Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:22

Mübariz Mənsimovun adı kürd neftinin satılmasında hallanır - Bloomberg


Palmali şirkətinin prezidenti Mübariz Mənsimov
Palmali şirkətinin prezidenti Mübariz Mənsimov
.

“İçində bir milyon barrel xam neft olan tanker Aralıq dənizində üzür və onun istənilən alıcısı İraq kürdlərinin daha böyük müstəqillik qazanmasına kömək edəcək”.

Məşhur Bloomberg saytında üç müəllif tərəfindən yazılmış “Neft Odisseyası İraqda kürd müstəqilliyi üçün işıq yandırır” adlı məqalə bu sadə və yığcam cümlə ilə başlanır.

Selcan Hacaoglu, Jack Fairweather və Nayla Razzouk –un müştərək məqaləsində bu da bildirlir ki, sözü gedən nefti yarıbayarı ucuzuna almaq olar.

Hərçənd İraqın şimalındakı kürd administrasiyası bu kimi xəbərləri təkzib edir.

Məqalədə qeyd olunur ki, islamçılar mərkəzi Bağdad hökumətinin qoşunlarını bu ərazilərdən vurub çıxardıqdan sonra kürdlərin silahlı qüvvələri və ya özlərinin dedikləri kimi “peşmergələr” İraqın əsas neft qovşağı olan Kərkükü nəzarətə götürüblər.

O tanker lövbər ata bilsə...

Bağdad ölkənin milli sərvəti olan neftin bu sayaq hərraca qoyulmasına cox ciddi etiraz edir, lakin Ankaradakı İqtisadi Siyasət Araşdırmaları Fondundan təhlilçi Nihat Ali Ozcan əmindir ki, “həmin tanker hər hansı sahildə lövbər sala bilsə, bu İraqın şimalındakı kürd regional hökuməti (KRH) üçün tam müstəqilliyə doğru atılmış böyük addım olacaq”.


KRH iddia edir ki, neft ixracı İraqın konstitusiyasına uyğun şəkildə həyata keçirilir.
KRH-nin “baş naziri” Nechirvan Barzani bəyan edib ki, onun hökuməti bu məsələyə müstəqillik kontekstində baxmır.

Kürd neftinin əsas müştərisi olan və İraq neftini Ceyhan limanına nəql edən Türkiyə də dünyanı elə buna inandırmağa çalışır.

“Hazırda şimali İraqdan gündə 100-120 min barrel arası neft nəql edilir, - deyib Türkiyənin energetika naziri Taner Yildiz.

Nazir Moskvada keçirilən Dünya Neft Konfransında bu neft ixracatını “tamamilə legal” adlandırıb.

Türkiyə odla oynayır

Bloomberg yazır: “İraq baş nazirinin müavini Hussain al-Shahristani iyunun 17-də İraqiyyə telekanalına müsabisəində deyib ki, əgər Türkiyə və KRH İraqdakı hazırkı xaosun Bağdad hökumətini öz maraqlarını qorumaqdan məhrum edəcəyini düşünürlərsə, çox böyük səhv edirlər”.

O deyib ki, bu İraqın sərvətinin talan edilməsidir və Türkiyə odla oynayır.
İraqın Baş anziri Nuri al-Maliki (solda) Kürd regional hökumətinin lideri Masud Barzani ilə mətbuat konfransında, İrbil, 11 iyun 2013
İraqın Baş anziri Nuri al-Maliki (solda) Kürd regional hökumətinin lideri Masud Barzani ilə mətbuat konfransında, İrbil, 11 iyun 2013


Bu arada ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə müavini Brett McGurk deyib ki, ABŞ Bağdad hökumətinin icazəsi olmadan hər hansı neft ixracının əleyhinədir.

Onun sözlərinə görə ABŞ “bütün maraqlı tərəflərə xəbərdarlıq edib ki, belə əməliyyatları potensial hüquqi risk daşıyır”.

Dövlət katibinin müavini bu xəbərdarlığı may ayının 23-də özünün… Twitter hesabından postlayıb. Başqa sözlərlə ABŞ tam rəsmi qaydada açıqlama verməyib.

Təbiidir ki, belə bir şəraitdə kürdlər neft istehsalını davam etdiriblər, Bağdad isə bildirib ki, kürdlərlə əvvəllər bağlanmış razılaşmanı ləğv edir. Həmin razılaşmaya əsasən neftdən əldə olunan gəlirlərin 17 faizi yerli kürd hakimiyyətinə verilməliydi.

Vaşinqtondakı Wilson Mərkəzində Yaxın Şərq Proqramı üzrə araşdırmaçı David Ottaway deyib ki, “beləliklə, ABŞ Ərbil və Bağdad arasında razılaşmanın saxlanmasına nail ola bilməyib”.

Kürdlər neft qiymətini qaldırır və saldırır

İraqda baş verən son zorakılıqlar dünya neft bazarına və oradakı qiymətlərə ciddi təsir edir, - yazır Bloomberg.

Hazırda London birjasında bir barrelin qiyməti 115 dollara çatıb. Bu son 9 ayda ən yüksək qiymətdir.

Neftin qiyməti bu həddə İraqda İŞİD qiyamçıları Mosulu zəbt edən gün çatıb.

Bloomberg yazır ki, hökumət qoşunlarının bu ərazini tərk etməsinin ardınca kürd hərbi birləşmələri Kərkük üzərinə yeriyib. Kürdlər onsuz da bu ərazinin onların muxtariyyətinə daxil edilməsi barədə Bağdadla heç cür razılığa gələ bilmirdilər.

Bu arada Exxon Mobil, BP və Türkiyənin dövlət neft şirkəti TPAO işçilərini İraqdan, OPEC-in ikinci böyük ölkəsindən çıxarmağa başlayıblar.

Bloomberg yazır ki, hətta Kərkük olmadan belə kürd regionundakı neft ehtiyatları 45 milyard barrel civarında təxmin edilir. İraq 2003-cü ildə ABŞ qoşunları tərəfindən işğal olunandan bəri Kürd Regional Hökuməti (KRH) öz ərazisindəki neftin ixracına hüququ olduğunu bəyan edib.

2004-cü ildə KRH və Bağdad arasında həmin o 17 faiz barədə razılaşma əldə olunub.

Türk terminalları

Bloombergin məqaləsində deyilir ki, 2011-ci ildən bəri KRH dörd neft nəhəngini – Chevron, Exxon Mobil, Hess (HES) və Total şirkətlərini, habelə daha 30 xırda firmanı cəlb edə bilib.

Müəlliflər yazırlar ki, Kürdüstanda ən iri əməliyyatçı olan Genel Energy şirkətinin başçısı, keçmiş BP rəhbəri Tony Hayward Bağdad hökumətinin qəzəbinə gəlmək riskini göz altına almış neft menecerlərindəndir.

Bu ilin yanvarından Kərkükü Türkiyənin Ceyhan terminalı ilə birləşdirən və əsas boru kəmərinə əlavə olan kəmər işə başlayıb.

Türkiyə öz terminallarında kürd nefti ilə İraq neftlərini ayrı-ayrı çənlərdə anbarlamağa razılıq verib.

Məhz bu qaydada Ceyhandakı 12 neft çənindən 7-si kürd nefti üçün nəzərdə tutulub.
İraq hökuməti Türkiyənin hərəkətlərinə qarşı Parisdəki beynəlxalq Ticarət Palatasına rəsmi məhkəmə şikayəti verib. İraq Neft Nazirliyinin sözçüsü Asim Jihad bildirib ki, həmçinin KRH-nin Təbii Sərvətlər Nazirliyi İraq məhkəməsinə verilib.

Kürdlər ərəblərdən 4 dəfə sərfəlidir

Kürdüstan neftinin nəqli ilə məşğul olan rəsmilər deyirlər ki, Türkiyə kürdlərdən Bağdadın verdiyindən dörd dəfə çox haqq alır.
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yildiz (solda) Kürdüstan regional hökumətinin Baş naziri Nechirvan Barzani ilə, 2 dekabr 2013.
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yildiz (solda) Kürdüstan regional hökumətinin Baş naziri Nechirvan Barzani ilə, 2 dekabr 2013.

“Türkiyənin şimali İraqdan gələn neftin marketinqi ilə, onun qiymətləndirilməsi və kimlərə satılması ilə heç bir əlaqəsi yoxdur, - deyib nazir Taner Yıldız, - biz yalnız nəql işi üçün məsuliyyət daşıyırıq və bu barədə müvafiq sənədləri mərkəzi hökumətə göndəririk”.

Mayın 22-də mübahisəli neftlə dolu iki tankerdən biri çənlərində Avropa üçün nəzərdə tutulmuş 1 milyon barrellə Ceyhan terminalını tərk edib.

Lakin İraq hökuməti bu daşımanı bloklayandan sonra indi də tankerin Amerika qitəsinə doğru üzən görüblər. Lakin Atlantik okeanında artıq 200 mil məsafəni qət etmiş tanker mayın 30-da dayandırılıb və hazırda Mərakeşdəki Məhəmmədiyyə limanının 5 milliyində lövbər atıb.

Yarıbayarı ucuz

Lakin əlimyandıda müştəri axtaran kürdlər neftin qiymətini hər barrel üçün 56 dollara salıblar.

KRH bu kimi məlumatları qətiyyətlə təkzib edir və bildirir ki, bunlar İraq Neft Nazirliyinin şantajıdır.

KRH-nin sözçüsü bildirib ki, neft qanuni müqavilələrlə müvafiq olaraq alıcısına çatdırılır və əldə olunan pullar KRH-nin Türkiyədəki bank hesablarına oturdulur.

İraq Neft Nazirliyi isə iddia edir ki, ölkə sərvətinin bu sayaq bazarlanması nəticəsində dövlət indiyədək ayda 1, 2 milyard dollar itirir.

İraqın özü neft boru kəməri Mosul yaxınlığında islamçılar tərəfindən partladılandan bu yana, yəni martın 2-dən Ceyhana neft göndərə bilmir.

Kürdlərin köməyinə Mənsimov gəlir

Bloomberg yazır ki, İraq hökumətinin hədələri nəticəsində birinci tankeri yükləmiş Boutros şirkəti və daşıma müfəttişi Saybolt ikinci tankerlə bağlı işə girişməyiblər.

“Lakin KRH onlara əvəz olaraq Türkiyə-Azərbaycan maqnatı Mübariz Mənsomova məxsus Palmali Shipping & Agency JSC şirkətini tapıb” – yazır Bloomberg.

Məqalədə deyilir ki, iyunun 9-da ikinci tanker Ceyhanı tərk edəndə Bağdad hökuməti Türkiyəyə daha bir nota verib. İraq bildirir ki, Ankaranı məhkəməyə verəcək.

Vaşinqtondakı Wilson Mərkəzində Yaxın Şərq Proqramı üzrə araşdırmaçı David Ottaway bildirir ki, Kürdüstandan bu qədər neft axırsa, ona gec ya tez, alıcı tapılacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG