Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:15

-

Bir müddət öncə Sumqayıt sakini Elman Əliyev şəxsi istifadə üçün Dubaydan gətirdiyi «Toyota Land Cruiser-200» markalı avtomobilin gömrükdən buraxılmadığını deyirdi. O, AzadlıqRadiosuna bu barədə danışmış, daha sonra «Xüsusi Reportajlar» proqramında sahibkarların gömrükdə üzləşdikləri problemlərin müzakirəsinə qatılmışdı.

Elman Əliyev AzadlıqRadiosuna göndərdiyi məktubda yazır ki, avtomobil 2 aydan artıqdır Avtonəqliyyat Baş Gömrük İdarəsindən buraxılmır. Səbəb həmin avtomobilin «Avro-4» standartına uyğun sayılmamasıdır.

«AVRO- 4» VƏ AZS 636-2012 STANDARTI

2014-cü il aprelin 1-dən ölkə ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələr üzrə «Avro-4» ekoloji normaları tətbiq edilir. Ölkədə qüvvədə olan AZS 636-2012 «Yol nəqliyyatı. Ekoloji siniflər» dövlət standartına əsasən, ekoloji sinif bir təsnifat kodudur və nəqliyyat vasitəsinin konstruksiyasına görə nəzərdə tutulmuş tullantıların səviyyəsindən asılı olaraq nəqliyyat vasitəsini xarakterizə edir. Nəqliyyat vasitələri 6 ekoloji sinfə bölünür. Standartın tələblərinə əsasən, 2014-cü il aprelin 1-dən avtonəqliyyat vasitələrinin ölkəyə idxalı aşağıdakı cədvələ uyğun həyata keçirilir:

Nəqliyyat vasitəsinin mənşə ölkəsi

Nəqliyyat vasitəsinin buraxılış illəri

Avropa İttifaqına daxil

olan ölkələr (Almaniya, Böyük Britaniya, Belçika, Avstriya, Çexiya, Polşa, Hollandiya, İtaliya və s.)

2005-ci ildən

ABŞ

2004-cü ildən

Yaponiya

2011-ci ildən

Çin

2011-ci ildən

Koreya

2006-cı ildən

Türkiyə

2009-cu ildən

Amma daha da dəqiqləşdirsək, «Avro-4» standartının əsas göstəriciləri atmosferə atılan zərərli maddələrin – dəm qazının (1.0), azot oksidlərinin (0.08) və karbohidratların (0.1) ) – miqdarı ilə ölçülür.

«AVRO-4», YA «AVRO-2»?

Elman Əliyev yazır: «Avtonəqliyyat Baş Gömrük İdarəsinin Avtonəqliyyat Ekspertizası Laboratoriyasına müraciət etdikdə məlum oldu ki, onlar BƏƏ-nin Dubay şəhərindən gələn bütün yeni maşınları «Avro-4» standartlarına uyğun saymırlar. Belə ki, laboratoriyanın Pərviz adlı rəisi bildirdi ki, heç bir sınaq testi keçirilməyəcək və maşın geri qayıtmalıdır. Niyə? Çünki Dubaydan gələn bütün maşınlar «Avro-2» standartlarına uyğundur. Ona yeni qəbul olunmuş AZS 636 2012 dövlət standartının tələblərini xatırlatsam da, heç bir xeyri olmadı».

Daha sonra Elman Əliyev DGK-nin Mərkəzi Gömrük Ekspertizası İdarəsinə elektron ərizə ilə müraciət edib. Ona deyilib ki, lazımi sənədlərlə birlikdə Avtonəqliyyat Ekspertizası Laboratoriyasına yaxınlaşsın. Laboratoriyada ona ərizəni dəyişdirəcəyi halda, avtomobili rəsmiləşdirə biləcəyi söylənib. Ancaq rəyi alanda bəlli olub ki, bu, avtomobilin «Avro-2» ekoloji normalara uyğun olduğunu bildirən, lakin AZS 636 2012 dövlət standartlarını özündə əks etdirməyən, heç bir sınaq aparılmadan verilən möhürsüz kağız parçasıdır.

Elman Əliyev daha sonra prezident İlham Əliyevə, Nazirlər Kabinetinə, Dövlət Gömrük Komitəsinə, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət etdiyini yazır. Sonuncu qurumdan ona göndərilən elektron məktubda bildirilib ki, «Nəqliyyat vasitəsinin sınaqlardan keçirilməsi üçün Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət etməyinizi məqsədəuyğun hesab edirik».

GÖMRÜK EKSPERTİZASINA MƏKTUB CAVABSIZ QALIB

«Yenidən elektron gömrük xidmətləri vasitəsilə sertifikat almaq üçün Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət etdim və bu günədək mənim 18.04.2014-cü il tarixli 26/V1/001285 qeydiyyat nömrəli həmin məktubum cavabsız qalıb. Halbuki nəqliyyat vasitələri üçün uyğunluq sertifikatının alınmasına dair elektron müraciət xidmət üzrə inzibati reqlamentə əsasən, sınaqların keçirilməsi 10-15 dəqiqə, sınaq protokolunun tərtibi 2 dəqiqədir».

DGK Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi gömrük xidməti general-mayoru Mirqasım Vahabovun imzası ilə Elman Əliyevə cavab məktubu gəlib. Məktubda vurğulanıb ki, 2013-cü il zavod buraxılışı olan, lakin «Avro-3» ekoloji normaya uyğun «Toyota Land Cruiser-200» markalı avtomobil «Avro-4» ekoloji normalarına cavab vermədiyinə görə gömrük rəsmiləşdirilməsi məqsədilə ölkə ərazisinə buraxılmayıb».

AVTOMOBİLDƏN İMTİNA ETMƏK İSTƏYİR

«Göründüyü kimi, Avtonəqliyyat Ekspertiza Laboratoriyasının baş eksperti Elçin Vəlizadənin verdiyi «Avro-2» rəyi ilə general Vahabovun «Avro-3» ekoloji tələbləri üst-üstə düşmür. Bunun əsas səbəbi avtomobilin bu günədək sınaq testindən keçirilməməsidir. Məlumat üçün bildirim ki, Rusiya Federasiyası «Avro-5» standartlarına keçsə də, bu avtomobilləri idxal edir. Avtonəqliyyat Gömrük İdarəsində olarkən Rusiya istehsalı olan «Niva» avtomobillərinə sınaq testindən sonra «Avro-4» sertifikatı verilməsinin şahidi oldum. Absurdun səviyyəsinə baxın ki, bunlara görə «Niva»lar «AVRO-4»ün tələblərinə uyğun ola bilir, amma «Toyota Land Cruiser-200» kimi yüksək texniki göstəricilərə malik avtomobil həmin tələblərə cavab vermir. Laboratoriyanın rəisi Pərviz müəllimdən sınaq testinin indiyədək niyə aparılmamasının səbəbini soruşanda, mənim ünvanı səhv saldığımı, bu maşınların artıq monopoliyaya düşdüyünü və tapşırığın birbaşa komitənin sədri Aydın Əliyevdən gəldiyini bildirir.

Elman Əliyev məktubunda qeyd edir ki, Dövlət Gömrük Komitəsinin sədri cənab Aydın Əliyevin şəxsi istifadəsi üçün avtomobilindən imtina haqqında düşünür.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG