Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:46
-
Bu ilin yanvarından 2024-cü ilin yanvarına kimi uşaq bağçaları sadələşdirilmiş və mənfəət vergilərindən azad edilirlər. Prezident İlham Əliyev fevralın 4-də parlamentin ötən il qəbul etdiyi qanun layihəsini təsdiqləyib. Məktəbəqədər təhsil müəssisələrinin vergidən azad edilməsi məsələsi parlamentdə müzakirə olunarkən özəl uşaq bağçalarının qiymətlərinin yüksək olması vurğulanmışdı.

Bakının 8-ci mikrorayonunda yaşayan Əhmədovlar ailəsi bu xəbərdən sevinib. Ailə başçısı Rəsul Əhmədov deyir ki, yaşadıqları ərazidə bəzi dövlət bağçalarının şəraiti ürəklərincə olmayıb, bəzilərində yer tapılmayıb:

«Bizim ərazidə özəl uşaq bağçaları var, amma qiymətləri çox bahadır, imkanımız çatmır. Aylıq gəlirim 700-800 manatdır. Əslində, uşaqlara bağça tapa bilsəydik, xanımım da işləyərdi, amma məcburdur oturub uşağa baxsın».

Əhmədovlar ailəsində 3 və 5 yaşlarında iki uşaq böyüyür. Rəsul Əhmədov düşünür ki, prezident sərəncamından sonra vergilərin bir müddət dayandırılması uşaq bağçasının qiymətlərinə əməlli-başlı təsir edəcək. Belə düşünür və buna görə çox sevinir. Amma...

CƏMİ 2 FAİZ ÖZƏL UŞAQ BAĞÇASINA GEDİR

1991-ci ildə Azərbaycanda 2 min 200-dək məktəbəqədər təhsil müəssisəsi vardı. Ötən il onların sayı 1600-dən bir az çox olub. Rəsmi statistikaya görə, 1-5 yaş arasında olan uşaqların cəmi 14.8 faizi məktəbəqədər təhsillə əhatə olunub. Həmin rəqəmin 2 faizi özəl bağçaların payına düşür.

Ölkədə cəmi 40 özəl uşaq bağçası var. Rəsmi statistika özəl bağça sayının ilbəil artdığını göstərir. Ən yüksək artım 2011-12-ci illərdə qeydə alınıb – 22 özəl bağça. Ötən il cəmi 3 özəl bağça açılıb.

Foto: Arxiv

Foto: Arxiv

Bəs vergi güzəştləri ölkədə uşaq bağçalarının sayına və özəl bağçaların qiymətinə təsir göstərəcəkmi? Əsasən özəl uşaq bağçalarına hesablanmış bu sərəncamdan sonra da bağça çatışmazlığından gileylər eşidiləcəkmi?

«QİYMƏTLƏR UCUZLAŞMAYACAQ»

Adının çəkilməsini istəməyən, Bakı mikrorayonlarından birində fəaliyyət göstərən özəl uşaq bağçasının sahibi deyir ki, sadələşdirilmiş verginin dayandırılması onların xərclərində önəmli yer tutmayacaq:

«Yanvar ayında vergi bizdən 500 manat mənfəət vergisi aldı. Bu, az pul deyil. Əgər mənfəət vergisi ləğv olunarsa, bunun təsiri olar. Bizim qiymətlər razılaşma yoluyladır və baxır valideyn uşağını neçə saat, neçə gün bağçaya verir».

Mənfəət vergisinin müddətli dayandırılmasından sevinən sahibkar deyir ki, onlara qalan bu qazancla yalnız maddi-texniki bazanı yaxşılaşdıra bilərlər. Amma o, bir uşaq üçün ödənişin kəskin ucuzlaşa biləcəyini istisna edir:

«Sahibi olduğum bağça 50 nəfərlik olsa da, burda 30 uşaq var. Tələbat olsa da, valideynlərin imkanlar aşağıdır və uşaqlarını bağçaya gətirə bilmirlər».

Yusif Bəkirov

Yusif Bəkirov

«SOSİALYÖNÜMLÜ PROQRAMLARA EHTİYAC VAR»

Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov vergi güzəştlərinin özəl uşaq bağçalarının inkişafında ciddi stimul oynayacağına inanmır. Onun fikrincə, hökumət uşaqların məktəbəqədər təhsil müəssisəsinə getməsini istəyirsə, bunun üçün sosialyönümlü proqramlar hazırlamalıdır:

«Məsələn, Almaniyada hökumət özü yetərincə bağça tikə bilmirsə, evlərdə yaradılan bağçalara dəstək verir. Bağça pulunun bir qismini hökumət ödəyir, bir qismini də valideyn. Yəni, hökumət 1-5 yaşlı uşaqların məktəbəqədər təhsil müəssisinə getməsini vacib sayırsa, bunun üçün başqa tədbirlər fikirləşməlidir».

VERGİ GÜZƏŞTLƏRİNDƏN KİM QAZANACAQ?

«Əgər bu vergi güzəştləri rəqabətli iqtisadi modeli olan ölkədə olsaydı, əlbəttə ki, ciddi dəyişikliklər gözləmək olardı» – iqtisadçı Natiq Cəfərli belə deyir. O iddia edir ki, Azərbaycanda özəl uşaq bağçaları ayrı-ayrı yüksəkvəzifəli məmurlarla bağlı olduğundan vergi güzəştləri də onların xeyirinədir:

«Amma əgər bu sahəyə arzu edən iş adamlarını buraxacaqlarsa, məmurlar azad rəqabət mühiti üçün geri çəkiləcəklərsə, onda bağçanın qiymətində ucuzlaşma görərik».

Natiq Cəfərli onu da əlavə edir ki, mənfəət və sadələşdirilmiş vergi iritutumlu vergi sahəsi deyil. Onun fikrincə, əgər sərəncam özəl bağçaların qiymətinin aşağı salınmasına hesablanıbsa, onda prezidentin məmurlara qeyri-rəsmi göstərişi daha effektiv olar, nəinki vergi güzəştləri.

Şərhləri göstər

XS
SM
MD
LG