Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:07
-
Qətərdə 2022-ci ildə keçirilməsi nəzərdə tutulan futbol üzrə dünya çempionatının rəsmi sponsoru olan məşhur və nəhəng şirkətlər FİFA-nın korrupsiya qalmaqalı ilə bağlı hiddət və narazılıqlarını bəyan ediblər.

FİFA ilə partnyorluq hüquqlarına 180 milyon dollar ödəmiş 6 sponsordan üçü korrupsiya qalmaqalından narazılığını rəsmi bəyanatda dilə gətirib.

«Visa» ödəniş kartları şirkəti bildirib ki, «öz partnyorlarının yüksək etik qaydalara əməl etməsi və onların şəffaflığı şirkət üçün mühüm amildir və şirkət FİFA-da aparılan daxili təhqiqatı diqqətlə izləyəcək».

Yaponiyanın «Sony» şirkəti də FİFA-nı «təmizliyə, etik davranışa və ədalətə» çağırıb.
Almaniyanın idman geyimləri hazırlayan «Adidas» şirkəti də eyni mövqedən çıxış edib.

Şirkətin açıqladığı rəsmi bəyanatda bildirilir ki, «futbol ətrafında gedən indiki ictimai debat nə FİFA-ya, nə də onun sponsorlarına baş ucalığı gətirir».

Mediada çıxan xəbərlərə görə, FİFA-nın daha üç sponsorunun – «Airline Emirates», «Hyundai/Kia» və «Coca-Cola» şirkətlərinin də bəyanatla çıxış edəcəyi gözlənilir.
Britaniyanın «The Sunday Times» qəzeti öz sayında FİFA-da korrupsiyaya dair yeni faktlar açıqlayıb.

Qəzet yazıb ki, FİFA-nın keçmiş vitse-prezidenti Mohamed bin Hammam 2022-ci il futbol çempionatının ev sahibliyi üçün keçirilən səsvermə ərəfəsində səs verəcək futbol rəsmiləri ilə Qətər kral ailəsinin görüşünü təşkil edib.

«The Sunday Times»ın iddialarına görə, Qətər Futbol Federasiyasının rəhbəri Mohamed bin Hammam öz ölkəsinin çempionata ev sahibi olmasına 5 milyon dollar məbləğində rüşvət ödəyib.

BLATTER: BİR AZ SƏBR EDİN…

Qətər hökuməti isə israr edir ki, çempionatın ev sahibliyinə yiyələnmək üçün ləyaqətli davranıb və təhqiqatın da bunu doğrulayacağına ümid bəsləyir.

FİFA-nın tənqidinə siyasətçilər də qoşulublar. Britaniyanın əsas müxalifət partiyası olan leyboristlərin lideri Ed Miliband FİFA təhqiqatçısı Michael Garcia-nı tənqid atəşinə tutub.

Garcia bildirib ki, indi üzərində işlədiyi «sızdırılmış sənədləri» araşdırıb qurtarmayınca, yeni iddiaların təhqiqatına başlamayacaq.

FİFA rəhbəri Sepp Blatter də tənqidçiləri səbrli olmağa və təhqiqatın nəticələrini açıqlayacaq hesabatı gözləməyə çağırıb.

FİFA-NIN LƏĞVİNƏ ÇAĞIRIŞLAR
İndi Qərb ölkələrində 2022-ci il Dünya Futbol Çempionatına ev sahibliyi üçün səsvermənin yenidən keçirilməsinə çağırışlar daha tez-tez səslənir.

Qərb mətbuatı Qətərin namizədliyinə lap əvvəldən etiraz edərək bildirirdi ki, bu ölkənin qızmar iqlimi matçların normal qaydada keçirilməsinə imkan vermir və Qətər, ümumiyyətlə, «futbol ölkəsi» deyil.

Bəzi tənqidçilərsə dünya futboluna rəhbərlik edən qurum kimi bütövlükdə FİFA-nın ləğv olunmasını istəyir.

FİFA sponsorlarının hər dördillik dünya çempionatı dövrəsinə 1,5 milyard dollar ödəyir və bu vəsaitin itirilməsi «dünya futbol idarəsinin» sonu demək olardı.

İNSAN HAQLARI VƏ FUTBOL

«The Sunday Telegraph» qəzeti yazır ki, Qətər stadionlarında çalışan miqrant fəhlələrin haqlarının pozulması iddiaları da FİFA-ya başağrısıdır və təşkilat dünya çempionatları üçün ev sahiblərini seçərkən, insan haqlarına münasibəti nəzərə almaq qaydalarını müzakirəyə çıxarıb.

Michael Garcia-nın 2018-ci il çempionatına ev sahibliyinin Rusiyaya necə verilməsini araşdırması da gələn xəbərlər arasındadır.

Cənab Garcia təhqiqatın nəticələrini iyulun ortalarında açıqlayacağını vəd edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG