrəyən səsini də eşitdi: “Anası gəzən ağacı balası budaq-budaq gəzər. Gərək səni də anan qancıqla bir yerdə gəbərdəydim!”

Qulaqlarını bərk-bərk sıxıb eyvana çıxanda, alma ağacının altından kürkünü geyinə-geyinə şütüyüb qaçan Mirişi gördü. Bir azdan eşşəyin anqırtısı kəndin yuxusuna haram qatdı...

Yataq otağındakı balaca pəncərənin pərdəsini azca araladı; hər tərəf ağappaq idi. Yol boyu getdikcə qara nöqtəyə dönən Mirişin qaraltısından və Məsmə arvadın pəncərəsindən süzülən zəif lampa işığından özgə hər yanda ölü bir sükut vardı.”Arvad oyaqmış ?! Rüsvay olduq! Yatmır... qoca kaftar...”

Dolabdan yun şalvarını, ağ sviterini tapıb geyindi. Saçaqlı iri şalını götürüb həyətə çıxdı...

...Kənd qış yuxusundan ayılmaq istəmirdi. Xoruzlar da banlamırdı. Sükut və zülmət. Ağırlıqdan dartınıb “çiynindəki” qarı silkələyəndən sonra alma ağacının qoca budağı da donub qaldı. Sanki bütün dünya bir nöqtədə yumağa dönmüşdü. Qara bir yumağa...

...Şahin Məsmə arvadın bağırtısına oyandı. Səs həyətdən gəlirdi. Üst-başını geyinib eyvana çıxanda qoca alma ağacının altına yığılmış qonşular kiminsə evdən gətirdiyi mələfəni gözləri həlqəsindən çıxmış Nazpərinin üzünə çəkirdilər.Şahin heç nə anlamırmış kimi yerindəcə donub qalmışdı.

Məsmə arvad hələ də dodağının altında donquldanırdı:”Ürəyimə dammışdı ki, bunun axırı xeyirlə qurtarmaz... Vallah, dammışdı !”

...Əliheydər kişi dəfnlə əlaqədar göstərişlər verəndən sonra hələ də özünə gəlməyən Şahini yanına salıb evinə aparanda meşə tərəfdə bir qaraltı göründü...

Nazpərinin intihar etdiyindən bixəbər Miriş ötən gecəki bitməmiş sevgi macərasının gerçək, yoxsa yuxu olduğunu götür-qoy edə-edə bir şələ odunla kəndə sarı gəlirdi...

2010. Saratov
XS
SM
MD
LG