Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 05:01

Avropanın futbol rəhbərləri Blatter-i FİFA prezidentliyindən istefaya çağırdılar


Sepp Blatter
Sepp Blatter
-

Avropanın futbol rəsmiləri FİFA prezidenti Sepp Blatter-dən bu təşkilata 5-ci müddətə rəhbər seçilmək üçün namizədliyini verməməsini tələb ediblər.

UEFA İcraiyyə Komitəsinin üzvü Michael van Praag deyib ki, cənab Blatter gələn il keçiriləcək seçkidə FİFA prezidentliyinə namizədliyini verməməlidir.

Onun fikrincə, Blatter-in başçılığı müddətində FİFA-nın nüfuzu son dərəcə korlanıb.
İngiltərə Futbol Assosiasiyasının prezidenti, BBC-nin keçmiş rəhbəri Greg Dyke da eyni fikri dilə gətirib.

Hollandiya futboluna rəhbərlik edən Van Praag bunu da deyib ki, «adamlar FİFA-nın adını korrupsiya və rüşvət halları ilə əlaqələndirirlər».

Blatter UEFA nümayəndə heyəti ilə çərşənbə axşamı görüşüb. Daha öncə FİFA-nın digər beş konfederasiyası Blatterin rəhbərliyinə dəstəyini bildirmişdi.

Van Praag Hollandiyanın «Volkskrant» qəzetinə müsahibəsində indi çox az adamın FİFA-nı ciddi qurum kimi qəbul etməsinə diqqət çəkib və bunun günahını Blatter-də görüb.

BLATTER BRİTANİYA MEDİASINI İRQÇİ ADLANDIRIB

Bazar ertəsi – iyunun 9-da çıxış edən Sepp Blatter Britaniya mediasını FİFA-nı məhv etməyə çalışmaqda suçlayaraq bildirmişdi ki, Afrika rəsmilərinin onu dəstəklədiyi nəzərə alınarsa, demək, Londonun tənqidi irqi xarakter daşıyır.

İngiltərə futbolunun rəhbəri Greg Dyke Blatter-in bu iddiasını tamamilə qəbuledilməz adlandırıb.

O deyib ki, Britaniya mediasının korrupsiyaya dair iddiaları, ilk növbədə, FİFA-ya qarşı yönəlib və cənab Blatter-lə heç bir şəxsi-qərəzlik aparılmır:

«İddialar irqlə deyil, rüşvətlə bağlıdır».

VƏDƏ XİLAF BLATTER


Sepp Blatter 2011-ci ildə vəd vermişdi ki, 5-ci dəfə öz namizədliyini irəli sürməyəcək. Onun bu vəddən qaçması Avropanın futbol rəsmilərini və Qərb mediasını qəzəbləndirib.

UEFA-nın İngiltərədən olan vise-prezidenti David Gill bu 180 dərəcəlik fikir dəyişikliyini məyusedici hal adlandırıb.

Britaniya mediasının iddiasına görə, Qətərin 2022-ci ilin dünya çempionatına ev sahibliyini əldə etməsi üçün rüşvət almış futbol rəsmiləri arasında Afrika futbol federasiyalarının nümayəndələri də var.

Blatter-in 2015-ci ildə yenidən FİFA prezidentliyinə namizədliyini ən qızğın dəstəkləyənlər də onlardır.

BLATTER-İN CANINDA HƏLƏ SU VAR


«The İndependent» qəzetində dərc olunmuş məqaləyə görə, FİFA prezidentinin özü Afrika Futbol Konfederasiyasının rəsmiləri önündə çıxış edərkən deyib ki, «canında hələ su var və öz missiyasını başa çatmış saymır».

Arxiv foto
Arxiv foto
Afrikalı həmkarlarından fərqli olaraq UEFA-da heç kəs Blatter-in 5-ci müddətə namizədlik arzularını dəstəkləməyib və indiki prezidentin çıxışı Afrika nümayəndələrinin iclasında olduğu kimi sürəkli alqışlarla qarşılanmayıb.

İSTEFA İSTƏYƏNLƏR NÖVBƏYƏ DÜZÜLÜBLƏR


«The Daily Telegraph» yazır ki, beləliklə, San Paoloda keçirilən konfransda FİFA-nın ən qüdrətli qolu sayılan UEFA Blatterə dəstək göstərməyib.

Qəzet yazır ki, İngiltərə FA-nın keçmiş rəhbəri David Bernstein üç il əvvəl Blatterin FİFA prezidentliyinə təkrar seçilməsini əngəlləmək istəyəndə, bu cəhd baş tutmamış, ingilisləri heç kim dəstəkləməmişdi.

«Lakin bu dəfə İngiltərə futbolunun baş idarəsi Blatterin istefasını tələb edənlərin növbəyə yazıldıqlarının şahidi olub», məqalədə deyilir.

Britaniya qəzetləri yazır ki, Braziliyada keçirilən çempionatqabağı konfransda İngiltərə Futbol Assosiasiyasının prezidenti və söz azadlığının barışmaz müdafiəçisi kimi tanınan Greg Dyke-ın çıxışı nəzərdə tutulmasa da, o, Britaniya mediasını Blatter-in iddialarından qorumaq üçün tribunaya qalxıb.

Hələlik, Sepp Blatter çıxış etməyib. Onun FİFA prezidentliyinə 5-ci dəfə namizədliyini konfransın bu gün keçiriləcək iclasında açıqlayacağı gözlənilirdi.

«THE SUNDAY TİMES» QƏZETİNİN YENİ İDDİALARI

Michael J. Garcia
Michael J. Garcia
FİFA-ya qarşı korrupsiya iddialarını araşdıran Michael Garcia apardığı təhqiqatın iyunun 9-da başa çatdığını bildirib.

FİFA hüquqşünasının sözlərinə görə, bu hesabat yayın sonlarında və bəlkə də sentyabrda açıqlanacaq.

Cənab Garcia öncə indi əlindəki sənədləri araşdırdığını və yeni iddiaları təhqiqata daxil etməyəcəyini bildirmişdi.

Greg Dyke məhz bunu nəzərə alaraq, lazım gələrsə, hesabatın bir az da gec hazırlanmasını məqbul saydığını dilə gətirmişdi.

Amma onun fikrincə, korrupsiya iddialarını ilk səsləndirən «The Sunday Times» qəzetinin yeni iddiaları da nəzərə alınmalıdır.

Bu iddialardan birinə görə, 2010-cu ildə Qətər futbolunun rəhbəri Mohamed bin Hammam 2022-ci il çempionatının ev sahibliyi üçün keçirilən səsvermə ərəfəsində səs verəcək futbol rəsmilərinin Qətərin monarx ailəsi ilə görüşünü təşkil edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG