Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:14
-
Ukraynada baş verən son hadisələr, Rusiyanın Ukraynaya xəbərdarlığı yerli politoloqların da müzakirəsinə səbəb olub. Politoloq Fikrət Sadıqov AzadlıqRadiosunun suallarını cavablandırıb.
- Rusiya Kiyevə xəbərdarlıq edib. Rusiya Xarici İşlər Nazirliyinin bu günkü (aprelin 8-də) bəyanatında bildirilir ki, Ukraynanın şərqində gücdən hər hansı istifadə ölkəni vətəndaş müharibəsinə sürükləyə bilər. Bu bəyanatın arxasında nə dayanır?
Luqanskda Rusiya yönlülərin etirazı, 8 aprel

Luqanskda Rusiya yönlülərin etirazı, 8 aprel

- Bu bəyanatın arxasında Rusiya siyasətinin əsas addımları dayanır. Sadəcə olaraq birinci mərhələsində Krım yarımadasının işğalı, Rusiyaya birləşməsi idi. İkinci mərhələsində də Şərqi Ukraynanı öz təsiri altına almaq Rusiyanın hal-hazırda əsas məqsədidir. Digər fəallıq da ondan ibarətdir ki, Ukraynada baş verən bütün bu hadisələr Qərblə-Rusiya arasındakı qarşıdurmanın nəticəsidir. Aydın məsələdir ki, Rusiya üçün indi sadəcə olaraq bir bəhanə lazım idi. Təbii ki, ruslar çox məharətlə rusdilli əhali və Ukraynada rus amilini istifadə edir. Amma mənə elə gəlir ki, Avropa da vaxtilə Yanukoviсh-lə, digər qüvvələrin nümayəndələri ilə Kiyevdə bu danışıqları aparanda, hansısa bir razılıq əldə edəndə və nəyəsə imza atanda bunları proqnozlaşdırmalıydılar ki, bu ölkədən müəyyən təhlükələr, risklər var. Bunu nəzərə almaq lazım idi. Çünki Rusiyaya bəhanə vermək olmazdı. Hal-hazırda demək olar ki, Ukrayna parçalanma ərəfəsindədir. Rusiyanın əsas məqsədi də odur. Çünki bütün o federallaşma bəyanatlarının arxasında sadəcə olaraq Ukraynanın parçalanması məqsədləri dayanır.
- Bir neçə gün əvvəl rusiyayönlü etirazçılar Şərqi Ukraynadakı rəsmi binaları tutub Rusiyaya birləşməyə dair referendum tələb ediblər. Bundan sonra Ukrayna Xarkovda antiterror əməliyyatlarının getdiyini bildirmişdi. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı Ukraynaya cavabdırmı?

- Bu, cavab deyil. Bu, sadəcə olaraq xəbərdarlıqdır. Mənə elə gəlir ki, Moskva Kiyevə bu formatda sadəcə xəbərdarlıq edir ki, siz əgər orda anti-terror əməliyyatı keçirmək fikrinə düşmüsünüzsə, yaddan çıxarmayın ki, biz buna qarşı hansısa tədbirlər görülməsini həyata keçirməyə həmişə hazırıq. Rəsmi Kiyevə xəbərdarlıq şəklində çatdırır ki, bunlar Ukrayna Konstitusiyası çərçivəsində hansısa bir addım atsalar, Rusiya bunun qarşılığında əks addım atacaq və Ukraynanın vəziyyəti daha da mürəkkəbləşəcək.
- Rusiya-Ukrayna arasındakı bu gərginlik gələcəyə nə vəd edir?
Donetskdə Təhlükəsizlik Xidməti binasının qarşısındakı barrikadada Rusiya yönlü fəallar

Donetskdə Təhlükəsizlik Xidməti binasının qarşısındakı barrikadada Rusiya yönlü fəallar

- İndi uzunmüddətli proqnoz vermək kifayət qədər çətindir. Reallıq ondan ibarətdir ki, görünən mənzərə Ukrayna üçün o qədər də ürəkaçan deyil. Çünki qarşıdurma davam edəcək. Rusiya əlindən gələni edəcək ki, Şərqi Ukrayna rusdilli amili pərdəsi altında Rusiyanın nəzarəti altına keçsin. Eyni zamanda, məncə, Avropa, Qərb çalışacaq rəsmi Kiyevi vadar etsin ki, Ukraynanın mərkəzi hissəsi və onun qərb vilayətləri Avropa Birliyinə daxil olsunlar. Düşünürəm ki, Ukraynanın Avropa meylli hissəsinin müəyyən mənada taleyi həll olunur. Onlar Avropa Birliyinə daxil olacaq. Bu artıq federallaşmaya yox, sadəcə olaraq Ukraynanın parçalanmasına gətirib çıxaracaq. Bu bizim üçün o qədər də ürəkaçan deyil. Çünki Ukrayna ilə Azərbaycan arasında münasibətlər çox yaxşıdır. Təəssüflər olsun ki, bu ölkə parçalana bilər.
- Rusiyanın Ukrayna ilə bu cür münasibətləri digər MDB ölkələrinə necə təsir göstərə bilər?

- Artıq göstərdi. Artıq müəyyən ziddiyyətlər var. Misal üçün, BMT-nin Baş Assambleyasında Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıdısa, onun lehinə səs verdi. Digər MDB ölkələri müxtəlif mövqedən çıxış elədi. Ermənistanı demirəm, Ermənistan birmənalı Rusiyanın davamıdır. Belarus Rusiyanı dəstəklədi, Qazaxıstan bitərəf qaldı, Qırğızıstan Ukraynanı dəstəkləmədi. Təbii ki, bu MDB məkanında olan ölkələr arasında olan münasibətlərə müəyyən təsirini göstərəcək. Hər halda düşünmürəm ki, bundan sonra MDB-nin gələcəyi parlaq olsun. Sadəcə olaraq ikitərəfli formatda münasibətlər davam edəcək.

Şərhləri göstər

XS
SM
MD
LG