Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:57

İsa peyğəmbərin arvadı olub? - Qədim əlyazma


ABŞ - İsa Məsihin "mənim arvadım" ifadəsini işlətdiyi papirus parçası
ABŞ - İsa Məsihin "mənim arvadım" ifadəsini işlətdiyi papirus parçası
-

CNN xəbər verir ki, İsa Məsihin "mənim arvadım" ifadəsini işlətdiyi papirus parçasının kimyəvi analizi başa çatıb.

Məlum olub ki, yazı heç də müasir dövrdə edilmiş saxtakarlıq nümunəsi deyil. 6-9-cu əsrlər arası dövrə aid əlyazmadır.

Kimyəvi və linqvistik analiz Harvard və Massachusetts Texnoloji İnstitutlarındə aparılıb.

Vizit kartından böyük olmayan həmin papirus parçasını 2012-ci ildə Harvard Divinity School-un alimi Karen King aşkar etmişdi (bunu ona adının açıqlanmasını istəməyən bir şəxs vermişdi).

O zaman bu, böyük mübahisə doğurmuş və Vatikan papirus parçasını "saxta" adlandırmışdı.

Papirus parçasındakı 33 sözlük mətndə belə cümlələr var:

"İsa Məsih onlara dedi: "Mənim arvadım...""

"o (yəni Məsihin arvadı-red) mənim həvarim ola biləcək".

Bu sözlər xristianlığın tarixi ilə bağlı, eləcə də arxeoloji dəqiqlik və qadının xristianlıqda yeri barədə debatlar doğurub.

Doğrudanmı İsa peyğəmbərin bu günkü obrazı onun barəsində ilk dövrlərdə yazılanlardan çox fərqlənir? Həqiqətənmi İsa Məsih ailəli olub? Onunla bağlı bir çox məlumatlar bioqrafiyasına sonradan əlavə edilib? Doğrudanmı ərli qadın peyğəmbərin həvarisi (şagirdi, ardıcılı) ola bilərmiş?

Amma papirus parçasına mötəbər mənbə kimi yanaşılmasının əleyhinə çıxan alimlər də var.
/
/

Brown Universitetindən misirşünas Leo Depuydt deyir ki, papirus mətnində bir qrammatik səhv var (kopt dilində).

Bu həmin qrammatik səhvdir ki, "Tomasın nəql etdiyi Müjdə"də də var. (Müjdə - İsa Məsihin doğulmasından, həyatından, möcüzələrindən, ölümündən, dirilməsindən və göylərə qalxmasından bəhs edir).

"Tomasın nəql etdiyi Müjdə" heç bir xristian məzhəbi tərəfindən rəsmən tanınmır.

Leo Depuydt deyir ki, sadəcə, hansısa bisavad şəyird həmin mətnin üzünü köçürərkən kobud səhvə yol verə bilərdi.

Qeyd edək ki, "Tomasın nəql etdiyi Müjdə" kilsənin tanıdığı Mark, Luka və başqalarının müjdələrindən fərqlənir.

Orada İsa peyğəmbərə nə "Allahın oğlu" deyilir, nə də onun çarmıxa çəkilməsindən söhbət gedir.

Bəzi alimlər onu kilsənin nəzarəti olmadan. müstəqil şəkildə yazılmış bir mətn kimi qəbul edir və xristianlığın tarixini öyrənmək üçün mötəbər mənbə sayırlar.

Papirus parçasını üzə çıxaran Karen King etiraf edir ki, əldə olan mətnin konteksti bilinmir, amma deyir ki, mətn İsa peyğəmbərin ailəli olduğunu söyləmək üçün sübut olmadığı kimi onun nikaha girmədiyini də iddia etməyə əsas vermir.

CNN-ə istinadla "Oxu zalı"
XS
SM
MD
LG