Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:20

Şair Məmməd İsmayila açıq məktub


Gezenfer Pashayev
Gezenfer Pashayev

-

“Ay Məmməd, ay qardaşım, yazıçılardan ayda bir manat üzvlük haqqı ala bilmirik. O da olsun onlardan nəsə umasan.

Bəyəm sovet dövrüdür ki, yazıçılar kitabına görə əməlli-başlı qonorar alalar?

Bəyəm bilmirsiniz ki, əsl qələm sahibinin ürəyi dolu, cibi boş olur? Axı bilirsiniz ki, onlar şam kimi əriyərək yazdıqları əsərləri belə çap etdirə bilmirlər”.

Qəzənfər Paşayev
professor

ŞAİR MƏMMƏD İSMAYILA AÇIQ MƏKTUB

Hörmətli Məmməd müəllim,

Keçən əsrin 50-ci illərinin əvvəllərində Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alan və universiteti fərqlənmə diplomu ilə bitirən dayım oğlu Zakir Xasiyev və onunla bir qrupda oxuyan, sonralar şair kimi yetişən kəndçimiz Rasim Kərimli Yazıçılar İttifaqına gələrək Səməd Vurğuna müraciət edirlər ki, biz şairik, şeir yazırıq.

Səməd Vurğun deyir ki, poeziya məsələlərinə Nəbi Xəzri baxır, onun yanına gedin. Rasim Kərimli şeirlərini oxuyur.

Nəbi Xəzri deyir ki, şeirlərində hiss yoxdur, nə demək istədiyin aydın olmur, fikrin dolaşıqdır və s.

Rasim Kərimli dava edir: “Hiss sizin şeirlərinizdə yoxdur” və s.

Nəbi müəllim Səməd Vurğuna zəng edir ki, mənim yanıma şair, yoxsa qoçu göndəribsiniz?

Səməd Vurğun soruşur ki, onlar hardandırlar?

–Tovuzdandırlar.

–Qov getsinlər, Tovuzdan çıxsa-çıxsa aşıq çıxar (sonralar bu olayı Zakir müəllim gülə-gülə, bir az da xəcalətlə danışırdı).

Yaxşı bilirsiniz ki, Səməd Vurğun Tovuz aşıqları Hüseyn Bozalqanlı, Aşıq Mirzə və Aşıq Əsədlə yaxşı münasibətdə olub. Bu aşıqlar Yazıçılar İttifaqının üzvü idilər.

Şair hətta Aşıq Hüseyn Bozalqanlıya şeir də qoşmuşdu. Həqiqətən də o vaxt Tovuzdan seçilən elə bir şair çıxmamışdı. Sonralar hər şey dəyişdi. Səməd Vurğun haqq dünyasına qovuşanda ona ithaf olunan saysız-hesabsız şeirlər içərisində “Azərbaycan” jurnalında Rasim Kərimlinin “A şair” şeiri də çap olunmuşdu. Həmin şeirdən bir sətir “Şeir baxçasının bağbanı şair” yadımdadır. Sonralar respublika və bölgə miqyasında tanınan Cahan Əfruz, Rasim Kərimli, Şəmşad Rza, Telman Tovuzlu, Həsən Mülkülü, Əziz Məftun, İsa Cavadoğlu, Səlim Sinədəftər, Nəsir Əhmədli, daha sonralar Akif Əhmədgil, Murad Köhnəqala, Elxan Zal və başqaları çıxdılar.

Lakin Səməd Vurğunun böyük anlamda dediyi, köhnə təbirlə desək, ümumittifaq arenaya çıxan Məstan Günər və siz oldunuz. Məstan Günər dövlət işləri ilə məşğul oldu. Arenada təkcə siz qaldınız və bu gün o missiyanı ləyaqətlə yerinə yetirirsiniz.

Məmməd müəllim, 17 iyunda Azərbaycan yazıçılarının XII qurultayına dəvət olunmuş qonaqlar arasında sizi görmək xoş idi. Qurultayın açılışından əvvəl qürur hissinə səbəb olan bir hadisə baş verdi. Oljas Süleymenov gələndə hamı ilə köhnə dostlar kimi görüşürdü. Millət vəkili Elmira Axundova və sizinlə xeyli söhbət etdi. Mənə elə gəldi ki, əvvəlcə sizi yaxşı tanımadı. Birdən özünə gələrək rusca təxminən belə dedi: “Məmməd necə də dəyişmisən, lakin nə qəm əvvəlki şövqlə yazıb-yaradırsan. Yaradıcılığını izləyirəm”.

Mən yaxında oturmuşdum. Bir eloğlu kimi söhbətinizə diqqət kəsilmişdim. Mənimlə Çingiz Əlioğlu və Paşa Qəlbinur yanaşı oturmuşdular. Bəlkə onlar da eşitdilər, bilmirəm. Bir onu bilirəm ki, qürur hissi keçirdim.

Məmməd müəllim, ədəbi ictimaiyyət bilir ki, əziz atanız müharibədə həlak olandan sonra gənc ananız ömrünü sizə həsr etdi. Bununla belə yetimlik həyatı sizə yad olmadı. Hisslərinizi gənc yaşlarından “Ağacdələn” şeiri ilə bəyan edib, ədəbi ictimaiyyətin diqqətini çəkdiniz. Yaxşı yadımdadır, bütün ədəbi məclislərdə Xalq şairi Qabil həmin şeiri oxumağınızı xahiş edirdi. Poeziya yaradıcılığınızı təhlil etmək fikrindən uzağam. Tək onu deyim ki, qoşmalarınız da başqa aləmdir.

Yar ol dərdbilənə, yar olanda da,
Yoluna göz diksin yorulanda da.
Eləsinə vurul vurulanda da,
Desinlər ay Məmməd, əla gözəldi!

Məmməd müəllim, siz “Gənclik” jurnalının baş redaktoru olanda da, sonralar da gənc şairlərə həmişə qayğı göstərib, yaradıcılıq üçün əhəmiyyətli olan məsləhətlər veribsiniz. Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan ədəbiyyatının qardaş Türkiyədə təbliği və yayılmasında xidmətləriniz böyükdür.
Son vaxtlar Azərbaycan mətbuatında ən çox çap olunan qələm sahiblərindənsiniz. “Azərbaycan” jurnalında romanınız çap olunub. “Ədəbiyyat qəzeti” və “525-ci qəzet” məqalələrinizi, şeir, müsahibə və məktublarınızı nəşr edir.

70 illik yubileyiniz, görüşləriniz yüksək səviyyədə keçirildi. Hətta yubiley vaxtı haqqınızda Xalq yazıçısı Anar məqalə yazdı (Yaxşı bilirsiniz ki, Anar hər şair haqqında yazı yazmır).

Qürbət, qəriblik həyatı yaşayırsınız. Bu, ədəbi ictimaiyyətin diqqətindən qaçmır, sizə xüsusi münasibət var. Yazıçılar Birliyi, xüsusən də Anar müəllim sizə – istedadlı şairimizə mümkün olan qayğı göstərir. Bunu Yazıçılar Birliyinin Təftiş komissiyasının sədri kimi, səmimiyyət və məsuliyyətlə deyirəm. Qurultayda bir çox maraqlı çıxışlar oldu, o cümlədən də siz odlu-alovlu çıxış etdiniz, əzbərdən gözəl şeirlər dediniz. Gözlənilmədən bir məsələdən – Yazıçılar Birliyində neqativ hallardan söz açdınız. Yüksək amallar şairindən bunu eşitmək təəssüf doğurdu. Ürəyimdən keçən bu oldu: “Ay Məmməd, ay qardaşım, yazıçılardan ayda bir manat üzvlük haqqı ala bilmirik. O da olsun onlardan nəsə umasan. Bəyəm sovet dövrüdür ki, yazıçılar kitabına görə əməlli-başlı qonorar alalar? Bəyəm bilmirsiniz ki, əsl qələm sahibinin ürəyi dolu, cibi boş olur?

Axı bilirsiniz ki, onlar şam kimi əriyərək yazdıqları əsərləri belə çap etdirə bilmirlər”.

Bir də ki, yazıçı və şairdən nəsə uman adamın gərək beş başı olsun ki, dördü biabırçılıq çirkabına qərq olanda, düşünmək üçün bir başı salamat qalsın.

Məmməd müəllim, cavanlıqdan ata ocağında ev tikdirmək arzunuz vardı. Şükürlər olsun ki, qonorar və məvacib hesabına Tovuzun səfalı dağ kəndində bunu edə bildiniz. Vəzifədən çıxmışdınız. Tovuza qohumum Talıb müəllimin qızının toyuna getmişdim. Eşitdim ki, kənddəsiniz. Arxanızca kəndinizə getdim. Sadə, özünüz kimi təmtəraqdan uzaq evinizi görüb sevindim. Səni zorla da olsa götürüb toya gəldim. Yolda dərdləşdik. Bazara getdiyinizdən danışdınız. Dediniz ki, insanlar vicdanlarını itiriblər. Adicə baltanı, beli qızıl qiymətinə satırlar. Bugünlərdə qəzetlərin birində müsahibənizi oxudum. Orada da vicdan məsələlərini qoyubsunuz. Bütün yazarlar belədi. Onların yaradıcılığının əsas qayəsi haqq-ədalət, vətənpərvərlik, vicdanlı olmaqdır.

Onu da deyim ki, iyunun 23-də Yazıçılar Birliyində Birliyin İdarə heyətinin, Ağsaqqallar şurasının, Təftiş komissiyasının, qəzet və jurnalların redaktorlarının seçildiyi və təsdiq edildiyi yığıncaqda haqqınızda söhbət getdi. Xüsusən Xalq şairi Sabir Rüstəmxanlı məntiqli çıxışı ilə müəyyən məqamlara aydınlıq gətirdi. Giley-güzar, umu-küsü olsa da, istedadlı şair kimi Azərbaycan ədəbiyyatında məxsusi yerinizin olduğu və Yazıçılar Birliyinin doğma eviniz olduğu xüsusi qeyd edildi.

Məmməd müəllim, inanıram ki, bir gün müsahibələrinizin birində təəssüf doğuran yanlışlığa başqa mövqedən münasibət bildirəcəksiniz. Bunu bir eloğlu kimi çox arzulayıram.

525

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG