Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:40

Məmməd İsmayıl: "Heydər Əliyev özünü təriflətməkdən zövq alırdı"


Məmməd İsmayıl
Məmməd İsmayıl
-

"Azərbaycan televiziyalarına baxanda, ölkədə necə bir rəzalətin olduğu görünür, başdan-başa yalan..."

"Xocalı soyqırımı ərəfəsində biz üç gecə meydanda mitinq aparmışıq, Ayaz Mütəllibov isə oturub telini sığallayırdı. İndi dili çıxıb, utanmazcasına müsahibələr verir".

"Allah qoysa, sözün tam anlamında ciddi səs-küy doğuracaq bir kitab yazmaq düşüncəsindəyəm".



Namiq Hüseynlinin Türkiyədə yaşayan şair, AzTV-nin sabiq rəhbəri Məmməd İsmayılla söhbəti


- Məmməd bəy, bildiyim qədərilə, Türkiyə universitetlərinin birində çalışırsınız. Orda həyat necə keçir, nə işlə məşğulsunuz?

- Burda həyat yaxşı keçir, Türkiyə mənim üçün qardaş qürbətdir, məcburi qürbətdir. Desəm ki, burda həyat lap yaxşı keçir, yalan olar, amma öz daxili imkanlarını izhar etmək imkanı olmayan, üzünə tabut qapısından qeyri bütün qapıların qapalı olduğu bir məmləkətdə neynəyəcəkdim, məcbur idim qürbətə gəlməyə. İki yolum vardı, ya Türkiyəyə üz tutmalıydım, ya Rusiyaya, çünki ancaq bu iki ölkənin dilini bilirdim. Rusiyada məni daha yaxşı tanıyırdılar, amma rusların 1990-cı illərdə Azərbaycanda törətdiklərindən sonra o ölkəyə getmək istəməzdim. Ona görə də Türkiyəyə gəldim. Qəribə bir şeydir ki, indi çalışdığım Çanaqqala şəhəri mənim alın yazımın şəhəridir. 1988-ci ildə yazdığım bir şeirdə belə demişdim:

İki sahil yaxasıyamf
Həsrət-həsrət baxasıyam
Mən Dardanel boğazıyam
Hər kəs məndən keçib gedir.


Düşünə bilirsənmi o zamanlar Türkiyəyə turist kimi də gəlmək şansım yox idi. O illərdə dəfələrlə SSRİ Yazıçılar İttifaqının xarici əlaqələr komissiyasına Türkiyəyə gəlmək üçün müraciət etmişdim, amma onlar hər dəfə mənə başqa ölkə təklif edirdilər. Dünyanın otuzdan çox ölkəsində oldum, amma Türkiyəyə gedə bilmədim, bu şeiri o zamanlar yazmışdım. İşin maraqlı tərəfi odur ki, mən Türkiyənin başqa yerində yox, Çanaqqalada yaşayası və işləyəsi oldum. Buna alın yazısı deməyib nə deyəcəksən?! Məncə Allah birilərinin əli ilə bir bəhanə tapıb məni qürbətdə yaşamağa göndərməliydi, göndərdi də! Amma narazı deyiləm, on səkkiz ildir qürbətdə yaşayıram, müəllimliyə burda başladım, namizədliyimi burda yazdım, əvvəl dosent, sonra da professor oldum. Bundan əlavə bir çox dərgilərin redaksiya heyətinin üzvüyəm, çoxlu tədbirlərə dəvət alıram. Heç başımı qaşımağa macalım olmur.

- Məmməd bəy, Azərbaycanda yaradıcı adamların çoxu hökümətə bağlıdır, sovet dönəmindəki kimi hökümətin təbliğat maşınının bir parçasıdırlar, bəs Türkiyədə hökümətin yaradıcı adamlara münasibəti necədir? Yaradıcılıq azadlığı nə dərəcədə təmin olunur?


- Azərbaycanda və əski sovet ölkələrində bir şablon oluşdurulmuşdu - yazıçılar ittifaqları şablonu. Bu İttifaqların başında duran adamlar yazarları siyasi təbliğat üçün təlimatlandırırdı və yazıçıların Kommunist Partiyasının ruporu rolunu oynamaq ənənəsi yaradılmışdı. Amma sovet dönəmində belə o ənənəyə boyun əyməyən adamlar vardı. Məsəlçün, təvazökarlıqdan uzaq olsa da, sən mənim kitablarımı axtarsan orda nə Leninə, nə partiyaya, nə komsomola həsr olunmuş bir cümlə və ya söz tapa bilməzsən. Halbuki mən komsomol mükafatı almışam. Hətta indi rəhmətə getmiş bir şair o vaxt məndən KQB-yə 36 səhifəlik danos yazmışdı ki, Məmməd İsmayıla niyə komsomol mükafatı verirsiniz, o sovet hökümətinin əleyhinə çıxan birisidir. Yəni o zaman da namusunu, ismətini, Allahın ona verdiyi istedadı kimsəylə bölüşməyən adamlar vardı, amma belələri həmişə çox az olub.

Azərbaycan televiziyalarına baxanda ordakı vəziyyət aydınca sezilir. Ölkədə necə bir rəzalətin olduğu görünür, başdan-başa yalan, başdan-başa rəng. Həyatda tamam başqa şeylər baş verir, TV-də başqa şey göstərilir. Bunlar Azərbaycanda qurulmuş iqtidar şablonunun fəsadlarıdır.

Deyim ki, Türkiyədə də bir müddət Mehmet Altan, Cengiz Çandar və başqa yazarlar əvvəlcə Ərdoğana dəstək versələr də, sonra anladılar ki, burda işlər elə də düz getmir və dəstəklərini geri çəkdilər. Türkiyədə açıq şəkildə iqtidara bağlı olan adamlar olsa da, heç yerə bağlı olmayan, müstəqil yaradıcı adamların sayı da çoxdur. Bu sahədə bir balans var. Azərbaycan isə belə deyil, bu ölkənin bir tərəfindən baxırsan, o biri tərəfi görünür. Allahı pul olan bir toplumun sabahına ümid qalırmı? İstedadlılar yerinə məqsədli şəkildə istedasızlara meydan verən bir qurumun ömrü uzun olarmı? O yerdə ki, dəli bir pul var, bu pulla hər kəsi, hər şeyi almaq mümkündür, orda səbr edib, dözüb qalmaq çox çətindir. İndi Azərbaycanda barmaqla sayılacaq qədər müstəqil yaradıcı adam var.
"Qanun" nəşriyyatı
"Qanun" nəşriyyatı

- İndi nə yazırsınız, sonuncu dəfə nə isə bir yeni kitabınız çıxıbmı?


- 2012-ci ildə Türkiyədə “Unutduğun yerdəyəm” adlı dəyər verdiyim bir kitabım çap olundu. O kitaba Çanaqqalada möhtəşəm bir imza günü keçirildi. Həmin ildə Moskvada “Vmesto pisma” (Məktub yerinə) adlı üç önəmli tərcüməçi: Yuri Kuznetsovun, Aleksandr Kuşnerin, Mixaıl Sinelnikovun tərcüməsi ilə çox mükəmməl kitabım çap olundu. O kitab haqqında “Literaturnaya qazeta”da, “Literaturnaya Rossiya”da məqalələr çap olundu və mənim Moskvada iki yerdə, Marina Svetayevanın ev muzeyində və Millətlər Evində görüşlərim keçirildi. Təqribən bir ay əvvəl Moskvada yetmişinci illərdə təhsil aldığım M.Qorki adına Ədəbiyyat İnstitutunda tələbələrlə görüşüm oldu.Və həqiqətən də heç gözləmədiyim halda mənə Rusiya Yazarlar Birliyi tərəfindən Serqey Yesenin adına “Qızıl Payız” ordeni və diplomu verildi. Tədbirdə mənim 74-cü ildə Serqey Yeseninə həsr etdiyim “Ryazan motivləri” şeirimin tərcüməsi oxundu.

- Amma Azərbaycandakı saytlarda, jurnallarda, qəzetlərdə sizin şeirləriniz çox az-az verilir. Yadımdadır ki, 90-cı illərdə sizin kitablarınız çox yayılmışdı, qəzetlərdə sıx-sıx çap olunurdunuz. Öz ölkənizdəki bu susqunluğun səbəbi nədir?

- Azərbaycanda mənim ən çox sevdiyim kitablarımdan biri “Yoxun varlığı” çıxıb, "Azərbaycan" jurnalının 10-11-ci nömrələrində “İz” romanım çıxıb. Amma sanki bir əl çevrəmdə bir boşluq yaradıb adamları susdurub, adamlar mənim haqqımda danışmaqdan ehtiyatlanırlar. "525-ci qəzet"də, "Kaspi" qəzetində ara-sıra məqalələrim və şeirlərim çap olunur, amma ümumiyyətlə doğrusunu gəzirsən, mənim Azərbaycanda çap olunmağa elə də ehtiyacım yoxdur. Əgər mənim yazdıqlarım Moskvada, Ankarada, İstanbulda, Fransada çap olunursa, niyə Azərbaycanda çap, ya da təbliğ olunmamaq məni narahat etsin ki?! Həm də az çap olunmaq, ya da adım ətrafından sükutla keçmək mənim günahım deyil ki?!

- Sovet hakimiyyətinin son illərində “Gənclik” jurnalının redaktoru olubsunuz, Elçibəy dönəmində Azərbaycan televiziyasının rəhbəri kimi çalışıbsınız, Azadlıq hərəkatında yaxından iştirak edibsiniz, bir çox hadisənin şahidi olubsunuz, Elçibəylə, Heydər Əliyevlə görüşləriniz olub. Bütün bu mövzular haqda xatirələrinizi yazmağı düşünürsünüzmü?
Məmməd İsmayıl
Məmməd İsmayıl

- Xatirələrimin xeylisini yazmışam, xeylisi isə yaddaşımda qalıb, macal tapan kimi yazmağı düşünürəm. Çünki, hərə fürsətdən istifadə edib, hadisələrə bir cür rəng verir. O vaxt Azərbaycanda “Demokratik qüvvələr birliyi” vardı, o birliyin beş həmsədri var idi: İmam Mustafayev, Qabil Hüseynli, Qasım Qasımzadə, Xalid Əlimirzəyev və mən. Xocalı soyqırımı ərəfəsində biz üç gecə meydanda mitinq aparmışıq, Ayaz Mütəllibov isə oturub telini sığallayırdı. İndi dili çıxıb, utanmazcasına müsahibələr verir. Heydər Əliyevlə görüşlərim, istefa ərizəmi verməyim, mən teleşirkətin sədri olarkən Naxçıvandan gələn zənglər. Mənim teleşirkətdə gördüyüm işlər, teleşirkətin içindəki rəzalətlər, xarici redaksiyalardakı adamların bir çoxunun KQB-nin adamları olmasının ifşası və s. bu kimi incə məsələlər var. Bu şeylərin önəmli bir hissəsini yazmışam, qalanını da yazacam. Allah qoysa, sözün tam anlamında ciddi səs-küy doğuracaq bir kitab yazmaq düşüncəsindəyəm. Çünki onları mən yazmasam başqası yazmayacaq. Həyatımdan daha nələr keçib getməyib. Azərbaycanda mənim çalışmadığım bir yer qalmayıb, kinostudiya, telestudiya, “Ədəbiyyat qəzeti”, “Gənclik” jurnalı, “İşıq” nəşriyyatının direktoru, daha nə bilim hansı sahə. Bu yerdəyişimləri kefinə deyildi, olduğum yerlərdə bir düzlük, doğruluq aurası yaratmaq istədiyim birilərinin xoşuna gəlmirdi.

- Müsahibələrinizin birində AzTV rəhbərliyindən getməyinizin səbəbi kimi Heydər Əliyevin dedikləri ilə hesablaşmamağınızı, heç cürə güzəştə getməməyinizi göstərirsiniz. Yaradıcı adam kimi təklif olunan bütün vəzifələrdən imtina edib, ölkəni tərk etməyinizi təqdir edirəm. Amma sizin mənsub olduğunuz Xalq Cəbhəsi partiyası dövlətçilik mübarizəsinə başlamışdı, siz bu mübarizədə Azərbaycanda qala bilərdiniz, jurnalist, redaktor, yazar kimi çalışa bilərdiniz, amma siz mübarizədən çəkilib, ölkəni tərk etdiniz. Bunu nəylə izah edirsiniz?

- Çox maraqlı sualdır, mən bunu səndən gözləyirdim. (Amma əvvəlcədən deyim ki, o zaman Xalq Cəbhəsi partiyası yoxdu və mən cəbhəçi yox, müsavatçı idim.) Məsələ ondadır ki, mən Heydər Əliyevlə işləyə bilməzdim. Bunu da gizlətmirəm ki, bəlkə Mədəniyyət naziri olsaydım, ya da həmin nazirlikdə müavin olsaydım, ya da əvvəlki kimi “Gənclik” jurnalının başında olsaydım, yəqin ki, dözüb durub sona qədər qala bilərdim.

Amma radio və televiziya elə yerdir ki, işləməsi üçün hər gün fərqli hadisələr işıqlandırılmalıdır, Heydər Əliyev isə təbiət etibarı ilə özünü təriflətməkdən zövq alırdı. Tarixi faktlar var, indi dünyasını dəyişmiş Sabir Azəri və hal-hazırda həyatda olan Cahangir Məmmədov Heydər Əliyevin yenicə seçilən vaxtı mənimlə telefondakı davalarına şahiddir. Söhbət belə idi, məsəlçün o, Ali Sovetin sədri seçilib və buna dünyanın fərqli yerlərindən təbriklər gəlirdi. Təbriklərin mətni beləydi: Hörmətli zati alələri filankəs, sizi Ali sovetin sədri seçilməyiniz münasibətilə təbrik edirəm. Təbriklər məsəlçün, Qambiyanın, Burkino Fasonun, Fransanın, nə bilim hansısa dövlətin rəhbərindən gəlib, biz də onlardan birini verməklə kifayətlənir, o birilərinin adını sadalayırdıq, o zaman dərhal Milli Məclisin mətbuat xidmətinin rəhbəri Aqşin Babayev zəng vururdu ki, kişi əsəbiləşib təbrikləri niyə vermirsiz?
Heydər Əliyev, 1993
Heydər Əliyev, 1993


Buna bənzər bir çox şey var idi ki, onları TV-də səsləndirmək istəmirdim. İstefa ərizəmi yazandan sonra Heydər Əliyevlə 45 dəqiqə görüşümüz oldu, o mənə dedi ki, hara gedirsən, niyə gedirsən, sən bizim beş-altı ziyalımızdan birisən. Mənsə cavab verdim ki, mən başqa komanda ilə gəlmişəm, onlarla bərabər də getməliyəm. Onda Heydər Əliyev dedi ki, çıxıb getsən, məndən başqa vəzifə istəmə. İşdən çıxandan sonra qaldım ortada, evimdə heç bir ay dolanacaq pulumuz yoxdu, başqa işdə işləməyimə də imkan vermirdilər. Məcbur olub Tovuza - kəndimə qayıdıb kartof, pomidor əkməyə başladım. Nazir səviyyəsində olan adamın işləməkdən əli qabar-qabar olmuşdu. Bu məni heç zərrəcə də incitmirdi, ən azından atamın-anamın yetim qalmış yurdunu şənlədirdim. Amma yuxarıda oturanlar və onların yerdəki təmsilçiləri məni qəsdən acından öldürmək, sındırmaq istəyirdilər ki, cəmiyyətə göstərsinlər baş qaldırmağın sonunun necə olmasını. Hətta canım qədər sevdiyim və müdafiəsinə “Oğuz” cəmiyyətinin sədri kimi yaxından qatqıda bulunduğumu bilə-bilə kənddə və rayonda haqqımda şayiə yayırdılar ki, “Məmməd İsmayıl rayonu ermənilərə satmaq üçün gəlib”. Amac nə yolla olursa-olsun məni yurdumdan-yuvamdan perik salıb çörəklə imtahana çəkmək idi.

İki il kənddə yaşadıqdan sonra, qızlarım ikisi birdən universitetin pullu fakültəsinə daxil oldular, onların təhsil haqlarını ödəmək üçün kimdən borc istədimsə, vermədi. Başqa neynəməliydim? O vaxt informasiya naziri Sabir Rüstəmxanlının yanına getdim, dedim ki, biz dostuq, pula ehtiyacım var, mənə bir iş ver ki, uşaqlarım ac qalmasın. Yaxud sonralar eyni vəzifədə çalışan Sirus Təbrizlinin yanına getdim, dedim ki, mənə lisenziya ver, qəzet açmaq istəyirəm, dedi ki, verə bilmərəm. Bir ölkədə ki, bütün qapılar üzümə bağlanılmışdı başqa nə edə bilərdim ki?

- “Gənclik” jurnalı milli mətbuatımızda bir hadisə idi, o öz dövründə müstəqil mövqeli, mütərəqqi bir jurnal olub və bu xeyli dərəcədə sizin və təşkil etdiyiniz komandanın hesabına baş tutub. Ancaq iki il fəaliyyətindən sonra jurnalın öz mövqeyini itirdiyini deyirlər. Bunun səbəbi nə idi?

- O sözü sənə deyənlər yüz faiz yalan deyiblər. Bu dəqiqə xeyli adam Azərbaycan demokratik mətbuatının gəlişməsini öz adı ilə bağlamağa çalışır. Amma gedib kitabxanalardan araşdıra bilərsən. 1988-ci ildən öncə Azərbaycanda çıxan jurnal və qəzetlərə bax və sonra 1988-ci ildə çıxmağa başlayan “Gənclik” jurnalının bir-iki sayına da bax. Sən orda tamam fərqli rubrikalar, dizayn, məzmun və tabu qoyulmuş mövzulara cəsarətli yanaşım görəcəksən. Bundan sonra mətbu orqanlar “Gəncliy”i yamsılamağa başladı. Mən o jurnalı şəxsi cəsarətim və özümə bənzəyən sahibsiz, işsiz gənclərin hesabına qurdum və o, Azərbaycan jurnalistikasında yeni bir hava yaratdı, ortaya cəsarətli jurnalistika nümunəsi qoyduq. Bu səbəbdən jurnal böyük bir məhşurluq qazanmışdı. Hər nömrəsi çıxandan sonra redaksiyaya zəng vurub soruşurdular ki, Məmməd İsmayılı KQB-yə aparıblar, ya yox.

Lakin sonradan mən dövlət televiziyasına keçməyimlə əlaqədar “Gənclik” jurnalından çıxmalı oldum. Mənim yerimə gözəl insan və jurnalist Hüseyn Əfəndi gəldi. Hüseyn Əfəndi çox yaxşı şair idi, yaxşı qələmi vardı, amma zaman pis zamandı, xaosdu, nə sovet rejimi qalmışdı, nə yeni rejim tam oturuşmuşdu, ara tarix idi. Jurnal təqribən 5-6 ay ayaqda qala bildi, sonra bağlandı, yazarlar ora-bura dağılışdılar.

- “Gənclik” jurnalında o dövrün istedadlı gənclərindən xeyli imzanı ilk dəfə siz gün işığına çıxardıbsınız. Sonradan o gənclər hərəsi öz yolunu tutub getdi. Çoxusu hökümət vəzifələrinə keçdilər əksəriyyəti isə tamam yoxa çıxdılar. Bu gün o gənclərin ədəbi mühitdə izi-tozu da qalmayıb. Sizcə o gənclərdən kimlər “Gənclik” jurnalının müstəqil ruhuna sadiq qaldı?

- “Gənclik” jurnalının nəzdində “Respublika ədəbi birliyi” vardı 1983-cü ildən 1993-cü ilə qədər o ədəbi birliyin rəhbəri mən olmuşam. Bu gün ədəbi mühitimizdə orta nəsildə kim varsa, hamısı o jurnaldan çıxıb. Onlardan bəzilərini saya bilərəm: Akif Səməd, Əjdər Ol, Paşa Qəlbinur, Məti Osmanoğlu, Səfər Alışarlı, Akif Əhmədgil, Sabir Sarvan, Ənvər Börüsoy və daha kimlər.

- Bizim gənc nəsil o yazarları tanımır. Adlarını sadaladığınız o yazarların çoxu indi çoxdandır heç nə yazmırlar, susublar.
Səfər Alışarlı
Səfər Alışarlı


- Sənin bu gün təmsil etdiyin gənclikdən on il sonra kimlərin ədəbiyyatda qalacağını deyə bilərsən? Əsas odur ədəbiyyatda mühit yaradasan. Mən ədəbi birliyin o zamankı üzvlərinə cəsarəti, doğruluğu, insanlığı öyrətdim. Elə bilirsən indiki ədəbi gənclik yerdən çıxıb. Birinci qar yağıb sonra tez də əriyir, ikinci qar daha çox qalır. Səfər Alışarlının dövlət idarəsində çalışdığına vurğu yapdın, amma onu bil ki, S.Alışarlının hekayələri olmasaydı, ondan sonra gələnlərin yazıları da olmazdı. Sənin fikrinlə yaradıcılıq baxımından şərikəm, amma Səfər Alışarlı neynəyəydi, on il işsiz qaldı, bundan sonra heç yerdə hətta ədəbi işçi kimi çalışmaq imkanı verilməyəndə, məcbur olub dövlət işində çalışır.

- Bu halda bizim ədəbiyyatın gələcəyinə ümidiniz varmı?


- Əlbəttə, ümid həmişə var. Amma Azərbaycan ədəbiyyatının tənqidi yoxdur. Misalçün Əsəd Cahangir var, mən onun istedadına, intellektinə şübhə etmərəm, amma bəzən belə deyir, bəzən elə deyir, dediklərini tez-tez inkar edir, yaxud Rüstəm Kamal, Cavanşir Yusiflidən çox şeylər gözləyirəm, amma nə yazıq ki, ailə qayğısı, problemlər, özlərinin də xəbəri olmadan düşdükləri mühit bəzən onaları da yolundan çaşdırır, bu adamlar bəzən elələri haqqında məqalə yazırlar ki, məəttəl qalırsan. Bu adamlar Belinski misalı qılınclarını çəkib mütləq sözün, tanrısal sözün keşiyində dursaydılar, dura bilsəydilər, ədəbiyyatımızı çox irəlilərə aparmış olardılar.

- Məmməd bəy, sizin şeirlərinizdə ata həsrəti, çarəsiz uşaqlıq, kasıb gənclik illəri daim duyulur. Demək olar ki, sahib olduğunuz hər şeyi özünüz əldə edibsiniz, bütün çətinliklərdən təkbaşına çıxıbsınız. Bəs şeirdə insan neçə yaşına qədər yetim qala bilər.
Məmməd İsmayıl uşaqlıda
Məmməd İsmayıl uşaqlıda

- Böyük anlamda biz hamımız yetimik. Bu dünya sürgün yeridir, sürgünə gələnlər də atalı-analı olmurlar ki?! Əslində atalı-analı olanlar da yetimdi, hamımız Allahın oğlanları, qızlarıyıq. Əslində dünyanın özü yetimdir. Bu dünya hardan qopub gəlib, dünya bir yerlərin parçasıdır. Mən sənin dediyin kimi uşaqlığımın yetimi deyiləm. Mən Allahın böyüklüyü ilə dünyada arzuladığımın yüzdə doxsan doqquzuna sahib olmuşam. Bir yetim dünyada, hər insanın çəkdiyi təkliyi nədirsə, mənim yetimliyim o yetimlikdir. Mənim kimi adam özünə yetim deyirsə, bu zatən mənəvi cəhətdən kamilləşmiş adamın yetimliyidir, fiziki yetimlik deyil. Mənim bir şeirim var “Atamın şəkli” adında:

O qatar gedirdi dərd çəkə-çəkə,
Yatan körpənin də yuxusu qardı.
Açsaydı kor olmuş gözünü bəlkə,
İçində bir ata şəkli qalardı...


Mənim atamın heç şəkli də qalmayıb, nə edə bilərəm ki, bəlkə müharibə vaxtı gözümü açsaydım, atamın şəklini çəkib yaddaşımda saxlayardım. Bu çiləli həyatda mən özümü torpağa düşmüş bir toxumun qaranlıqdan yenidən işığa çıxması nədirsə, o sayıram. Dünyaya gəlişin əsas amacı da bu, özünü sona qədər izhar etmək deyilmi?

Söhbətləşdi: Namiq Hüseynli

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG